Azərbaycan qərar verəcək:"Ya üçtərəfli bəyanatın ağrısız icrası, ya da hərbi variant..." - Konturlar hazırdır!

"Bakı-Moskva hərbi platforması Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindəki qanunsuz erməni silahlılarının çıxarılmasını müzakirə edir".

Bu barədə "Sherg.az"a siyasi şərhçi Aqşin Kərimov deyib. 

Ekspert bildirib ki, diqqətimizi yönəltməli olduğumuz məqam erməni separatçılarla bağlı diplomatik müstəvidə aparılan müzakirələrin ardınca məsələnin ali səviyyəli hərbi müzakirə predmetinə gətirilməsidir: 

"Generalların müzakirəsi Azərbaycan-Rusiya və Rusiya-Ermənistan diplomatik trafikində 10 noyabr bəyanatının 4-cü maddəsinin icrası barədə müzakirələrdən sonra baş tutur. Bu görüşdən doğa biləcək nəticəyə dair iki versiya irəli sürə bilərik. Ya Rusiya sülhməramlıları erməni separatçıları Qarabağdan çıxarmalıdır. Ya Azərbaycanla Rusiya onların hərbi əməliyyatlarla zərərsizləşdirilməsi üçün müzakirələr aparırlar. Kərim Vəliyev-Aleksey Kim danışıqlarında digər diqqət çəkən məqam budur ki, baş qərargah rəisi ilk dəfədir ki, rusiyalı rəsmi ilə bu cür rəsmi təmaslarda olur. Söhbət ictimailəşən məlumatların təhlilindən gedir". 

A.Kərimova görə, Azərbaycan ərazilərindən erməni separatçıların çıxarılması prosesinin sürətlənməsi, hətta vaxtından əvvəl prosesin başa çatması üçün danışıqlar aparılır: 

"Bu danışıqlardan çıxan nəticələr təhlil olunaraq Azərbaycan qərar verəcək. Ya üçtərəfli bəyanatın ağrısız icrası, ya da hərbi variant. Qısası, Kərim Vəliyev-Aleksey Kim görüşünü separatçılar üçün son seçim şansı hesab etmək olar. Bildiyim qədər əməliyyat planları Baş Qərargahda hazırlanır və daha sonra məruzə olunur. Görünür ki, artıq Azərbaycanda baş tutması ehtimal olunan əməliyyatların konturları da artıq hazırdır".