Zaman o zamandı 

Sülh müqaviləsinin imzalanması ehtimalı böyükdür
 
“Avropa İttifaqı bölgədə sülhün təsisi üçün maliyyə imkanlarını da dövriyyəyə buraxmağa hazırdır”

Kollektiv Qərb Ermənistanın Baş naziri Nikol Paşinyandan bu ilin sonuna qədər sülh müqaviləsini imzalamağı tələb edir. Bu barədə Ermənistanın "Qraparak” qəzeti yazıb. Nəşr bildirib ki, məsələ oktyabrın 6-da Praqada bağlı qapılar arxasında müzakirə olunub. Mənbənin sözlərinə görə, Azərbaycan tərəfi müqavilənin 9 noyabrda imzalanmasını təklif edib. Deyilənə görə, Paşinyan buna etiraz edərək həmin tarixin erməni xalqının yaddaşında pis simvolizə olunduğunu deyib.

Ermənistan ictimaiyyəti hesab edir ki, sülh müqaviləsi növbəti kapitulyasiya aktı olacaq. Paşinyan həmçinin Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın "suveren ərazisindən" çıxarılması məsələsini qaldırıb. O, bəyan edib ki, bu şərt yerinə yetirilməzsə, müqaviləyə imza atmayacaq. Azərbaycan isə Mehri ərazisindən keçən dəhliz barədə tələb irəli sürüb: "Ermənistan hökuməti də yeni hərbi toqquşmaların olması riskini istisna etmir”. 
Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu isə deyib ki, Azərbaycanla Ermənistan sülh sazişinin əsas prinsiplərini razılaşdırıb. Onun sözlərinə görə, Türkiyə münasibətlərin normallaşdırılması mövzusunda da səmimidir. Nazir indiki vəziyyətdə Cənubi Qafqazda stabilliyin son dərəcə vacib olduğunu qeyd edib: “Amma təbii ki, Ermənistanın yaşadığı travmalar var. Biz 30 il ərzində işğal etdiyi torpaqları özününkü hesab edən ölkə və millətdən danışırıq. Bu savaş artıq bitdi, bundan sonra Paşinyana Ermənistan xalqının dəstək verməsi onların sülh istəməsi deməkdir, amma sülhü istəməyənlərin səsi daha çox çıxır. Ermənistan anlamalıdır ki, burada davamlı sülh üçün addımlar atmaq lazımdır”. XİN rəhbəri əlavə edib ki, son danışıqlar əvvəlkilərdən daha uğurlu keçib: “Azərbaycan ilə Ermənistan qalıcı sülh sazişi imzalamalıdır. 5 əsas prinsip ətrafında anlaşma var, bunu həyata keçirmək lazımdır”.

Politoloq Turab Rzayev "Şərq"ə deyib ki, proseslər sülhə doğru gedir. Onun sözlərinə görə, yaxın gələcəkdə müqavilənin imzalanma ehtimalı böyükdür: 

"Avropa İttifaqı Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin imzalanmasında çox maraqlıdır. Nəzərə alaq ki, bugünədək tərəflər arasında çoxsaylı görüşlər keçirilib və sadəcə Aİ-nin moderatorluğu ilə baş tutan təmaslarda nəticələr əldə olunub. Brüssel görüşlərində ilk dəfə Zəngəzur dəhlizi üzərində dəmir yol xəttinin, avtomobil yolunun çəkilməsi ilə bağlı müəyyən razılıq əldə edilib. Sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı komissiyalarının yaradılması razılaşdırılıb. Bunların hamısı Brüsselin vasitəçiliyi ilə əldə olunub. Eyni zamanda Avropa İttifaqı bölgədə sülhün təsisi üçün maliyyə imkanlarını da dövriyyəyə buraxmağa hazırdır. Ermənistana 2.6 milyard, Azərbaycana isə 2.2 milyard avro vəsait ayrılıb. Bu da Cənubi Qafqazın inkişafına Aİ-nin verdiyi dəyəri göstərir. Avropa İttifaqı regionda sülhün bərqərar olmasında, iqtisadi-siyasi inteqrasiya formalaşmasında çox maraqlıdır". 

T.Rzayev vurğulayıb ki, Praqa görüşündə Türkiyənin də yaxından iştirakı çox mühüm amildir: 

"Müharibə dövründə yaradılmış Azərbaycan-Türkiyə və Rusiya-Ermənistan masasına alternativ Azərbaycan-Türkiyə və Fransa-Ermənistan masası formalaşmaqdadır. Fransanın son günlər xüsusi aktivliyi, bölgəyə missiya göndərməsi də bunu sübut edir. Bundan əvvəl keçirilən Brüssel görüşündə Azərbaycan rəhbərliyi üç komissiyasının yaradılmasına qərar vermişdi. Deməli, bizdə böyük bir əminlik var ki, ilin sonuna kimi sülh müqaviləsi yekunlaşdırılmalıdır. Ən azından ilkin formada, qaralama şəklində də olsa sənədi meydana çıxarmaq lazımdır. Çünki vaxt bölgənin və tərəflərin əleyhinə işləyir. Getdikcə sülh prosesini əldə etmək daha da çətinləşəcək".