Azərbaycan Prezidentinin Bolqarıstan səfəri İran mətbuatının diqqətində olub

İran mətbuatı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstan səfərini və orada apadığı danışıqları diqqət mərkəzində saxlayıb.

AZƏRTAC xəbər verir ki, İSNA xəbər agentliyi Prezidentin səfəri barədə yazarkən Azərbaycanın Avropaya qaz ixracını iki dəfə artıracağını qeyd edib. Sayt AZƏRTAC-a istinadla bildirib ki, Prezident İlham Əliyev Bolqarıstan Prezidenti Rumen Radev ilə görüşdən sonra birgə bəyanatla çıxış ediblər. Azərbaycan Prezidenti Avropaya qaz ixracının artırılması ilə yanaşı, Bolqarıstan-Yunanıstan qaz xəttinin çəkilişini tarixi əhəmiyyət daşıdığını bildirib və qeyd edib ki, bu xəttlə Azərbaycan qazı Avropaya daha geniş şəkildə ixrac olunacaq.

Qeyd olunub ki, Prezident İlham Əliyev Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimində çıxış edərək bunun Avropanın enerji təhlükəsizliyi üçün faydalı olacağını nəzərə çatdırıb. Bildirib ki, Azərbaycan Avropa ilə imzalanan sazişə sadiq qalaraq 2027-ci ilə kimi qaz ixracını daha da artıracaq.

Tədbirdə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen və region ölkələrinin hökumət başçıları iştirak edib.