Növbə Qazaxın yeddi kəndinə çatıb...

“Zəngəzur dəhlizinin işə salınması üçün isə Azərbaycanla olan mübahisəli ərazilər kimi qiymətləndirilən həmin yeddi kənd və Naxçıvanın Kərki kəndi Azərbaycana qaytarılmalıdır”

Dövlət Sərhəd Xidmətinin (DSX) Aparat rəhbəri general-mayor Elçin İbrahimov dünən mətbuat konfransında çıxış edib. DSX rəhbəri bildirib ki, hazırda Qazaxın yeddi  kəndi ilə bağlı məsələ delimitasiya mövzusudur və DSX delimitasiya üzrə müvafiq komissiyada fəaliyyət göstərir. Onun sözlərinə görə, delimitasiya işi başa çatdıqdan sonra demarkasiya işləri həyata keçiriləcək.


Vəziyyəti şərh edən tanınmış jurnalist, siyasi şərhçi Elçin Alıoğlu “Sherg.az”a deyib ki, üçtərəfli bəyanat imzalanan gündən Azərbaycanın  Ermənistan ərazisində  anklav və eksklav qismində qalmış əraziləri, eləcə də on illiklərdən bəri işğal altındakı yeddi yaşayış məntəqəsinin azad edilərək Azərbaycana verilməsi məsələsi gündəmdə idi:

“O vaxt problemin bir neçə həlli nəzərdən keçirildi. Azərbaycanda olan ermənilərin iddia etdiklərinə görə guya eksklavların müqabilində həmin kəndlər azad olunacaqdı. Lakin bu beynəlxalq hüququn prinsiplərinə və Azərbaycanla Ermənistanın hər ikisinin  imzaladığı beynəlxalq normativ aktlara zidd məsələ idi. Çünki işğal altında olmuş ərazinin ərazi mübadiləsinin predmet subyekti qismində gündəmə gətirilməsi beynəlxalq hüquqa ziddir”.

Siyasi şərhçi düşünür ki, DSX-nın məhz indiki vaxtda belə bir bəyanatla çıxış etməsi heç də təsadüfü deyil:

 “Avqustun sonu, sentyabrın ilk yarısına qədər Laçın rayonunun Zabux və Sus kəndlərinin işğaldan azad edilərək Azərbaycana təhvil verilməsi məsələsi var. Lakin bu məsələ prosesin birinci mərhələsidir. İkinci mərhələdə Zəngəzur layihəsinin işə salınması ilə bağlı texniki-iqtisadi layihənin Ermənistan tərəfindən üçtərəfli komissiyaya təqdim olunması ,sonra sərhəddin demarkasiyası ,eləcə də, delimitasiyası məsələləsi var. Üçüncü məsələ isə bizim gözləmədiyimiz təqdirdə  Rusiya ilə İran arasında anlaşmanın baş tutmamasıdır. 

Bilirsiniz ki, İran Zəngəzur dəhlizini tamamilə absurd və suni şəkildə özünə həyati maraqlar zonası elan edib. Dəfələrlə də bəyan edib ki, o, Cənubi Qafqazda sərhəd dəyişilməsinə qarşıdır. Çox istərdim rəsmi Tehran xarici siyasət yetkililəri özlərinə sual versin: Bəs son otuz ildə işğal nəticəsində Azərbaycanın dövlət sərhədləri məcburi dəyişikliyə məruz qalanda İran niyə problemin sülh yolu ilə həllinin tərəfdarıyıq deməkdən başqa bir bəyanat vermədi ? Çünki  İran güvənirdi ki, Qafanda  konsulluq açmaqla Zəngəzur dəhlizinin işə salınmasını ləngidəcək. Lakin rəsmi Tehranın gözləntisi özünü doğrultmadı. Rusiyanın Federal Təhlükəsizlik Xidməti Ermənistanla imzalanmış anlaşma əsasında bəyan edərək Ermənistanın Zəngəzur, Qafan və Qarakilsə (Sisian) bölgələrində artıq on səkkiz nəzarət postu quraşdırılıb. İş o yerə çatıb ki, Ermənistanın bir yaşayış məntəqəsindən digərinə gedən ermənilər ruslar tərəfindən yoxlanılır. Bu ona görə edilir ki, rəsmi İrəvan Zəngəzur dəhlizi layihəsini suni əngəllər vasitəsilə ləngitməsin.

Məhz  bu aspektdən baxdıqda Qazaxın yeddi kəndinin qaytarılması həmin prosesin tərkib hissələrindən biridir.

Analitik vurğulayıb ki, əgər həmin kəndlər üzərində Azərbaycanın suveren hüququ bərpa olunmasa, Zəngəzur dəhlizinin hansı formatda necə fəaliyyət göstərməsi beynəlxalq hüquq tərəfindən bir qədər müammalı qalacaq:

 “İndi Rusiya , eləcə də, Qərb Ermənistanı hər yolla vadar edir ki, Zəngəzur dəhlizi layihəsini mümkün qədər tez işə salsın. Bu layihənin işə salınması üçün isə Azərbaycanla olan mübahisəli ərazilər kimi qiymətləndirilən həmin yeddi kənd ,habelə , Naxçıvanın Kərki kəndi mütləq şəkildə Azərbaycana qaytarılmalıdır. Bu artıq danışıqlar prosesinin ikinci mərhələsidir. Üçüncü mərhələ isə sülh müqaviləsinin imzalanması olacaq. Bu da sadaladığım mərhələlərdən sonra  məntiqi sonluq sayıla bilər” .