Bu hadisə regionda uzunmüddətli sülhün və əmin-amanlığın qarantı olacaq
"Söhbət 1.1 trilyon dollardan çox nominal ümumi daxili məhsulu olan türkdilli ölkələri strateji və iqtisadi baxımdan birləşdirəcək dəhlizdən gedir"
Oktyabrın 26-da dünyanın diqqəti yenidən Azərbaycana yönəldi. Beynəlxalq ictimaiyyət növbəti tarixi hadisələrə şahidlik etdi. Həmin gün Azərbaycanda səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dövlət başçısı İlham Əliyevlə birgə tarixi əhəmiyyət kəsb edən Zəngəzur dəhlizinin - Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməli qoyuldu.
Bu əlamətdar hadisə günün önəmini və tarixi əhəmiyyətini daha da artırdı. Şübhə yox ki, Zəngəzur dəhlizi ilk növbədə regionun inkişafında xüsusi əhəmiyyət kəsb edəcək, bölgədə yeni əməkdaşlıq formatının formalaşmasına, sülhün və tərəqqinin təmin olunmasına xidmət göstərəcək. İki ölkə liderinin Zəngəzur dəhlizinin təməlqoyma mərasimində birgə iştirakı region və dünya dövlətlərinə verilmiş önəmli mesajlardan biri hesab edilə bilər. Təməlqoyma mərasimi ilə bütün dünyaya mesaj verildi ki, bəzi ölkələrin qarşı çıxmasından asılı olmayaraq, Zəngəzur dəhliz mütləq açılacaq. Ekspertlərin fikrincə, məhz bu iki liderin birgə səyləri nəticəsində türk xalqlarının ortaq milli iradəsinin həyata keçirilməsi üçün tarixi bir şans yaranıb. Hesab edilir ki, Azərbaycan və Türkiyənin həyata keçirdiyi birgə layihələr türk dövlətləri arasındakı mənəvi və coğrafi bağların möhkəmləndirilməsinə mühüm töhfə verəcək. Azərbaycan Prezidenti İlham Əliyevin bildirdiyi kimi Zəngəzur dəhlizi bütün türk dünyasını birləşdirəcək: “Həm Azərbaycan, həm Türkiyə Zəngəzur dəhlizinin reallaşması üçün əməli-praktiki addımlar atır. Əminəm ki, bu addımlar yaxın gələcəkdə öz bəhrəsini verəcək. Bu gün əziz qardaşımla və qonaqlarla birlikdə böyük avtomobil yolunun təməlini qoyduq. Bu avtomobil yolu da Zəngəzur dəhlizinin bir parçasıdır. Bu avtomobil yolunun və dəmiryolunun çəkilişi nəticəsində biz istəyimizə nail olacağıq”. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da qeyd edib ki, bu coğrafiyadan keçəcək avtomobil və dəmiryolları təkcə Azərbaycan və Türkiyə deyil, bütün bölgə ölkələri üçün iqtisadi və ticari fürsətlər yaradacaq: “Gün gələcək, Zəngəzurdan çıxıb, İstanbula qədər gedə biləcəyik. İğdıra, Qarsa gedə biləcəyik və bölgənin tranzit, logistika mərkəzi olma mövqeyi möhkəmlənəcək. Bu prosesdən İran, Gürcüstan, Ermənistan daxil olmaqla, Azərbaycanın bütün qonşuları istifadə edəcək. Xülasə, bu layihələr kimisə kənarda qoymaq deyil, layihəyə daxil etmək üçündür”.
