Aİ: Ukraynanı tərk edən 5 milyon qaçqını qəbul etməyə hazır olmalıyıq


Avropa İttifaqı (Aİ) Ukraynanı tərk edən 5 milyon qaçqını qəbul etməyə hazır olmalıdır.

APA-nın CNN-ə istinadən xəbərinə görə, bunu Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrelıı ittifaqın xarici işlər nazirlərinin görüşündən öncə jurnalistlərə açıqlamasında deyib.

“Biz 5 milyon nəfəri qəbul etməyə hazır olmalıyıq. Bildiyimiz kimi, Avropada miqrant böhranı vaxtı, 2015-2016-cı illərdə Suriya böhranı zamanı biz 1,5 milyon nəfər barəsində danışırdıq. İndi bu daha çox olacaq”, - Borrell bildirib.

O əlavə edib ki, Aİ qaçqınları qəbul etmək üçün sadəcə humanitar yardımlarla kifayətlənməməli, Ukrayna ilə həmsərhəd Aİ ölkələrini dəstəkləmək üçün öz resurslarını səfərbər etməlidir.

Qeyd edək ki, ötən gün BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi bildirib ki, son 10 gün ərzində Ukraynanı 1,5 milyon nəfər tərk edərək qonşu ölkələrə keçib. O, bu hadisənin İkinci Dünya müharibəsindən sonra Avropada ən sürətlə böyüyən qaçqın böhranı olduğunu qeyd edib.