Azərbaycanlı alim Ərdoğana şeir həsr etdi:“Türk ruhu”

         
Azərbaycanlı sosioloq-alim Əhməd Qəşəmoğlunun ədəbi yaradıcılığından bəzi oxucuların xəbəri yoxdur. İstərdik onlar da bilsinlər ki, Ə.Qəşəmoğlu cəmiyyətin ağrılarını analiz edib, çıxış yolları göstərməklə yanaşı, bəzən bu “sancı”nı şeirlə də ifadə edir.  Bir sözlə, sosioloq-alim həm də maraqlı və təsirli şeirlər müəllifidir. Zaman - zaman onun şeirlərinin estetik və maarifləndirici təravətini duyuruq. Bu dəfə isə Ə.Qəşəmoğlu siyasi düşüncələrini şeirə çevirib. Sosioloq alim Türkiyənin cümhurbaşqanı, hörmətli Rəcəb Tayyib Ərdoğana “Türk ruhu” adlı şeir ithaf edib. 

“Türk ruhu”

fırtınalar kükrəyir
dövranın dəryasında,
yer üzü 
yeni bir aləmin astanasında...

qərq olub getmədə gəmilər bir-bir...
göy üzündə bulud-bulud
                                 ağlayır nalələr...
bomba kimi yağır hər yandan
iblis qəh-qəhəli yeni hiylələr...

çalxanır tarix... calxanır dünya...
batıb gedir aləmlər,
üzə çıxır bir vədə
sular altda qalmış aləmlər...

...məzarlarda torpaq olan sümüklərdi,
ruhların özünün kahkəşanı var...
üzə çıxır
tilsimə düşmüş ruhlar, 
silkinirlər dünyanın sirri-sehrindən...
Ey dünya!
ruhun qüdrətindən xəbərin varmı?

türkün ruhunda nurlanır indi
babalarımızın  ruhu...
sərkərdələrimizin, alimlərimizin, 
şairləimizin, müdriklərimizin ruhu...

türkdü yer üzünün ulu memarı,
türk olacaq bu bəlalardan
yer üzünün xilaskarı...