ŞƏHİD MƏTİN HÜSEYNOV GƏMİSİ DÜNYA SULARINDA... - FOTO

Türkiyədə yaşayan Azərbaycanlı iş adamı,“Palmalı” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov bir neçə xeyirxah missiya üzərinə götürüb, keçən dəfə Türkiyədə təhsil alan 170 azərbaycanlı tələbəyə təqaüd verməsi ilə bağlı yazmışdıq, indi həmin tələbələrin sayı 250-yə yüksəlib, bu çox sevindirici bir haldır, çünkü təhsilə verilən dəstək həm də Azərbaycanın gələcəyinə yatırımdır. Kaş ki, azərbaycanlı iş adamları dünyanın müxtəlif ölkələrində təhsil alan tələbələrimizə belə maddı dəstək versin, bizim Azərbaycanın gələcəyi üçün elmlı, biliklı, aydın insanlara ehtiyacımız var.

Mübariz bəy həmçinin Vətən Müharibəsində Şəhid olan igidlərimizin adlarını gəmilərinə verərək, onların heç vaxt unudulmayacağını və hər zaman hər birimizin yaddaşında və qəlbində əbədi yaşayacağını örnək əməliyə göstərir.
Dünən Türkiyənin Yalova Şəhərində Şəhid Mətin Hüseynovun adına verilən yeni tanker dünya sularına açıldı. 

Mətin Ramiz oğlu Hüseynov 27 oktyabr 1997-ci ildə Ordubad rayonunun Düylün kəndində anadan olub. İlkin təhsilini 2004-cü ildə Şəhid Surxay Rzayev adına Düylün kənd orta məktəbində alıb, 2013-cü ildə Heydər Əliyev adına hərbi litseyə daxil olub, 2016-cı ildə litseyi müvəffəqiyyətlə başa vuraraq, həmin il Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. 2020-ci ilin iyun ayında məktəbi bitirərək leytenant rütbəsi alıb, həmin ayda da Ağcabədi rayonunda “N” sayılı hərbi hissədə vəzifəsini icara etməyə başlayıb.

Vətən müharibəsi başlayandan dərhal sonra döyüş bölgəsinə yollanıb. Füzuli, Xocavənd, Cəbrayıl istiqamətində gedən döyüşlərdə və Şuşa ətrafındakı bütün döyüşlərdə (Qırmızı Bazar qəsəbəsi, Daşaltı kəndi, Üçtəpə) fəal iştirak edib. 9 noyabr 2020-ci ildə Şuşa istiqamətində (Qırmızı Bazar qəsəbəsi ətrafı) gedən döyüşlərdə yaralı yoldaşını savaş bölgəsindən çıxararkən ağır güllə yarası alaraq Şəhidlik zirvəsinə ucalıb. 22 noyabr 2020-ci ildə doğulduğu torpaqda dəfn olunub. Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları, "Rəşadət" ordeni ilə təltif olunub.

Şəhidimizin valideynləri “Palmali” şirkətinin prezidenti, xeyriyyəçi Mübariz Mənsimovun dəvəti ilə İstanbula gəliblər. Onları şirkətin baş ofisində "Palmali Holding"in rəhbəri Mübariz Mənsimov və şirkətin CEO-su Səbahəddin Su qəbul edib. Görüşdə Mətin Hüseynovun qəhrəmanlığından söz açan Mübariz Mənsimov bildirdi ki, “Palmali” şirkəti bütün şəhidlərimizin adlarını əbədiləşdirmək məqsədilə bundan sonra da fəaliyyətlərini davam etdirəcək. Daha sonra Mübariz Mənsimov şəhid Mətin Hüseynovun valideynlərinə və ailənin digər üzvlərinə qızıldan hazırlanmış xüsusi medalyonları təqdim etdi, Şəhidlərimizin adlarını dünyada tanıtdırdığı üçün iş adamı Mübariz Mənsimova təşəkkür edən Hüseynovlar ailəsi Naxçıvan duzundan hazırlanmış Mömünə Xatun məqbərəsini xeyriyyəçiyə hədiyyə etdilər.

Daha sonra “Palmalı” şirkətinin maşınlarıyla Şəhidin ailəsi, şirkətin çalışanları və İstanbulda fəaliyət göstərən, iş adamı Mübariz Mənsimovun da sponsorluğunu etdiyi Şəhid Mübariz İbrahimov adına məktəbin kollektivi Mətin Hüseynov adına gəminin açılışında iştirak etmək üçün Türkiyənin Yalova şəhərinə doğru yola çıxdılar.
“Palmali” şirkətinə aid, Şəhid Mətin Ramiz oğlu Hüseynovun adını daşıyan neft tankerinin uzunluğu 140 metr, genişliyi 17 metr, tankerin yükdaşıma qabiliyyəti 7000 dwt-dir. 

Şəhidimizin anası Zümrüd xanım gəmiyə yaxınlaşan kimi göz yaşlarını tuta bilmədi. Öncə Mübariz Mənsimov və Şəhidin ailəsi gəminin içərisində Mətinin şəkilləri asılmış otağı ziyarət edib, çay süfrəsində bir az söhbət etdilər. Mübariz bəy dedi ki: “Bütün Şəhidlərimiz bizim üçün əzizdir, onlar Vətənin bir parçasıdır, biz də onların adını əbədiləşdirməyi özümüzə böyük bir şərəf və mənəvi borc hesab edirik. Mətin bizim də evladımızdır, mən sizin bir qardaşınız olaraq hər zaman xidmətinizdəyəm”.
Sonra gəminin dünya sularına çıxması üçün siqnal verildi və Şəhidimizin ailəsi gəminin ipini çəkərək açılışını gerçəkləşdirdilər. Zümrüd ana gözləri yaşlı oğlunun adını daşıyan gəmiyə baxaraq bizə bunları dedi: 

"Həmişə Mətinlə fəxr etmişəm, qürur duymuşam, indi də mənim başımı uca etdi. Mətin 44 günlük Vətən Savaşının 42 gününü döyüşüb. Dəfələrlə yaralansa da, qospitalda qalmayıb ki, mən döyüş yoldaşlarımı tək qoya bilmərəm. Şuşa ətrafında gedən sonuncu döyüşdə, Noyarın 9-da Şəhid olub. Subay idi, gəlişini gözləyirdik ki, söz, nişan edək. 

Üç ayın leytenantı idi mənim balam, arzuları yarımçıq qaldı (Zümrüd ana ağlayır, mən də duyğularıma hakim ola bilmədim). Allah Mübariz bəydən razı olsun, ömrü uzun olsun. O bu gün bizə bu qüruru yaşatdı, onun sayəsində balamın adı bundan sonra bütün dünyada yaşayacaq, onu hər bir limanda tanıyacaqlar. Mən ölüb getsəm də, balamın adı həmişə yaşayacaq, bu az da olsa acımı xəfiflədir, Şəhidlərimiz tarix yazdılar. Əziyyətimizi çəkən Fidan xanıma və Aytən xanıma da təşəkkür edirəm".

Azərbaycanlı olaraq mən də sizə təşəkkür edirəm, Mübariz bəy. Yaxşı ki, varsız!
Yaqut Misirxanlı
İstanbul-Yalova