“Zəngəzur dəhlizinin açılması ilə türk birliyi arasında bağlar möhkəmlənəcək" - Politoloq 

“Prezident İlham Əliyevin Türk dünyasının ali mükafatı ilə təltif edilməsi Prezidentin böyük şəxsiyyətinə, Türk dünyasındakı liderlik mövqeyinə, beynəlxalq miqyasda və türkdilli dövlətlər arasında olan yüksək nüfuzuna verilən yüksək dəyərin göstəricisidir”. 

Bu sözləri “Sherg.az”a açıqlamasında politoloq Ceyhun Əhmədli deyib. 

Analitik bildirib ki, bu, həm də Vətən Müharibəsində qazandığımız tarixi zəfərə verilən qiymətdir: 

“Azərbaycan erməni işğalçılığına soy qoyaraq özünün ərazi bütövlüyünü bərpa etməklə türk birliyinin möhkəmlənməsinə mühüm töhfələr verdi. Bölgədə davamlı sülh və sabitliyin əldə olunmasına yol açdı. Təbii ki, müharibənin ən mühüm nəticələrindən biri olan Zəngəzur dəhlizi həm də türk dünyasının böyük qələbəsidir. Xatırladaq ki, hələ 2009-cu ilin oktyabrında türkdilli dövlət başçılarının Naxçıvan Zirvə görüşündə Prezident İlham Əliyev deyirdi: “Vaxtilə Azərbaycanın tarixi torpağı, əzəli torpağı Zəngəzur bölgəsinin Azərbaycandan ayırıb Ermənistana birləşdirilməsi demək olar ki, böyük türk dünyasını coğrafi baxımdan parçaladı. Yəni türk dünyasının vahid bir ailə kimi, vahid bir qüvvə kimi fəaliyyəti on illiklər ərzində dayandırılmışdır”. Bu gün Zəngəzur dəhlizinin yaradılması təkcə iqtisadi deyil, həm də böyük siyasi əhəmiyyət daşıyan hadisədir. Prezident İlham Əliyev türkdilli dövlətlər arasında coğrafi bağlılığın bərpa edərək, bütün Türk dünyasının birlik arzusunun reallığa çevrilməsinə misilsiz töhfələr verdi”. 

C.Əhmədli qeyd edib ki, ümumiyyətlə, hazırda regionda həyata keçirilən beynəlxalq və regional layihələr türkdilli dövlətlər arasında bağlılığa öz töhfəsini verməkdədir: 

“Zəngəzur dəhlizinin açılması ilə bu bağlılıq daha da artacaq, əməkdaşlığımıza yeni bir nəfəs qatacaq, üzv ölkələr arasında yük və sərnişin daşımalarının həcminə müsbət məcrada təsir edəcəkdir. Eyni zamanda, inteqrasiya prosesləri və mexanizmləri insanlarımız arasında da təmasların intensivləşməsinə səbəb olacaq. Prezident İlham Əliyev Türk dünyasında uzaqgörən, məqsədyönlü, prinsipial lider kimi şöhrət qazanıb. Xüsusən, Türk Şurasının Naxçıvandan başlanan inkişaf yolunda Prezident İlham Əliyev böyük əmək sərf edib. Türk dünyası adından verilən bu ali mükafat bu zəhmətin qiymətləndirilməsi, minnətdarlıq hissinin ifadəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan təşkilatın inkişafına, onun sıralarının genişlənməsinə, beynəlxalq aləmdə nüfuzunun yüksəlməsinə və əlaqələrinin artmasına önəmli töhfələr verib”.