"Güclü Orduya malik olmaq, hər bir dövlət üçün sabitlik faktorudur" - Millət vəkili


"1918-ci il may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin elan etdiyi İstiqlal Bəyannaməsində Silahlı Qüvvələrin yaradılması qeyd olunub".

"Sherg.az" xəbər verir ki, bu barədə millət vəkili Nəsib Məhəməliyev deyib. 

Deputat bildirib ki, Cümhuriyyətin Nazirlər Şurasının 1918-ci il 26 iyun tarixli qərarı ilə, Çar Rusiyası dövründə “Vəhşi Diviziya” adlanan süvari alayının əsgərlərindən ibarət 5 min nəfərlik korpus formalaşdırılmışdı: 

"1920-ci ilin aprel ayında bolşevik Rusiyasının işğalından sonra Azərbaycan dövlət müstəqilliyini itirmiş və milli ordu ləğv olunub. 1991-ci ildə Azərbaycan müstəqililiyini bərpa etdikdən sonra, Ali Sovet tərəfindən, Silahlı Qüvvələrin yaradılması barədə qərar qəbul edilib. 1998-ci il, may ayının 22-də Prezident Heydər Əliyev, 26 iyunu - Silahlı Qüvvələr Günü kimi qeyd olunması barədə fərman imzalayıb. Dövlətin milli təhlükəsizliyinin, ərazi bütövlüyünün  təmin olunmasında Silahlı Qüvvələrin rolu son dərəcə əhəmiyyətlidir".

Parlament üzvü vurğulayıb ki, ələlxüsus, artıq döyüş meydanlarında özünü təsdiq edib: "Güclü Orduya malik olmaq, hər bir dövlət üçün sabitlik faktoru, hər bir  xalq üçün qürur mənbəyidir. Bu baxımdan, tam məsuliyyətlə deyə bilərik ki, Azərbaycan xalqının bəxti gətirib. 44 günlük müharibədə, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında, mürəkkəb coğrafi və geosiyasi şərtlər daxilində, Silahlı Qüvvələrimiz öz üzərinə düşən ən müqəddəs vəzifəni yerinə yetirdi. Torpaqlar 30 illik işğaldan azad olundu. Azərbaycan dövlətinin, Ordusunun beynəlxalq nüfuzu dəfələrlə artdı. Xalqın sınmış qüruru bərpa olundu. Silahlı Qüvvələr Günü, ölkəmizdə ümumxalq bayramı statusunu qazanıb. Silahlı Qüvvələrin hər bir üzvü, cəmiyyətin ən hörmətli nümayəndələri olaraq qəbul edilir. Dövlət tərəfindən hər tərəfli qayğı göstərilir. Ordumuz günü-gündən daha da təkmilləşir, müasirləşir, döyüş qabiliyyətini artırır. Hər bir Azərbaycan vətəndaşı Silahlı Qüvvələrimizlə fəxr edir".