Azərbaycan və Türkiyə prezidentləri Zəngəzur dəhlizinin açılışını etdilər
"Mümkün sülh sazişi masasının qurulmasından öncə bu addım Bakının əlini gücləndirəcək məqamdır"
Dünən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edib. Türkiyə lideri Azərbaycan dövlət başçısı İlham Əliyevlə birlikdə Vətən müharibəsi zamanı işğaldan azad edilmiş Füzulidə Beynəlxalq Hava Limanının açılış mərasimində iştirak ediblər. Hava limanının rəmzi açarları prezidentlərə təqdim edilib. Dövlət başçıları hava limanında yaradılan şəraitlə tanış olublar. Daha sonra iki lider bölgədə çəkilən Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur Dəhlizi) təməlini qoyublar. Prezidentlər Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda tikinti işlərinin gedişi ilə tanış olublar.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədri Saleh Məmmədov görülən işlər barədə dövlət başçılarına məlumat verib. Beləliklə türk dünyasının iki lideri dünyanın yeni yol və ticarət qovşağının, Asiyanı Avropa ilə bağlayan Zəngəzur dəhlizinin açılışını etdilər. Ekspertlərə görə, Rusiyanın da iqtisadi və siyasi maraqlarına töhfə verən Zəngəzur dəhlizi Avrasiya məkanına yeni dividendlər gətirəcək. Regionun nəqliyyat dəyəri öz tarixi yükünə qovuşacaq. Göründüyü kimi coğrafiyamız dünya xəritəsində önəmli kommunikasiya istinadgahlarından birinə çevrilməkdədir. Azərbaycan və Türkiyə regionda yeni geosiyasi nizam formalaşdırır və bu amil xalqımızın təhlükəsizliyinin təmin olunmasında mühüm əhəmiyyət kəsb edir. Azərbaycan, Türkiyə, Rusiya, Çin və İngiltərənin dəstəklədiyi Zəngəzur dəhlizinin Mərkəzi və Orta Asiyadan Qərbə aparan əsas tranzit xətti olması planlaşdırılır. Bu cox ciddi iqtisadi və siyasi bir yoldur. Belə bir strateji xəttin üzərində hava limanlarının olması təbii və zəruridir.
Türkiyə liderinin Azərbaycana, Füzuliyə səfərini və dövlət başçısı İlham Əliyevlə birgə açılışları “Şərq”ə dəyərləndirən siyasi şərhçi Asif Nərimanlı deyib ki, Ərdoğanın ikinci Qarabağ səfərinin iki ana hədəfi var. Analitikə görə, birinci hədəf odur ki, Türkiyə Şuşa Bəyannaməsi çərçivəsində Qarabağda ilk praktiki mesajı verir:
“Ərdoğanın Qarabağa ilk səfərində müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi imzalandı. Bəyannamə Türkiyənin Naxçıvanın qarantı olduğu kimi, Qarabağın da qarantı - bölgədə Azərbaycanın təhlükəsizliyinin zamini olması idi. Şuşa Bəyannaməsinin regionda güc balansını dəyişməsinin ardınca ölkə rəhbəri İlham Əliyev 7 iyul Fərmanı ilə Qarabağ iqtisadi rayonunu yaratdı. Bu, ermənilərin yaşadığı ərazilərin Azərbaycan suverenliyi tərkibində gələcəyini müəyyənləşdirən qərardır. Türkiyə lideri Xankəndinin də daxil olduğu Qarabağ iqtisadi rayonuna ilk səfəri ilə bu ərazilərdə Azərbaycan idarəçiliyinin bərpa edilməsinin alternativi olmadığını və bu prosesdə Ankaranın Bakının yanında olduğunu nümayiş etdirir. Mümkün sülh sazişi masasının qurulmasından öncə bu addım Bakının əlini gücləndirəcək məqamdır. Eyni zamanda, təkcə bölgədə sülhməramlı kontingentə sahib olan Rusiya üçün yox, həm də “status” məsələsini diriltmək istəyən bütün tərəflərə mesajdır”.
A.Nərimanlı vurğulayıb ki, ikinci hədəf - nəqliyyat dəhlizləri uğrunda mübarizədir: “Füzuli Beynəlxalq Hava Limanının inşası Zəngəzur dəhlizinin əhəmiyyətini artıran əsas addımlardan biridir. Zəngəzur dəhlizi açıldıqdan sonra yüklər hava limanına daha rahat şəkildə gətirilə və dəhliz vasitəsilə Türkiyəyə, o cümlədən, əks-marşrut üzrə daşına biləcək. Zəngəzur dəhlizi Avropa və Asiyanı əhatə edən “Bir kəmər, bir yol” layihəsinin Orta Dəhlizi üzrə əhəmiyyətli marşrutdur. Dəhlizin açılması Ankara və Bakının təkcə regionda yox, Avrasiyadakı geosiyasi dəyişiklikdə əlini gücləndirəcək. Füzuli hava limanının istifadəyə verilməsi Orta Dəhlizdə Bakı və Ankaranın həyata keçirdiyi vacib “ev tapşırığı” hesab oluna bilər. Ərdoğanın birbaşa təyyarə ilə hava limanına enişi bunun praktiki nümayişidir. Prezidentlər Orta Dəhliz üzərində vacib “ev tapşırığı”nın icrası ilə Zəngəzur dəhlizinin reallaşmasında beynəlxalq mövqelərini də gücləndirir. Səfərin Soçidə Ərdoğan-Putin görüşündən sonra olması da təsadüfi deyil”.
Siyasi icmalçıya görə, Türkiyə liderinin birbaşa Füzuliyə - hava limanına gəlişi İrana sərhəddən verilən açıq mesaj xarakteri daşıyır:
“Tehranın Zəngəzur dəhlizinin qarşısını almaq istəyinə və alternativ layihələrinə imkan verilməyəcək. Azərbaycana qarşı təhdid Türkiyəyə qarşı təhdiddir. Türkiyə liderinin təyyarə ilə Füzuliyə gəlişi dünyaya müharibənin başa çatdığı reallığının göstərilməsi və təhlükəsizlik faktoruna önəm verən xarici sərmayələrin bölgəyə cəlb edilməsi baxımından da əhəmiyyətlidir”.