Hər şey 15 dəqiqə içində oldu

Qarət şokundan özünə gələ bilmir

Son zamanlar karvan qarətçilərin sayı çoxalıb

   Pandemiyanın karantin gerçəyi bir çox insanı təbiətlə baş-başa qalmağa sövq etdi. Karvan-avtomobillərə tələbat da beləcə artdı. Kimisi bacarığına güvənib avtomobilini karvana dönüşdürdü, kimisə də hazır karvan-avtomobil aldı və ya kirayələdi. Bu səbəbdən son 2 ildə karvan-avtomobillərə böyük maraq yaranıb. Karvan-avtomobillə Türkiyəni gəzən Kamil Yılmaz da pandemiyanın əlindən  təbiətə sığınanlardan biridir. 

Amma Kamil bu günlərdə gözlənilməz hadisə ilə qarşılaşıb. Onun karvanı qarət edilib. Bundan dərs alan Kamil Yılmaz indi karvan sahiblərinə “nəbadə hardasa nəzarətsiz buraxıb gedəsiniz, qayıtdıqda “evinizin” içini boşaldılmış görə bilərsiniz” deyə məsləhət verir. 

“Şərq” “Milliyet.com.tr”yə istinadən xəbər verir ki, Kamil Yılmaz son zamanlar karvan qarətçilərinin çoxaldığını deyib. K.Yılmaz uzun müddət karvanıyla Türkiyəni dolaşıb, sonra isə İrana səfər etmək qərarına gəlib. İran ərazisinə keçməzdən öncə Batmanda qalıb. 

Oğru da onu burada yaxalayıb. Kamil “karvanın içindəkiləri əşyaların oğurlandığını biləndə sanki başımdan aşağı qaynar su tökdülər. Karvanımı şəhər mərkəzindəki avtomobil parkında saxlamışdım. Amma avto-parkın təhlükəsizlik kamerası yox imiş. Sadəcə, 15 dəqiqəlik avtomobilimdən ayrılmışdım. Qayıtdıqda, karvanın qarət edildiyini gördüm.  Kompüterim, fotoaparat, dron pultu və enerjiyükləyici, İP telefonum, daha bir fotoaparat, hamısı oğurlanmışdı. Donub qaldım. Polisə getdim, məlum oldu ki, kamera qeydləri yoxdur, çünki avto-parkda təhlükəsizlik kameraları olmayıb. Barmaq izləri götürdülər. Bir gün sonra başqa bir dostumun karvanının da qarət edildiyini bildim”, deyib. K.Yılmaz hazırda İran ərazisində narahatlıqla dolaşdığını söyləyib:

 “Təhlükəsizlik kamerası olan yerlərdə karvanı saxlayırıq. Ya da yanından ayrılmamağa çalışırıq. Güvəndiyimiz biri varsa ona əmanət edirik. Qarət şokundan hələ özümə gələ bilmirəm. Məsləhətim budur ki, avto-karvanı harda gəldi saxlamayın. Qiymətli, vacib əşyaları karvanın içində qoyub getməyin. Yanınızda, yol çantasının içində daşıyın. Ağır olsa da, narahat olsanız da, hər halda oğurlanmaqdan yaxşıdır”. 

“Başına gələn başmaqçı” olar məsəlini xatırladan K.Yılmaz “oğrular karvanlara əsasən yan pəncərələrdən daxil olur. Ya pəncərələri itələyib açır, ya da sındırırlar. Karvana siqnalizasiya da quraşdırmaq olar. 

Bu sistem qapı açıldıqda, karvana kənardan müdaxilə edildikdə və ya yerindən tərpədildikdə həyəcan siqnalı çalır”, deyib.