"Şərq" yenə öncül oldu


Qəzetin 74 cildlik salnaməsi AMEA-nın elmi kitabxanasında qorunacaq

  Milli Mətbuatımızın yaranmasının 147-ci ildönümü ərəfəsində 26 yaşlı “Şərq” qəzeti daha bir ilkə imza atıb. 1996-cı il noyabr ayının 1-dən nəşr olunmağa başlayan qəzet təsis olunduğu dövrdən bugünədək çap edilmiş nüsxələrini xüsusi cildlənmiş formada Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasına təhvil verib. Bununla bağlı dünən AMEA-nın Mərkəzi Elmi Kitabxanasında tədbir keçirilib. Tədbirdə “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, Mərkəzi Elmi Kitabxananın baş direktoru, professor Məmməd Əliyev, AMEA-nın həqiqi üzvü, akademik Fikrət Əliyev, Mətbuat Şurasının sədri Əflatun Amaşov, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, tanınmış jurnalist Rafiq Həşimov və media nümayəndələri iştirak ediblər. Çıxışlardan öncə torpaqlarımızın azadlığı uğrunda canını qurban vermiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. 

  Kitabxananın baş direktoru, professor Məmməd Əliyev ilk növbədə gözəl təşəbbüsə və təqdirəlayiq addıma görə qəzetin baş redaktoru Akif Aşırlıya təşəkkürünü bildirib. Professor vurğulayıb ki, ölkədə başqa kitabxanalar olsa da, “Şərq” qəzeti öz külliyatını məhz Mərkəzi Elmi Kitabxanaya həvalə edib. Məmməd Əliyev cildlənmiş qəzetlərin Kitabxananın Mətbuat Fondunda saxlanılacağını deyib:

 “Akif müəllim bizim kitabxanaya böyük bir sirr bağışladı. Buna görə həm öz adımdan, həm də kitabxana kollektivi adından Akif müəllimə minnətdarlığımı bildirirəm. Adətən, tələbələrə, magistrlərə, doktorantlara köhnəlmiş mövzularda elmi iş veririk. Halbuki, magistr və doktorluq dissertasiyaları mətbu orqanlarda çap olunmuş aktual mövzuları da əhatə edə bilər. AMEA-da 40-dan çox elmi müəssisə fəaliyyət göstərir. 74 cildlik qəzet nüsxələri elmi tədqiqat işləri üçün faydalı olacaq. Nəzərə alaq ki, bir neçə universitetdə də jurnalistika fakültələri var”.

  Mətbuat Şurasının sədri Əflatun Amaşov qeyd edib ki, hər bir xalqın siyasi həyatında onun milli mətbuatı mühüm rol oynayır: “Bu təşəbbüsü nəinki “Şərq” qəzetinin, bütövlükdə Azərbaycan jurnalistikasının Vətən tarixinə müstəsna töhfəsi kimi dəyərləndirirəm. “Şərq” yaxın tariximizin salnaməsidir. Təsəvvür edin ki, bu salnamə kitab şəklinə salınıb. 

Söhbət qəzetin indiyədək işıq üzü görmüş bütün nüsxələrinin yer aldığı kitabdan, daha doğrusu, 74 cilddən gedir. Kitabların hər birini ayrılıqda toplu kimi qiymətləndirmək daha çox yerinə düşər. Həmin toplular bu gün Azərbaycan Milli Elmlər Akademiyasının kitabxanasına təqdim edildi. Hesab edirəm ki, 22 iyul Milli Mətbuat Gününə rəng qatmaq baxımından bundan gözəl ideyanı ağla gətirmək sadəcə mümkün deyil. 

“Şərq” qəzetinin başda Akif Aşırlı olmaqla bütün kollektivinə, indiyədək nəşrdə əməyi keçmiş hər kəsə dərin təşəkkürümü bildirirəm. 

“Şərq” qəzetinin cildlənmiş saylarının kitabxanaya verilməsi Azərbaycan jurnalistikasının həyatında mühüm rol oynayacaq. Mətbuat dövrün inikasıdır, həmin günün tarixidir. Elmi Kitabxanaya da elmlə maraqlananlar gəlirlər. Onlar özləri üçün lazım olan məqalələri bu qəzetlərdən tapa bilərlər”. Ə.Amaşov bunun başlanğıc olduğunu deyib: “Belə bir vacib təşəbbüsə digər mətbuat orqanlarımızı da qoşulmağa çağırıram. Yeri gəlmişkən, təşəbbüsə ilk qoşulan nəşrin adı məlumdur. Bu, “İki sahil” qəzetidir. İnanıram ki, tezliklə onun saylarının yer aldığı toplunu da görəcəyik. Növbədə kimlər olacaq, bunu isə zaman göstərəcək”. 

