İlham Əliyevin Kiyev səfəri tarixi hadisədir

Analitiklər bunu Azərbaycanın diplomatik revanşı kimi dəyərləndiriblər

Ankara və Bakı Rusiya-Ukrayna münaqişəsində, ümumilikdə yeni soyuq müharibə cəbhəsində tərəfə yox, vasitəçiyə çevrilə bilər

   Ukraynaya işgüzar səfər edən Prezident İlham Əliyevlə həmkarı Vladimir Zelenski arasında əvvəlcə təkbətək, sonra geniştərkibli görüşlər keçirilib. Görüşdən sonra prezidentlərin iştirakı ilə Azərbaycan və Ukrayna arasında mühüm sənədlərə imza atılıb. İki ölkənin rəhbərləri qida təhlükəsizliyi, ticarət üzrə təcili əməkdaşlıq, aqrar siyasət, energetika və başqa sahələrdə əməkdaşlıq memorandumları imzalayıblar. Nəzərə alaq ki, hazırda Qərblə Rusiya arasında Ukrayna məsələsindən dolayı ciddi qarşıdurma var. O cümlədən Azərbaycan-Ermənistan sərhədində də yenidən gərginlik müşahidə olunmaqdadır. Ekspertlərin qənaətincə, məhz belə məqamda dövlət başçısının Ukraynaya səfəri çox aktualdır. Analitiklər bunu Azərbaycanın diplomatik revanşı kimi dəyərləndiriblər. 

Siyasi şərhçi Asif Nərimanlı “Şərq”ə vurğulayıb ki, Cenevrədə Rusiya-Qərb danışıqları davam edir. Artıq bəllidir ki, tərəflər “yeni soyuq müharibə” perspektivinə hazırlaşırlar və əsas cəbhə Ukrayna olacaq. Analitik ölkə rəhbəri İlham Əliyevin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın ilin əvvəlində Kiyevə planlaşdırılan səfərindən öncə Ukraynaya getməsinə diqqət çəkib: 

“Bu iki kontekstdə Bakının ayrı, Ankara-Bakı ikilisinin birgə strateji gedişi var. Dövlət başçısı bu səfərlə yeni soyuq müharibənin hər iki tərəfinə mesaj verir. Cəbhələşmədə yer almadan Qərbə Ukraynanın yanında olduğunu və ərazi bütövlüyü prinsipini dəstəklədiyini göstərir. Kiyevin yanında mövqe sərgiləməklə Rusiya qarşısında balans yaradır. Bu, Cənubi Qafqaz masasında Moskvanın Bakının maraqlarını nəzərə alması baxımından əlimizi gücləndirə bilər. Azərbaycan və Türkiyə liderləri yeni soyuq müharibə cəbhəsində - Ukrayna və Rusiyaya alternativ çıxış yolu təqdim edirlər. Ankara və Bakı münaqişənin həllində vasitəçilik edə bilər. Birincisi, humanitar məsələlərin həllində vasitəçilik etməkdir. Brüssel görüşündə Zelenski Əliyevdən Rusiyada və işğal olunmuş Krım və Donbassda əsir saxlanılan ukraynalıların azad edilməsi üçün kömək istədi. Mümkündür ki, rəsmi Bakı bu məsələni Moskva ilə müəyyən kanallar vasitəsilə müzakirə edib və cari dövrdə nəticə əldə edilməsi perspektivi var”.

A.Nərimanlıya görə, digər məqam Rusiya-Ukrayna münaqişəsinin həlli üçün alternativ masanın qurulmasıdır: 

“Bu, Qərb-Rusiya masasında heç bir nəticə əldə edə bilməyən Kiyev üçün də, məsələni Qərblə yox, Ukraynanın özü ilə müzakirə etmək istəyən Moskva üçün də cəlbedicidir. Nəticənin əldə edilməsi çətin görünsə belə, tərəflər müəyyən irəliləyişə nail olmaq naminə alternativ masaya isti yanaşa bilərlər. Ankara və Bakı isə Rusiya-Ukrayna münaqişəsində, ümumilikdə yeni soyuq müharibə cəbhəsində tərəfə yox, vasitəçiyə çevrilə bilər. Dövlət başçısı İlham Əliyevin Ukrayna səfəri bu kontekstdə təsadüfi deyil. İstisna deyil ki, Ərdoğan Putinlə, ölkə rəhbəri İlham Əliyev Zelenski ilə vasitəçiliyin ilkin təməlinin atılması istiqamətində iş aparır”. 

Siyasi şərhçi Elçin Mirzəbəyli də vurğulayıb ki, Prezident İlham Əliyevin Ukraynaya səfəri postsovet məkanında və dünyada cərəyan edən çox önəmli və bəlkə də tarixi hadisələr fonunda baş tutduğu üçün diqqəti daha çox cəlb edir. Onun sözlərinə görə, Azərbaycan və Ukrayna xalqları “qırmızı imperiya”nın boyunduruğundan xilas olan xalqların müqavimət və mücadilə simvollarıdır: 

“Mübaliğəli görünsə də, mənə görə, “postsovet məkanı” anlayışının neoimperialistlərin gündəliyindən silinməsində Azərbaycan və Ukraynanın qarşılıqlı münasibətləri müstəsna rol oynayacaq. Şübhəsiz, son 28 il ərzində Azərbaycan xalqının müdrikliyi və liderlərimizin strateji düşüncəsi ölkəmizin daha sabit bir şəraitdə inkişafına zəmin yaradıb. Ümid edirəm, dost və qardaş Ukrayna xalqı, həm də Azərbaycanın təcrübəsindən yararlanmaqla özünün sabit və müstəqil inkişafını təmin edə biləcək. Hər iki xalqın və dövlətin potensialı qarşılıqlı münasibətlərin inkişafı üçün geniş imkanlar açır. Bu baxımdan, Azərbaycan Prezidentinin Ukraynaya səfərinin bir çox aspektdən tarixi əhəmiyyət və məna kəsb etdiyini düşünürəm”.