Dövlət başçımızın açıqlamasından çıxan nəticə: "Haylar Qarabağda qalıb yaşamaq istəyirlərsə, onda..."


"...azərbaycanlıların da ən azından Qərbi Zəngəzura qayıtmaları reallığıyla razılaşmalıdırlar" 



"Prezident İlham Əliyev Qarabağın Rusiya hərbi kontingentinin müvəqqəti kontrolunda olan hissəsində yaşayanlara "status" istəyinin qarşılığında Qərbi Zəngəzurla bağlı da belə bir tələb irəli sürüləcəyini bildirdi".

"Sherg.az"ın xəbərinə görə, bu barədə millət vəkili Sahib Alıyev deyib. 

Deputat bildirib ki, dövlət başçımızın açıqlamasından çıxan əsas nəticə budur ki, haylar Qarabağda qalıb yaşamaq istəyirlərsə, onda azərbaycanlıların da ən azından Qərbi Zəngəzura qayıtmaları reallığıyla razılaşmalıdırlar: 

"Onlara status verilib-verilməyəcəyi isə artıq ikinci dərəcəli məsələdir. O baxımdan ikinci dərəcəli məsələdir ki,  Azərbaycan üçün aktual olan bizim soydaşlarımızın indi Ermənistan adlandırılan torpaqlardakı yurd yerlərinə qayıtmasıdır. Status məsələsini qaldıran ikinci Qarabağ savaşının nəticələrini həzm etmək istəməyən bəzi çevrələr və haylardır. İndi onlar oturub fikirləşməlidirlər ki,  Azərbaycanın mərkəzində Ermənistanla  sərhəddən xeyli uzaqda yaşayan haylara "status" verilməsinin qarşılığında Qərbi Zəngəzura qayıdacaq azərbaycanlıların da oxşar haqlarının tanınması geosiyasi, elə həm də siyasi baxımdan kimə daha çox sərf edir. Azərbaycanla Türkiyəyə, yoxsa haylardan geosiyasi alət kimi faydalanmağa çalışanlara? Mən bu fikirdəyəm ki, Qərbdəki bəlli çevrələrdən və qonşuluqdakı bəzi dövlətlərdən fərqli olaraq ən azı indiki reallıqda bu qarşılıqlı "status" məsələsi, haradasa Rusiyanın da maraqlarına cavab verir. Yəqin ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin dünən  Ermənistanda səfərdə olan şefi də bunu bilməmiş deyil".