  “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı vurğulayıb ki, cəmiyyəti formalaşdıran, xalqı millət edən mətbuatdır, mətbuat fədailəridir. Baş redaktor bildirib ki, bu yol “Əkinçi”dən, Həsən bəy Zərdabidən başlayır: “Fikir, söz ustadlarımız milləti formalaşdırdı və son nəticədə Azərbaycan Xalq Cümhuriyyəti quruldu. Bu gün dövlətimiz müstəqilliyinin 30-cu ildönümünü şərəflə yaşayır. 

“Şərq” qəzeti 1996-cı il noyabrın 1-dən nərşə başlayıb. İlk sayımızdan etibarən qəzetin nüsxələrini toplayaraq hər üç aydan bir cildləmişik. 74 cildlik qəzet nüsxələrini redaksiyada saxlamağı uyğun bilmədik. 184 jurnalistin yazıları, fərqli fikirlər və müstəqilliyimizin bərpasının 26 illik dövrü səlnamə şəklində qəzetimizdə əksini tapıb. Qəzetimizin xeyli nüsxəsi M.F.Axundov adına kitabxanada da var, amma bütün sayları ilə birlikdə, komplekt halda Mərkəzi Elmi Kitabxanaya təhvil verilib. Biz öz irsimizi bu kitabxanaya həvalə edirik. AMEA-nın böyük elmi potensialı var. Dövri mətbuat da elmi məqalələrdə, dissertasiya işində, doktorluq mövzularında istifadə olunur. “Şərq” qəzeti ən etibarlı mənbə kimi müxtəlif kitablarda istifadə edilib. 74 cilddə əksini tapan məqalələr elmi işlərin əsas istinad mənbələri olacaq. Belə bir deyim var, deyirlər “əlyazmalar yanmır, çünki əlyazmalar kağız üzərindədir”. 

Qəzet də kağız üzərində məlumat mənbələrini özündə ehtiva edən media strukturudur.   Klassik irsimizin daşıyıcısıdır. Texnologiyalar nə qədər inkişaf etsə də, yenə kağıza, qələmə ehtiyacımız olacaq. Çap mətbuatı və onun gələcəyi haqqında pessimist düşünən insanlarımız bilməlidirlər ki, çap mətbuatı jurnalistikamızın təməl prinsipləri, alt yapısıdır. Bu alt yapının çökməsi çirkli informasiyaların, feyk xəbərlərin dövriyyəyə gətirildiyi bir zamanda ən peşəkar nümunələr klassik mediada yaşayır və gələcəyə ötürülür”.  

  Millət vəkili Vüqar İsgəndərov alimlərdən və media nümayəndələrindən sonra söz söyləməyin çətin olduğunu deyib. Deputat bildirib ki, dövlətin yaranmasında, formalaşmasında dövrün ziyalıları, mediası müstəsna rol oynayır: 

“Jurnalistika, qəzetçilik çox vacibdir. Dövlətlərin formalaşmasında, tərəqqisində yazılı ədəbiyyatın, elmin, mətbuatın rolu böyükdür. Xalqı maarifləndirən, elmləndirən insanlar, mətbu orqanlar varsa və nə qədər çoxdursa, həmin xalq daha yaxşı inkişaf edir, gələcəyini daha yaxşı qurur”. 

  AMEA-nın həqiqi üzvü, akademik Fikrət Əliyev ümummilli lider Heydər Əliyevlə bağlı bir xatirəsini iştirakçılarla paylaşıb və mərhum prezidentin ölkə mətbuatına verdiyi dəyərə diqqət çəkib. 

“İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, Azərbaycan mətbuatı çox şərəfli və qürurlu yol keçib: “Akif müəllimlə 1990-cı illərdə “7 gün” qəzetində birgə əməkdaşlıq etmişik. Daha sonra hərə öz qəzetini yaratdı. Akif müəllim 26 ildir “Şərq” qəzetinin başındadır. “Şərq” böyük bir məktəbdir. 74 cilddən ibarət nüsxələrin kitabxanaya verilməsi təqdirəlayiq addımdır. Hesab edirəm ki, qəzetlər sadəcə kitabxanalara deyil, jurnalistika tədrisi ilə məşğul olan universitetlərə də hədiyyə olunmalıdır. “Şərq” yeni bir nümunənin, ənənənin təməlini qoydu. Bu, gələcəkdə peşəkar jurnalistlərin yetişməsində, tədqiqat işlərinin aparılmasında, elmi araşdırmalarda mühüm rol oynayacaq”. 

Tanınmış jurnalist Rafiq Həşimov "Şərq" qəzeti redaksiyasının bu addımını tarixi addım kimi dəyərləndirib. R.Həşimov mətbuatın indiki real vəziyyəti və ümummilli lider Heydər Əliyevin Azərbaycan jurnalistlərinə göstərdiyi qayğıdan da danışıb.

  Sonda şəhid jurnalist Məhərrəm İbrahimovun qardaşı Əsgər İbrahimov və şəhid operator Sirac Abışovun qardaşı Şirzad Abışov da çıxış edərək ölkə mətbuatı, çap mediası ilə bağlı fikirlərini bəyan ediblər.