“Yəni "Dəmir yumruğumuz, hər bir təxribatın qarşını almağa hazır və qadirdir"
Azərbaycan dövlətinin işğaldan azad edilmiş ərazilərdə yeni hərbi hissələr yaratması ölkənin müdafiə potensialının gücləndirilməsi və təhdidlərə qarşı operativ, çevik cavab verməsi baxımından önəmlidir. Müdafiə Nazirliyinə məxsus hərbi hissələrlə yanaşı Dövlət Sərhəd Xidmətinin (DSX) də hərbi hissələrinin yaradılması Silahlı Qüvvələrdə koordinasiyanı təkmilləşdirir.
Bu, postmüharibə üçün zəruri addımlardır, çünki postmünaqişə periodunun özü də bir sıra risklər doğurur, yeni hərbi hissələr isə həmin risklərə qarşı preventiv tədbirlər kompleksinin tərkibinə daxildir. Prezident İlham Əliyev oktyabrın 25-də DSX-nin Qubadlıda yeni istifadəyə verilən hərbi hissə kompleksinin açılışında iştirak edib. Ermənistanla sərhəd zolağında DSX-nin bir neçə hərbi hissəsi fəaliyyət göstərir. Ermənistanla sərhədlərin delimitasiya və demarkasiya prosesinin getməsi ərəfəsində DSX-nin Ermənistanla sərhəddəki hərbi hissələri sərhəd qoşunlarının mövqelərini gücləndirir.
DSX-nin yeni hərbi hissələri həm də dövlət sərhəd rejiminin müəyyən edilməsini asanlaşdırır.
Ölkə başçısının qələbə çaldıqdan sonra da ordumuzun müasir silahlarla təmin olunması barədə fikirlər səsləndirdiyini söyləyən ehtiyatda olan polkovnik Şair Ramaldanov “Sherg.az”a söyləyib ki, Qubadlıdakı yeni hərbi hissənin açlışında Prezident və Birinci vitse-prezidentin iştirak etməsi o deməkdir ki, Ali Baş Komandan dediyi sözlərin hər birini yerinə yetirir:
“Qubadlıda açılan yeni hərbi hissə onu deməyə əsas verir ki, erməni kimi qonşu ilə həmsərhəd olduğumuza görə, "Dəmir yumruğumuz" daim hazır vəziyyətdədir.
Vətən müharibəsi göstərdi ki, Azərbaycan Silahlı Qüvvələri hər bir tapşırığı yerinə yetirə biləcək şəkildə təmin olunub. Müharibədə DSX-nın bölmələri də qəhrəmanlıqla döyüşərək Prezident tərəfindən yüksək orden və medallarla təltif olundular.
Nə qədər ki, DSX-nın silah təminatı və döyüş avadanlığı yüksək olacaq, onlar öz xidmətlərini yüksək səviyyədə həyata keçirəcəklər.
Qubadlı Ermənistanla sərhəddə yerləşən bir rayondur. Rəsmi İrəvanda gedən proseslər və revanşist qüvvələrin ara-sıra təxribatlar törətmək üçün addımlar atdığını nəzərə alsaq, Ermənistanla sərhəddimiz yüksək səviyyədə təmin olunmalıdır. Bu baxımdan Qubadlıdakı yeni hərbi hissənin xüsusi əhəmiyyəti böyükdür.
Fikrimcə, Qubadlıda nümayiş olunan hərbi texnika mətbuatda geniş şəkildə yayıldı. Bu açılış Azərbaycana düşmən gözü ilə baxanlar üçün bir mesajdır. Yəni "Dəmir yumruğumuz, hər bir təxribatın qarşını almağa hazır və qadirdir!".