Tarixçi-alim Boran Əzizli “Şərq”ə bildirib ki, 44 günlük müharibədə Azərbaycanın qələbəsi regionda və bölgədə marağı olan dövlətlər arasında yeni reallıq yaratdı. Tarixçiyə görə, Zəngəzur dəhlizinin təməlinin qoyulması bölgədəki proseslərin formalaşmasında mühüm rol oynayacaq:
“Zəngəzur dəhlizi sadəcə Azərbaycan və Türkiyə ilə məhdudlaşmır. Əlbəttə, 30 ildir blokada şəraitində olan Naxçıvanda vəziyyətin yaxşılaşması, Türkiyə ilə Azərbaycan, o cümlədən Türkiyə ilə Orta Asiya ölkələri arasında əlaqələrinin daha da genişlənməsində Zəngəzur dəhlizinin rolu yüksək qiymətləndirilməlidir. Amma regionda sülh və əminamanlığın yaradılması, uzunmüddətli, dayanıqlı status-kvonun formalaşmasında Zəngəzur dəhlizinin əhəmiyyəti daha çoxdur. Bu dəhlizin işə düşməsi Ermənistan üçün də faydalıdır. Ermənistan bu dəhlizlə Rusiya və İranla dəmiryol əlaqəsi yaratmaq imkanına sahib olacaq. Ermənistanda miqrasiya ciddi problemə çevrilib, ac əhali kütləvi şəkildə ölkəni tərk edir. Türkiyə və Azərbaycanla iqtisadi əlaqələr ermənilərin sosial rifahının dirçəlməsi üçün əlverişli imkanlar yaradacaq. Ermənilərin təəssübünü çəkən Rusiya və Avropa da rahatlıq tapacaq. O baxımdan demək olar ki, Zəngəzur dəhlizinin açılması region ölkələri ilə yanaşı, dünya dövlətlərinin də maraqlarına tam cavab verir”.
B.Əzizliyə görə, Zəngəzur dəhlizi bölgə ölkələri arasında iqtisadi-siyasi, insani münasibətlərin yeni mərhələyə qədəm qoymasına səbəb olacaq ki, bu da təhlükəsiz dünya probleminin aradan qalxmasında önəmli rol oynayacaq:
“Tarixi təcrübə sübut edir ki, Azərbaycan və Türkiyənin yaxınlaşması, münasibətlərin yüksək səviyyəyə qalxması Qafqazda hansısa xalqın regiondan deportasiya edilməsinə, yaxud soyqırıma məruz qalmasına xidmət etmir. Tam əksinə, Türkiyə-Azərbaycan tandemi regionun sülh arzulayan bütün xalqlarının mənafeyinə uyğundur. Keçmiş dövrdə də, indiki vaxtda da bunun şahidi olmuşuq”.
Millət vəkili, iqtisadçı-ekspert Vüqar Bayramov da qeyd edib ki, Zəngəzur dəhlizi yalnız iki türk dövləti deyil, bütövlükdə bölgə, eyni zamanda türkdilli ölkələr üçün strateji əhəmiyyət daşıyır. Deputatın sözlərinə görə, dəhliz Zəngəzur bölgəsindən keçməklə Şərqi Zəngəzurun infrastrukturunu da özünə inteqrasiya edəcək:
“Təməlqoyma mərasimi də göstərir ki, Zəngəzur dəhlizinin reallaşması sadəcə zaman məsələsidir. Dəhlizin yaxın illərdə istifadəyə verilməsi praktik olaraq, qaçılmazdır. Zəngəzur dəhlizi yalnız Qafqaz üçün deyil, daha geniş anlamda region üçün strateji əhəmiyyətə malik olacaq. Söhbət 1.1 trilyon dollardan çox nominal ümumi daxili məhsulu olan türkdilli ölkələri strateji və iqtisadi baxımdan birləşdirəcək dəhlizdən gedir. Türkiyə 761.4 milyard dollar, Qazaxıstan 181.7 milyard dollar, Özbəkistan 57.9 miyard dollar, Azərbaycan 48 milyard dollar, Türkmənistan 48 milyard dollar və Qırğızıstan 8.5 milyard dollar nominal ÜDM-yə malikdirlər. Bu isə ondan xəbər verir ki, Zəngəzur dəhlizi kifayət qədər böyük iqtisadi potensiala və təbii resurslara malik olan regionu birləşdirəcək. Zəngəzur dəhlizinin istifadəyə verilməsi eyni zamanda Azərbaycanı regionun nəqliyyat qovşaqlarının habına çevirəcək. Dəhliz Azərbaycanın öz eksklavı olan Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə əlaqələri də gücləndırəcək, ölkəmizin geoiqtisadi əhəmiyyəti daha da artıracaq. Ən əsası, türk dünyası uzun illərdən sonra yenidən Zəngəzur dəhlizi vasitəsi ilə birləşəcək”.