Böyük fəlakət! - “Kürdə suyun bir damcısı belə hədər getməməlidir” - SOS


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva Kür çayındakı vəziyyətindən danışıb. Onun sözlərinə görə, son 10 ildə Kür çayı ilə ölkəyə daxil olan suyun həcmi 31 faiz azalıb:

“Təəssüf ki, ölkəmizin su ehtiyatlarında azalma müşahidə olunur. İqlim dəyişikliyi ilə bağlı olan fəsadlar özünü daha da göstərməkdədir. Aparılan son müşahidələrə görə, Kür vasitəsilə Azərbaycana daxil olan suyun həcmi 27 faiz azalıb”. Kür çayının daha aşağı olan məntəqələrində suyunun azalması artıq 53 faiz təşkil edir: “Kürün suyundan ifrat dərəcə istifadə bu cür gərgin vəziyyəti ortaya qoyur”.

Kür çayındakı mövcud vəziyyətlə bağlı “Sherg.az”a danışan “Rüzgar” Ekoloji İctimai Birliyinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun şöbə rəisi, ekoloq İslam Mustafayev bildirib ki, çayın bu vəziyyəti bizim üçün çox ciddi problemlər yarada bilər. O, Kürdəki vəziyyətin bu həddə çatmasının səbəblərini izah edib:

“Birincisi, Kür çayının yuxarısında müxtəlif cür idarəetmə sistemlərinin olması, yəni bizim quyularımızı məhdudlaşdıra bilən imkanların artması mümkündür. Eyni zamanda, əkinçilik sahələrinin genişlənməsi də bir başqa səbəbdir. Ən əsas səbəb isə iqlim dəyişmələri və quraqlıqdır. Su az daxil olur, amma çox istifadə olunur. Nəticədə balans pozulub”.
 Ekoloq İ.Mustafayev hesab edir ki, çaya təcili sürətdə süni müdaxilələr etmək lazımdır:
“Çayın suyunun Xəzər dənizinə lazımi səviyyədə tökülməsini təmin etmək vacibdir.  Eyni zamanda  Xəzərdən çaya suyun getməsinə imkan verməmək önəmlidir. 

Suyun bir damcısı belə hədər getməməlidir. Belə olan hallarda su anbarlarının tikilməsi gündəmə gəlir. Yaxşı su anbarları olmalı və onlar vasitəsilə su idarə olunmalıdır.  Su toplayıcı hövzələrdə qarın qalınlığını hesablamaq mühim addımlardandır. 

Su mənbələrində buzlaqların vəziyyətini öyrənmək lazımdır. Bir sözlə, kompleks birgə idarə etmə sistemini tətbiq etmək lazımdır. Əks halda doğrudan da çox böyük fəlakətlərlə qarşılaşacayıq”.

Çimnaz