İyunun 26-sı həmişə qürur və sevinclə xatırlanacaq

"Təsadüfi deyil ki, ABŞ Hərbi Akademiyası və Pentaqonun rəsmiləri Azərbaycan Ordusunun hərbi əməliyyatlarının öyrənilməsi zərurətini qeyd edirlər"

"Azərbaycan xalqı artıq 26 İyun - Silahlı Qüvvələr Gününü qalib xalq kimi qeyd edir".

"Sherg.az" xəbər verir ki, bu barədə politoloq Ceyhun Əhmədli deyib. 

Ekspert bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığımız tarixi Zəfərin əsas şərtləndirici amillərindən biri, heç şübhəsiz, güclü orduya sahib olmağımızdır: 

"Ona görə də bizim üçün iyunun 26-sı həmişə qürur və sevinclə xatırlanacaq. Tərəddüdsüz deyə bilərik ki, Azərbaycan Silahlı Qüvvələrinin şərəfli tarixi xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Müasir Azərbaycan Ordusunun qurulması, inkişafı və möhkəmlənməsi ulu öndər Heydər Əliyevin yorulmaz fəaliyyətinin, müdrik və uzaqgörən siyasətinin məntiqi nəticəsidir. Ümummilli Liderin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycan Ordusunu dünyanın ən güclüləri siyahısına daxil etməyə nail oldu. Dövlətimizin başçısının rəhbərliyi ilə aparılan uğurlu iqtisadi siyasət ordu quruculuğu prosesinin yüksək səviyyədə reallaşdırılmasına imkan yaratdı. Bu məqsədlə hər il dövlət büdcəsindən müdafiə xərclərinə böyük vəsait ayrıldı. Ölkənin müdafiə sənayesi yaradıldı. Ordu ən müasir silahlarla təchiz edildi. Həmçinin ölkəmizin hərbi sahədə əməkdaşlıq əlaqələri genişləndirildi və nəticədə Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasına daxil oldu. Azərbaycan Ordusunun regionda ən güclü olduğunu qürurla deyə bilərik. Beynəlxalq reytinq agentlikləri də bu faktı dəfələrlə təsdiq edib. Hərbi müstəvidə görülən bütün bu işlərin əsas hədəfi o idi ki, nə vaxtsa danışıqlar prosesi tamamilə dalana dirənmiş olsa, biz öz gücümüzün hesabına ərazi bütövlüyümüzü bərpa edək. Bu, həm də onu göstərirdi ki, Azərbaycan xalqı heç vaxt işğal faktı ilə barışmayacaq və nəyin bahasına olursa-olsun, öz tarixi torpaqlarını düşmən tapdağından azad edəcək".

C.Əhmədli vurğulayıb ki, 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının mübarizlik əzminin simvoluna çevrildi: 

"Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfər ordu-xalq-lider birliyinin təntənəsi idi. 44 gün ərzində dəmir yumruq kimi birləşərək düşməni tarixi torpaqlarımızdan qovduq, tarixi ədaləti bərpa etdik. Nəyə qadir olduğumuzu bütün dünyaya nümayiş etdirdik. Rəşadətli Azərbaycan Ordusu xalq, dövlət qarşısında tarixi missiyasını ləyaqətlə yerinə yetirərək 30 illik işğala son qoydu, yüz ildir tökülən qanların qisasını aldı. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı Qələbəsinin şahidi oldu. Azərbaycan Ordusu döyüş meydanında özünün üstünlüyünü sübut etdi. Müharibə və onun nəticələri bir daha xalq-iqtidar birliyini və qarşılıqlı inamı nümayiş etdirdi. Qərb mətbuat orqanlarında, habelə ABŞ-ın Milli Müharibə Kollecinin (National War College) və Seton Hall Universitetinin Diplomatiya və Beynəlxalq Münasibətlər Məktəbinin analitik nəşrlərində Azərbaycan Ordusunun hərbi taktikası öyrənilərkən belə bir qənaətə gəlinib ki, Ordumuzun qarşısında hətta dünyanın aparıcı ölkəsi olsaydı belə, onun da heç bir şansı olmayacaqdı. Bu baxımdan, İkinci Qarabağ müharibəsi zamanı istifadə olunan döyüş taktikası dünya hərb tarixində yenilik hesab olunur və müvafiq ali hərbi məktəblərin dərsliklərinə salınaraq öyrənilir. Təsadüfi deyil ki, ABŞ Hərbi Akademiyası və Pentaqonun rəsmiləri Azərbaycan Ordusunun hərbi əməliyyatlarının öyrənilməsi zərurətini qeyd edirlər".