"Regionda yeni iqtisadi-siyasi gücün meydana gələcəyi ehtimalı böyükdür" - Turab Rzayev

"Bundan sonra  regionun gələcəyi məhz türk dövlətlərinin birliyindən keçir. Xüsusi ilə Azərbaycan və Türkiyə arasında Şuşa Bəyannaməsi ilə təsdiq olunmuş yaxın əməkdaşlıq və müttəfiqliyin nümunəyə çevriləcəyi gözlənilir. Digər türk ölkələrlə də analoji sazişlər bağlanacağı və Yaxın Şərqdən Mərkəzi Asiyaya qədər geniş coğrafiyanı əhatə edən iqtisadi-siyasi gücün meydana gələcəyi ehtimalı çox böyükdür".

Bu sözləri "Sherg.az"-a açıqlamasında politoloq Turab Rzayev bildirib. O qeyd edib ki, burda əsas ana kanal Türkiyə üzərindən Zəngəzur dəhlizi ilə Azərbaycan və Orta Asiyaya açılan qapıdır:

- Bu iqtisadi dəhliz bütün region və dünya üçün yeni imkanlar açır və Türk Dövlətləri Təşkilatının gələcək iqtisadi rolunun artmasını təmin edir. Prezident İlham Əliyevə Türk Şurasının ən yüksək ali mükafatının verilməsi də düşünürəm ki, üç önəmli amillə bağlıdır. Birincisi, Azərbaycan bu təşkilata sədrliyi ərəfəsində Türk dünyasının inkişafı və inteqrasiyası üçün çox iş görüb və bunlar da məhz İlham Əliyevin birbaşa iradəsi ilə həyata keçirilib. İkincisi, məhz Azərbaycan dönəm başqanlığında Özbəkistanın təşkilata daimi üzv kimi daxil olması baş verib. Və Türkmənistan yenidən təşkilat sıralarına qayıdıb. Üçüncüsü də Azərbaycan rəhbərliyi Türkiyəyə təhvil verir və bu mükafatı həm də vida hədiyyəsi kimi təqdim etmək olardı.

Turan