İSTANBULDA  MÜBARİZ  İBRAHİMOV  ADINA  MƏKTƏBDƏ GÖRÜŞ - FOTO

Təhsil çox önəmlidir – müəllim, həkim, tarixçi, riyazyyatçı, alim olmaq üçün oxumaq, biliklərə yiyələnmək mütləqdir. Elmin təməli orta təhsildən başlayır, hansi sənət sahibi olsaq da, müəllimlərimizə borcluyuq, bizlərin bu yerlərə gəlməyimizdə onların əməyi danılmazdır. Sadəcə yaxşı mütəxəssis olmaq üçün deyil, ümumiyyətlə bu həyatda kor-koranə deyil, şüurlu şəkildə yaşamaq üçün oxumaq lazımdır.

Mən on bir ildir İstanbul şəhərində yaşayıram və burada yaşayan azərbaycanlıların qayğılarından az-çox xəbərim var. Həmvətənlərimizin kompakt yaşadığı səmtlərdən biri də Qaziosmanpaşanın  “beşyüzevlər” və “karadeniz” adlanan məhəllələridir. Uzun illərdir burada yaşayan azərbaycanlılardan eşıtdiyim ən böyük problemlərdən biri də uşaqlarının təhsilidir, çünkü çoxunun Azərbaycan pasportunun zamanı bitib və yaxud ümumiyyətlə yoxdur, ona görə də uşaqlarını Türkiyə məktəblərinə göndərə bilmirlər (artıq Azərbaycan Dövləti ilə Türkyə Dövləti arasında razılaşma əldə edilib, bu vətəndaşlara yeni Azərbaycan pasportları veriləcək). Son 3 ildir bu təhsil problem nisbətən çözülüb, İstanbuldakı “Azərbaycan təhsil və mədəniyyət Dərnəyi”nin rəhbəri, azərbaycanlı yazıçı Aygün Həsənoğlunun təşəbbüsü ilə dərnəyin nəzdində “Mübariz İbrahimov adina məktəb” fəaliyyət göstərir. 

Aygün xanımın bu məktəbi hansı çətinliklərlə ərsəyə gətirdiyini və  fəaliyyətini sürdürdüyünü az-çox bilirəm, məktəb beş kiçik sinif otağından ibarətdir, maddi imkanları çox məhduddur, çünkü kimsə maliyyələşdirmir, bəzi valideynlərin ayda ödədikləri cüzi miqdarla bütün ehtiyaclar qarşılanmır təbii ki, hətta bəzən Aygün xanım öz kitablarının satışından əldə etdiyi gəlir, bəzən də yazılarının, tərcümələrindən aldığı qonorarını toplayıb kiranı ödəyir, tam mükəmməl olmasa da, bir qadının təkbaşına bu qədərini bacarması sadəcə təqdrəlayiqdir. Doğrudur, Aygün xanım bir neçə ay Azərbaycan Dövlət Diaspora Komitəsinin maddi dəstək verdiyini dedi, amma bir neçə ay yetərli deyildir, çünkü bu iş bir neçə ayla məhdudlaşmır, hansısa layihə deyil, millətin gələcəyi olan uşaqların təhsilidir və sadəcə Diaspora Komitəsi deyil, Azərbaycanın Təhsil Nazirliyi, Türkiyədəki azərbaycanlı iş adamları da dəstək verməlidir, bir sözlə hər kəs öz üzərinə düşəni etməlidir. 

Dünən İstanbulda işgüzar səfərdə olan “Şərq” qəzetinin baş redaktoru, Azərbaycan Türk Ocaqları başqanı Akif Aşırli ilə məktəbə ziyarətə getdik, sonuncu dərs saatına təsadüf etdiyindəm, Akif bəy 7-ci sinif şagirdləri ilə tanş olub, onlara Azərbaycanın Cumhuriyyət dönəmini anlatdı, uşaqlar elə diqqətlə dinləyirdilər ki, həm də bu fərqlı təqdimata çox sevindilər. Akif bəy özəlliklə bu məktəb üçün gətirdyi özünün müəllifi olduğu kitabları da hədiyyə etdi. Bu təhsil ocağında elə istedadlı uşaqlar var - 7-ci sinif şagirdlərindən Fariz Nəsirov gözəl şeirlər yazır, Turanə Zeynalova Azərbaycan milli rəqslərini sosial media vasitəsilə öyrənib, hətta məktəbin tədbirlərində məharətlə ifa edir, Məmməd Səfərov və Hüseyin Soltanov (5-ci sinif)  isə məktəbin ən fəal, istedadlı şagirdlərindəndir. Mən bu istedadlı şagirdlərin sadəcə bir neçəsinin adını qeyd etdim, digər siniflərdə də belə uşaqlar var, bu parlaq gənclərimizə mütləq dəstək verməliyik ki, onlar özlərini yalnız hiss etməsinlər və məktəbin adını daşıdığı qəhrəman Şəhidimizin adına yaraşır şəkildə mübariz vətəndaş olsunlar.

P.S. Mən də öz üzərimə düşəni etməyə, bu fidan balalarımıza ingilis dilini öyrənməkdə yardımçı olmağa söz verdim.

Yaqut Misirxanlı
İstanbul