"Azərbaycan sülh müzakirələrində problem görmür"

Zaur İbrahimli: "Erməni cəmiyyətinin təmsilçiləri yenə əvvəlki mövqedən çıxış edəcəklərsə, yaxud yeni reallıqlarla barışmaq istəməyəcəklərsə, bu müzakirələr fayda verməyəcək, əksinə, ziyanlı olacaq"


Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişel Azərbaycan-Ermənistan münasibətlərindən danışıb. O bildirib ki, Aİ münaqişələrin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həlli üçün səylərin daha da gücləndirilməsini dəstəkləyir: “Avropa İttifaqı münaqişələrin qarşısını almaq və mövcud münaqişələrin həllinin tapılmasına kömək prosesində öz rolunu oynamağa həmişə hazırdır. Bura etimadın yaradılması, dayanıqlı və hərtərəfli həll yolunun tapılmasına töhfə vermək və postmünaqişə reabilitasiyası istiqamətində addımların atılmasına dəstək vermək daxildir”. Mişel Azərbaycan və Ermənistanı dialoqa çağırıb:

“Azərbaycan və Ermənistan arasında münasibətlər vəziyyətin nə dərəcədə kövrək olduğunu göstərir. Mən inanıram ki, yalnız siyasi dialoq dayanıqlı həll yoluna apara bilər”. Aİ rəsmisi vurğulayıb ki, bu istiqamətdə Ermənistan və Azərbaycandakı vətəndaş cəmiyyətlərinin də üzərinə iş düşür: “Onlar bir araya gələrək cəmiyyətlər arasında körpü qurulması və barışıq səylərinə kömək edə bilərlər”. Məlum olduğu kimi məhz Aİ Şurasının prezidenti Şarl Mişelin təşəbbüsü ilə dekabrın 15-də Brüsseldə Azərbaycan-Ermənistan rəhbərliyi arasında görüş keçiriləcək. Görüşə günlər qalmış Mişelin regionla bağlı açıqlamaları, tərəflərə çağırışı, xüsusən iki ölkənin vətəndaş cəmiyyətlərini dialoqa, körpü qurmağa səsləməsi diqqət çəkir. 
Siyasi şərhçi, “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi (SİAM) İctimai Birliyinin sədri Zaur İbrahimli hesab edir ki, Şarl Mişelin çağırışı Azərbaycanın regionda davamlı sülhə nail olmaq səyləri ilə uzlaşır. Analitikin fikrincə, Azərbaycan üçün əsas məsələ ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınan sərhədləri daxilində suverenliyini təmin etməkdir: “İşğala məruz qalan tərəf olmasına baxmayaraq, Azərbaycan 44 günlük Vətən müharibəsindən əvvəl də  Ermənistanla vətəndaş cəmiyyəti müstəvisində, dini liderlər səviyyəsində müzakirə və danışıqlardan imtina etmirdi. Postmüharibə dövründə də bu cür təşəbbüslərdən imtina etmirik. Moskvada hər iki ölkənin dini liderləri müzakirələr aparıblar. Azərbaycan Ermənistana dinc birgəyaşayışın bərqərar olması ilə bağlı təkliflər irəli sürüb. 44 günlük müharibə dövründə humanitar dəyərlərə, prinsiplərə ciddi əməl etmişik, mülki əhaliyə qarşı silah işlətməmişik. Hazırda Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonasında yaşayan ermənilərin təchizatı məsələlərinə də humanitar prinsiplər əsas götürülməklə yanaşılır. Bu baxımdan cəmiyyətlər səviyyəsində təmaslar, müzakirələrin aparılması Azərbaycan tərəfi üçün məqbuldur. Yalnız əsas şərt öz ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınan sərhədləri daxilində suverenliyinin hər hansı müzakirə mövzusu olmamasıdır”. 

Z.İbrahimli qeyd edib ki, Azərbaycan multikultural, tolerant dəyərləri ilə bütün dünyada tanınır:

 “Bu sahədə Azərbaycanın nümunəsi öyrənilir, təqdir edilir. Azərbaycan öz erməni vətəndaşlarının inteqrasiyası, dinc birgəyaşayış məsələləri, kommunikasiyaların açılması, minaların təmizlənməsi, quruculuq işləri, dövlətlərarası sərhədlərin delimitasiya məsələlərində erməni cəmiyyətinin təmsilçiləri ilə müzakirəni məqbul sayır. Baxmayaraq ki, Azərbaycan torpaqları 30 il erməni işğalına məruz qalıb, hələ də Birinci Qarabağ savaşında əsir götürülən və itkin düşmüş vətəndaşlar barədə ermənilər məlumat verməyiblər, xalqımıza məxsus mədəni-tarixi abidələr talan edilib və s. Amma sülh naminə Azərbaycan müzakirələrdə problem görmür. Lakin erməni cəmiyyətinin təmsilçiləri yenə əvvəlki mövqedən çıxış edəcəklərsə, yaxud yeni reallıqlarla barışmaq istəməyəcəklərsə, bu müzakirələr fayda verməyəcək, əksinə, ziyanlı olacaq. Erməni cəmiyyəti buna hazırdırmı? Əsas sual budur, yaxşı olar Aİ erməni cəmiyyətinin konstruktiv müzakirələrə təşviqi ilə bağlı səylər göstərsin”.