Bakı hazırdır


İlham Əliyevlə Paşinyanın vasitəçilərsiz birbaşa danışıqları prosesi sürətləndirə bilər

"Əngəl Rusiyadır. Moskva Bakı-İrəvan xəttindəki bütün prosesdə bu və ya digər formada iştirakçı olmaq imkanını əldən vermir"

  Azərbaycan tərəfi dəfələrlə Ermənistanla münasibətləri normallaşdırmağa hazır olduğunu bildirib. Hətta yekun sülh müqaviləsinin imzalanması istiqamətində əməli addımlar da atıb. Eyni zamanda, rəsmi Bakı onu da bəyan edib ki, qeyd edilənlər üçün Azərbaycan və Ermənistan vasitəçilər olmadan birbaşa danışıqlar apara bilər. Lakin İrəvan bu məsələyə adekvat reaksiya verməyib. Hadisələrin axarı hazırda İrəvanda Bakının dediklərinin əslində zəruri olduğunun qəbul edilməyə başlandığına dair təəssüratlar yaradır. Bir neçə gün əvvəl Ermənistanın keçmiş səhiyyə naziri və hakim “Vətəndaş müqaviləsi” partiyasından olan deputat Arsen Torosyanın açıqlamaları da bu qənaətə gəlməyə əsas verir. O hesab edir ki, İrəvan vasitəçilərsiz Bakı və Ankara ilə münasibətləri yaxşılaşdırmalıdır: 

“Bizə bir millət, xalq və dövlət olaraq durmadan deyilir ki, heç vaxt qonşularımızla sülh şəraitində yaşaya bilməyəcəyik”.   Keçmiş nazir bildirir ki, köhnəlmiş stereotiplərdən qurtulmağın və anlamağın vaxtı çatıb və Ermənistan öz qonşuları ilə dinc həyat qurmaq üçün müstəqil addımlar ata bilər: “Amma biz türklərlə və azərbaycanlılarla qonşu kimi dinc yanaşı yaşamanın qeyri-mümkün olduğuna inanaraq tamamilə əks fikirlərlə yaşayırıq. Əgər biz erməni cəmiyyətinin kollektiv şüurunda bu stereotipi qıra bilsək, o zaman qonşularımızla danışıqlar masası arxasına oturub kompromis həll yolları tapa biləcəyik”.   Arsen Torosyan qeyd edir ki, əks halda Ermənistan həmişəlik çıxılmaz vəziyyətdə qalacaq, yeni fəlakətlərə məhkum olacaq. Torosyanın səsləndirdiyi fikirlər onu təsdiq edir ki, Ermənistan cəmiyyətində hökm sürən revanşist əhval-ruhiyyəyə baxmayaraq, Ermənistanın hakim elitasının bir sıra nümayəndələri müharibədən sonrakı reallığı və sülh danışıqlarının zəruriliyini aydın dərk edirlər. Xatırladaq ki, ilk dəfə olaraq Ermənistan Baş naziri Nikol Paşinyanla Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub. Liderlər iki ölkənin münasibətlərinin normallaşması yönündə atılacaq addımları müzakirə ediblər. 

  Siyasi şərhçi Asif Nərimanlı “Şərq”ə bildirib ki, Azərbaycan və Ermənistan liderlərinin birbaşa təmas qurması imkanı mümkündür. Analitikin sözlərinə görə, əslində Brüsseldə sonuncu görüş zaman “ikitərəfli format” üzərində müəyyən razılıqların olması da bu imkanı artırdı:

 “Azərbaycan və Ermənistan sərhədin müəyyənləşməsindən başlayaraq, sülh sazişinin imzalanmasına qədər uzanan prosesdə ikitərəfli əlaqələrə üstünlük verəcəklər. XİN rəhbərlərinin telefon təmasları da bu görüşdən sonra oldu və bu format Prezident İlham Əliyevlə Paşinyanın da telefon təmaslarının mümkünlüyünü aktuallaşdırdı. Bakı buna hazırdır, ikitərəfli formatın işləməsini də dəstəkləyən Azərbaycandır. Lakin Ermənistan tərəfi ikitərəfli formatdan qaçır. Bunun bir neçə mümkün səbəbi var. Birincisi, ikitərəfli format zamanı İrəvanın prosesi uzatmaq üçün manevr imkanları daralır. Halbuki, üçtərəfli və daha çox iştirakçının olduğu danışıqlar formatında bu imkanları var. İkincisi, ikitərəfli formatda əldə olunacaq razılaşmalara görə hədəf birbaşa Paşinyan və komandası olur. Üçtərəfli formatdakı razılaşmalara görə, Paşinyan bir çox hallarda günahkar tərəf kimi Rusiyanı göstərə bilir”. 
  A.Nərimanlı vurğulayıb ki, Paşinyan daxili ictimai rəydən hələ də ehtiyat edir: “Müharibədən sonra ölkə başçısı İlham Əliyevlə birbaşa təmas qurması, telefon söhbətlərinin aparılması ona qarşı kampaniyanı genişləndirə bilər. Bu baxımdan dövlət başçısı İlham Əliyevlə Baş nazir Paşinyanın birbaşa təmasının önündə əngəllər var. Bu əngəllərdən biri də Rusiyadır. Moskva Bakı-İrəvan xəttindəki bütün prosesdə bu və ya digər formada iştirakçı olmaq imkanını əldən vermir.

  Təbii ki, Prezident İlham Əliyevlə Paşinyanın birbaşa təmas qurması Azərbaycan-Ermənistan arasındakı bütün problemlərin daha tez və effektiv həllinə imkan yarada bilər. Bu, regionun gələcəyi, sülhün möhkəmlənməsi baxımından da əhəmiyyətli olardı”.