Çavuşoğlu: “Azərbaycanla Ermənistan arasında danışıqlarda 3-cü tərəfə ehtiyac yoxdur”

Qarabağda müharibə bitəndən, Azərbaycan torpaqlarını işğaldan azad edəndən sonra, Azərbaycan və Türkiyə olaraq gücümüzü sülh və sabitlik üçün yönəltdik.

APA-nın Türkiyə bürosunun xəbərinə görə, bunu Antalya Diplomatiya Forumunun yekunlarına dair mətbuat konfransı zamanı Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O qeyd edib ki, Ermənistanın Azərbaycanın sülh təklifinə cavab verməsi lazımdır.

“Bölgənin sabitliyi üçün hər kəsin çalışması lazımdır. Bizim Azərbaycanla 3 və 4-lü əməkdaşlıq mexanizmlərimiz var. Bir gün sülh olarsa, niyə Ermənistan da bu formatlara qatılmasın ki? Fikrimcə, sülh sazişinə dair danışıqlarda 3-cü tərəfə ehtiyac yoxdur. Azərbaycan və Ermənistan özləri oturub danışmalıdırlar. Biz iki tərəf arasında atıla biləcək bütün addımları dəstəkləyirik”, - deyə o bildirib.

Nazir Türkiyə və Ermənistan arasında da münasibətlərin normallaşma prosesinin olduğunu xatırladıb.

“Bizim bu normallaşma prosesimizi Azərbaycan da dəstəkləyir. Bu mövzu da bütün addımlarımızı Azərbaycanla koordinasiya edirik. Biz iki dövlət ola bilərik, amma bir millətik. Kiminsə buna şübhəsi olmasın. Dünən Ermənistanlı həmkarım Araratla görüşümüz zamanı Ermənistan tərəfinin Azərbaycanın sülh təklifinə müsbət cavab verməklərini gözlədiyimizi qeyd etdim. O öz növbəsində isə ölkəsinin Azərbaycanla sülh danışıqlarına başlamaq niyyətində olduqlarını mənə dedi”.