“Altılıq” platformasının reallaşması uzun zaman tələb edir

Hələlik Ermənistan bu prosesdə, ələlxüsus 10 noyabr və 11 yanvar bəyanatlarının icrasında heç bir əməli iş görmür

Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov İstanbulda növbəti dəfə “altılıq platforması”ndan danışıb. Nazir bildirib ki, tarixi Şuşa Bəyannaməsinin imzalanması ilə qarşılıqlı münasibətləri strateji müttəfiqlik üst səviyyəsinə ucalan Azərbaycan və Türkiyənin nümunəvi əməkdaşlığı, iki ölkənin bölgədə həyata keçirilən genişmiqyaslı təşəbbüslərdə iştirakı, birgə layihələrin həyata keçirilməsi geniş regional əməkdaşlığı təşviq edir: 

“Bu xüsusda, münaqişə sonrası regional əməkdaşlığı nəzərdə tutan və bölgənin bütün böyük dövlətləri tərəfindən dəstəklənən 3+3 formatı fikrimizcə, ölkələr üçün faydalı əməkdaşlıq mexanizmi ola bilər”. 

XİN rəhbəri vurğulayıb ki, Azərbaycan sülhün tərəfdarıdır və nəinki öz regionunda, həmçinin dünyanın bütün bölgələrində dayanıqlı sülhün və sabitliyin təmin olunmasını dəstəkləyir.

Xarici işlər naziri Ceyhun Bayramovun açıqlamasını “Şərq”ə təhlil edən Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə bildirib ki, “3+3” platformasının yaradılması regional kontekstdə Türkiyənin mövqelərini gücləndirməklə yanaşı, regionda sülhün və iqtisadi inteqrasiyanın formalaşmasına gətirib çıxaracaq. Analitikin sözlərinə görə, “3+3” platforması həm də bölgənin təhlükəsizliyinin təmin olunmasına səbəb olacaq:

“Bu fonda region ölkələrinin əməkdaşlığı daha zəruridir. Rusiya Türkiyə ilə “altılıq” platformasının müzakirəsində maraqlıdır. Hələlik Ermənistan bu prosesdə, ələlxüsus 10 noyabr və 11 yanvar bəyanatlarının icrasında heç bir əməli iş görmür. 

Gürcüstan isə “3+3” formatına isti yanaşmır və görünən odur ki, Qərbin təzyiqləri ilə üzləşir. İran tərəfi pozitiv mesajlar versə də, əslində Tehran rejimi də maraqlı deyil. 

“Altılıq” formatı geniş spektrdə təhlil olunsa da, reallaşması uzun zaman tələb edir. 

“3+3” olmasa da, yaxın dövrdə “2+2” formatını, yəni İran və Gürcüstanın yer almadığı əməkdaşlıq platformasını həyata keçirmək daha real görünür”.