"Sülh sazişinə qədər hazırlıq mərhələsi olmalıdır"

Asif Nərimanlı: "Soçi görüşündən sonra Putin-Paşinyan təması da ümumi prosesin tərkib hissəsi idi"

Son zamanlar Ermənistanın siyasi rəhbərliyi tərəfindən pozitiv mesajlar verilsə də, əməli addımları görə bilmirik. Bu barədə Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramov Qətərin baş nazirinin müavini və xarici işlər naziri şeyx Məhəmməd bin Əbdülrəhman Al-Tani ilə keçirdiyi mətbuat konfransında deyib. XİN rəhbəri Ermənistanla sərhədlərin delimitasiya və demarkasiyanın başlanmasının və  həllinin vacibliyini vurğulayıb. Ceyhun Bayramov atılan müsbət addımlara müsbət cavab veriləcəyini söyləyib: “Revanşist çağırışlar edən, bu istiqamətdə fikirlər söyləyən qüvvələrə tövsiyəmiz odur ki, yanlış istiqamətdə getməsinlər, çünki bu çıxışlar yaxşı nəticə vəd etmir”. 

C.Bayramov üçtərəfli bəyanatların icrasının zəruriliyini də qeyd edib. Bildirib ki, Azərbaycan-Ermənistan münasibətlərində konkret nəticələrin əldə olunmaması təəssüf doğurur. Məlumat üçün bəyan edək ki, son günlərdə Azərbaycan-Ermənistan arasında müxtəlif səviyyələrdə bir neçə görüş baş tutmuş, müzakirələr aparılmışdı. Hətta yaxın günlərdə liderlərin görüşəcəyi xəbəri də yayılmış, tərəflərin buna hazırlıq gördüyü qeyd olunmuşdu. Lakin Qarabağda ard-arda baş verən təxribatlar, Azərbaycan əsgərinin şəhid edilməsi danışıqlar prosesini yenidən dalana dirədi. Ekspertlərin fikrincə, bəlli dairələr bölgədə sülhün bərqərar olmasına əngəl törətmək üçün təmasların intensiv hal almasına imkan vermir. Məqsəd isə ardıcıl görüşlərin müsbət nəticə verməsinə mane olmaqdır. 

Prosesləri “Şərq”ə şərh edən siyasi şərhçi Asif Nərimanlı deyib ki, Ermənistan-Azərbaycan arasındakı təmasların ilkin nəticəsi Soçi görüşü oldu. Analitik vurğulayıb ki, əvvəlki təmas Nyu-Yorkda BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində baş tutmuşdu:

 “Azərbaycan və Ermənistan xarici işlər nazirləri Amerikada görüşmüşdü. Bu, müharibədən sonra baş diplomatlar arasındakı ilk görüş idi. Verilən açıqlamalardan və Rusiya tərəfindən səslənən bəyanatlardan görünürdü ki, artıq postmünaqişə dövründən bəhs edilir. Proseslərin ardınca Soçidə Rusiya prezidenti ilə Türkiyə lideri arasında görüş baş tutdu. Liderlərin Soçi görüşü və müəyyən razılaşmaların olması Cənubi Qafqazdakı məsələlərin də həllinə ciddi təkan verdi. Görüşdə “altılıq platforması”nın reallaşması və kommunikasiyaların bərpası müzakirə edildi. İran XİN rəhbərinin Moskva səfərində həmkarı Sergey Lavrovun “3+3” formatının yeganə çıxış yolu olduğuna işarə etməsi də Soçi görüşündəki razılaşmanı təsdiqləyən əsas faktor idi. Əgər münaqişənin həllində iştirak edən iki ölkə - Rusiya və Türkiyə müəyyən razılığa gəlibsə, Ermənistanın da çıxış yolu Kremlin işarə etdiyi tərəfə baxmaqdır. “Altılıq platforması” İran və Gürcüstanın qoşulmaması şəraitində “dördlük” formatında da reallaşa bilər. Ancaq regional kommunikasiyaların bərpası, hansısa platformaların həyata keçməsi üçün ilk növbədə Azərbaycan-Ermənistan arasında sərhəd məsələsi tamamilə həllini tapmalı, yekun sülh sazişi imzalanmalıdır. Hətta sülh sazişinə qədər mütləq şəkildə bir hazırlıq mərhələsi olmalıdır. Öncə 10 noyabr üçtərəfli sazişin bütün müddəaları icra olunmalıdır. Kommunikasiyaların bərpası ilə yanaşı, Qarabağdakı qanunsuz erməni silahlıları da bölgəni tərk etməlidir. Ardınca sərhədlərin delimitasiyası başlamalıdır. Ondan sonra tərəflər sülh sazişi ilə bağlı müzakirələrə başlamalıdır. İzlənilən gedişat belə bir prosesin başladığını göstərir. Soçi görüşündən sonra Putin-Paşinyan təması da ümumi prosesin tərkib hissəsi idi. Moskva Ankara-İrəvan münasibətlərində vasitəçilik etməkdə də maraqlı görünür. İranın bütün aqressiyasına rəğmən, Rusiyanın Tehranı razı salmayacaq mövqe sərgiləməsi, mövcud reallığın dəyişməyəcəyini bəyan etməsi bölgə ilə bağlı qərar verildiyinə işarə edir”. 

A.Nərimanlıya görə, Qarabağda erməni separatçıları tərəfindən ard-arda törədilən 3 təxribat ondan xəbər verir ki, Rusiya-Türkiyə və Azərbaycan təmaslarının nəticəsi kimi bölgənin terrorçulardan təmizlənməsinə qərar verilib: 

“Separatçılar buna etiraz olaraq təxribatlara baş vurdu və Azərbaycanla yanaşı, Rusiyaya da problem yaratmaq istədilər. Qarabağdakı təxribatların arxasında Paşinyan hökumətindən daha çox hələ də ordu sıralarında mövqelərini qoruyub saxlayan revanşistlərin rolu var. Sirr deyil ki, Ermənistan və Qarabağdakı revanşistlər Moskvada müəyyən dairələrlə sıx əlaqədədir. Separatçılar İrəvandan yox, Kremldən asılıdır. Lakin Qarabağda baş verən hadisələr Rusiyanın da maraqlarına ziddirsə, o zaman bəlli olur ki, erməni terrorçuların arxasında duran Moskvadakı müəyyən qüvvələrdir. Məqsəd gedişata mümkün qədər mane olmaq, prosesi yubatmaqdadır. Çünki həmin dairələr də yaxşı bilirlər ki, yekun sülhə gedən yol üçtərəfli sazişin bütün müddəalarının, xüsusən 4-cü bəndin icrasından keçir. Lakin hesab etmirəm ki, separatçıların meydana atılması ümumi prosesi dayandıracaq. Ona görə ki, regional kommunikasiyaların açılması və bölgəyə kənar güclərin, ələlxüsus Qərb ölkələrinin daxil olmaması Moskva üçün daha əhəmiyyətlidir. Təbii ki, təxribatlar bundan sonra da ola bilər. Paşinyan hökuməti də zaman-zaman neqativ çağırışlar edir, absurd açıqlamalar verir. İrəvan hökumətinin də məqsədi proseslərdən mümkün qədər qazanclı çıxmaqdır. 

Hər halda Paşinyan hökuməti daxili auditoriyada mövqeyini kifayət qədər gücləndirə bilib. Baş nazir digərlərindən fərqli olaraq dərk edir ki, gec-tez anlaşma masasına əyləşməlidir”.