"Bunu Ermənistanda da insanların dərk etməsi vacibdir" - Ceyhun Bayramov



Türkiyə və Azərbaycanın Ermənistanla münasibətlərin normallaşdırılması məsələsində atdığı addımlar regionda mehriban qonşuluq mühiti yaratmaq səylərinin bariz sübutudur.

Trend-in məlumatına görə, bu barədə "Anadolu" agentliyinə müsahibəsində Antalya Diplomatik Forumunda iştirak etmək üçün Antalyada olan Xarici İşlər naziri Ceyhun Bayramov deyib.

C.Bayramov xatırladıb ki, uzun illər Azərbaycan torpaqlarının işğalı faktoru Bakı ilə Yerevan arasında münasibətlərdə əsas maneə olaraq qalıb.

Onun sözlərinə görə, Qarabağ problemi həll edildikdən sonra Azərbaycan Ermənistana münasibətləri normallaşdırmaq yollarını təklif edib.

Xarici işlər naziri qeyd edib ki, Türkiyə də Ermənistanla münasibətləri normallaşdırmaq ideyası ilə çıxış edib.

"Bakı Ankaranın mövqeyini tam dəstəklədi ki, bu da həm Azərbaycanın, həm də Türkiyənin regionda davamlı sülhə yönəldiyinin bir daha sübutudur. Təbii ki, bütün digər məsələlərdə olduğu kimi, Bakı və Ankara öz fəaliyyətlərini yaxından əlaqələndirirlər, məsləhətləşirlər. Bunu Ermənistanda da insanların dərk etməsi vacibdir", - deyə Nazir bildirib.

C.Bayramov Prezident İlham Əliyevin Ankaraya sonuncu (martın 10-da) səfərinin yekunlarına da münasibət bildirib.

Onun sözlərinə görə, səfər zamanı liderlər ikitərəfli və regional məsələləri, Azərbaycanın Qarabağ bölgəsindəki vəziyyəti, Zəngəzur dəhlizini müzakirə ediblər, həmçinin əməkdaşlıq sahəsində mümkün addımlar barədə fikir mübadiləsi aparıblar.

C.Bayramov Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə hansı töhfələr verə biləcəyinə və Avropa İttifaqı ilə danışıqların hansı mərhələdə olduğuna da toxunub.

O qeyd edib ki, Azərbaycan Aİ-nin enerji sektorunda çox mühüm tərəfdaşıdır.