Prezidentin sözlərindən aydın olur: "Razılaşmaların icrası üçün “məcburetmə əməliyyatı” masadadır"

"Prezident İlham Əliyevin müşavirədəki çıxışından məlum olur ki, Moskva Qarabağdakı erməni ordusunun qalıqlarının iyun ayına qədər çıxarılacağına dair Bakıya söz veribmiş".
Bunu "Sherg.az"a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı deyib. 
Ekspert bildirib ki, mart ayında Bakıda Baş Qərargah rəisi Kərim Vəliyevlə Rusiya Silahlı Qüvvələrinin sülhməramlı fəaliyyət üzrə müavini Aleksey Kimin görüşü keçirilmişdi: 

"Əsas müzakirə mövzusu 10 noyabr bəyanatının 4-cü bəndinin icrası idi. Həmin vaxt Bakının 4-cü bəndin icrasında israr etdiyini və Moskvanın bu israr qarşısında geri çəkilə biləcəyini yazmışdıq. Prezidentin indi verdiyi açıqlamadan da bəlli olur ki, Moskva məsələnin hərbi müstəvidə yox, masada həlli üçün Bakıdan konkret vaxt istəyib. Lakin iyul ayı olmasına baxmayaraq, erməni qoşunlarının çıxarılması ilə bağlı heç bir addım atılmır. Prezidentin çıxışından belə nəticə ortaya çıxır ki, Bakı mart ayında başlamadığı anti-terror əməliyyatını daha təxirə salmaya bilər. Dövlət başçısının sözlərindən razılaşmaların icrası üçün “məcburetmə əməliyyatı”nın masada olduğu aydın olur".