Rusiya-Ukrayna danışıqlarının üçüncü raundu başlayıb - FOTO - YENİLƏNİB-2


Ukrayna və Rusiya nümayəndə heyətləri arasında danışıqlar başlayıb.

APA-nın xəbərinə görə, bu barədə Türkiyənin NTV telekanalı məlumat yayıb.

***

15:34

Ukrayna və Rusiya nümayəndə heyətləri arasında bu gün keçiriləcək danışıqların vaxtı müəyyənləşib.

APA-nın xəbərinə görə, bu barədə Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak "Twitter"də bildirib.

"Rusiya Federasiyası ilə danışıqlar. Üçüncü tur. Kiyev vaxtı ilə saat 16.00-da başlayır. Nümayəndə heyətinin tərkibi dəyişməyib...”, - o qeyd edib.

Qeyd edək ki, görüş Bakı vaxtı ilə 18:00-da başlayacaq.

***

15:00

Rusiya nümayəndə heyəti Belarusa eyni tərkibdə gəlib, yaxın vaxtlarda Ukrayna ilə danışıqların aparılması gözlənilir.

APA-nın Moskva müxbirinin xəbərə görə, bu barədə TASS-a danışıqlara yaxın mənbə bildirib.

“Nümayəndə heyəti yerindədir, tezliklə danışıqlar başlayacaq. Biz Ukrayna tərəfdən məlumatı dəqiqləşdiririk”, - agentliyin həmsöhbəti bildirib.

O əlavə edib ki, nümayəndə heyətinin tərkibi eynidir.

Mənbənin sözlərinə görə, Ukrayna tərəfi ilə danışıqların üçüncü raundu planlaşdırıldığı kimi, Belovejskaya Puşçada baş tutacaq: “Məkan dəyişməyib”.

Qeyd edək ki, Rusiya Federasiyası və Ukrayna nümayəndə heyətləri artıq Belarusda danışıqların iki raundunu keçiriblər. Rusiya nümayəndə heyətinə prezidentin köməkçisi Vladimir Medinski başçılıq edir.

***

13:08

Rusiya nümayəndə heyəti Ukrayna ilə danışıqların üçüncü raundunu aparmaq üçün yola düşüb.

APA-nın xəbərinə görə, bu barədə “Sputnik Belarus” məlumat yayıb.