Rusiyanın 3 müttəfiqinin taleyi həll olunur

Pakistanda siyasi böhran yarandı. Prezident Arif Albi parlamenti, Baş nazir İmran Xan höküməti buraxdı. Ölkə Konstitusiyasına görə, 90 gün ərzində parlament seçkiləri keçirilməli və yeni hökumət formalaşmalıdır.

Macarıstanda bugün parlament seçkiləri keçirilir, parlamentdə olan 199 yer uğrunda Viktor Orbanın başçılıq etdiyi Macarıstan Vətəndaş İttifaqı-FİDES və 6 müxalifət partiyasının birləşdiyi koalisiya yarışır. Proqnozlara görə, Viktor Orbanın partiyası parlamentdə əvvəlki mövqeyini, nəinki ona lazım olan 2/3 səs çoxluğunu, hətta 50+1-i də saxlaya bilməyəcək.

Serbiyada bugün həm prezident və həm də 250 yer uğrunda parlament seçkiləri keçirilir. Prezident Vuçiçi bu seçkilərdə xeyli problemlər gözləyir.

Axar.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Qubad İbadoğlu qeyd edib.

O bildirib ki, hər 3 ölkənin liderləri indiyədək təhlükəsizlik məsələlərində Rusiya ilə Qərb, iqtisadi məsələlərdə isə Çinlə Qərb arasında balans saxlamağa çalışıb:

“Hazırda Rusiyanın Ukraynaya müdaxiləsi onları çətin vəziyyətə salıb, hər 3 ölkənin liderləri hakimiyyətlərinin itirilməsi və ya parlamentdəki mövqelərinin zəifləməsi riskləri ilə qarşılaşıblar. Göründüyü kimi, bugünlərdə nəinki Putinin özünün, həm də müttəffiqlərinin siyasi taleyi həll olunur”.