Brüssel görüşü! -"Sülh müqaviləsinin imzalanması..." - AKTUAL

Məhəmməd Əsədullazadə: "Ermənistanın bundan sonra atacağı addımlar konkret bilinəcək"
"Paşinyan baş nazir olaraq erməni cəmiyyətini başa salmalıdır"
  Avropa Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüş avqustun 31-də baş tutacaq. Ermənistan hökumətinin mətbuat xidməti bu barədə yayılan məlumatı təsdiqləyib. Bildirilib ki, görüş Brüsseldə olacaq. Bəzi ekspertlər Ermənistanın Azərbaycanın tələblərini yerinə yetirməkdən başqa çarələrinin qalmadığını əsas gətirərək liderlərin gözlənilən görüşünün həlledici olacağını düşünürlər.
Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə "Sherg.az"a deyib ki, “Qisas” hərbi əməliyyatından sonra Ermənistan tərəfi razılaşmaların icra olunması ilə bağlı real addımlar atmağa başladı. Analitikə görə, Laçının boşaldılması da bu real addımlardan oldu: “Ermənistan Azərbaycanla bir daha manipulyasiya etməyin hərbi qarşıdurmaya gətirəcəyinin fərqinə vardı. Bu da Ermənistanın zaman qazanmaq şansının olmamasını göstərdi. Eyni zamanda ermənilər anladılar ki, artıq heç kimə güvənib Azərbaycana qalib gələ bilməzlər. Sərhədlərin delimitasiya və demarkasiyası üzrə komissiyanın iclasının Moskvada keçiriləcəyi qeyd edilib. Hətta Moskvanın vasitəçiliyi ilə dövlət başçısı İlham Əliyev və Baş nazir Nikol Paşinyan arasında görüş keçiriləcəyi qeyd olunub. Amma Brüsseldə Hikmət Hacıyevlə A.Qriqoryan arasında T.Klaar vasitəçiliyi ilə keçirilən görüşdə liderlərin Brüssel görüşünün davam etdirilməsi razılaşdırılıb. Avqustun 31-də keçiriləcək görüşdə əldə olunan razılaşmaların icra mexanizmi və sülh müqaviləsinin bağlanması müzakirə ediləcək. Xüsusilə Zəngəzur dəhlizinin açılması, sərhədlərin demarkasiyasi və delimitasiyası məsələsinin də müzakirə ediləcəyi gözlənilir. Ümumiyyətlə, Brüssel görüşü əhəmiyyətli görüş olacaq.




  Ermənistanın bundan sonra atacağı addımlar konkret bilinəcək. Ermənistan imza atdığı bəndlərə əməl etməlidir. Əksi hərbi qarşıdurmadır. Nikol Paşinyan bunu gözəl anlayır. Paşinyan baş nazir olaraq erməni cəmiyyətini başa salmalıdır. Artıq bu istiqamətdə addımlar atmaqdadır. Müstəqillik bayramı münasibətilə xalqa ünvanladığı təbrikdə Ermənistanın çıxış yolunun olmadığını vurğulaması da bundan xəbər verir”.