Diaspor təşkilatlarımız İrandakı azərbaycanlılara virtual, mənəvi dəstək verə bilər
"Bu gün Azərbaycan diasporunun qarşısında xüsusilə daha vacib və tarixi vəzifələr dayanır. Biz bütün azərbaycanlıların dünyanın hər bir yerində əməkdaşlığını, həmrəyliyini daha yüksək səviyyədə təşkil etməliyik".
Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Türkiyənin İstanbul şəhərində keçirilən dünya azərbaycanlı elm xadimlərinin görüşündə bildirib. O, xüsusilə indiki tarixi şəraitdə Azərbaycan diasporunun Güney Azərbaycandakı soydaşlarımızın yanında olduğunu vurğulayıb: "Biz Güney Azərbaycanda yaşayan 40 milyonluq soydaşımızın yanındayıq. Onların bu günlərdə yaşadıqları problemlər Azərbaycan diasporunun diqqətindədir".
"Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi" İctimai Birliyinin sədri Fuad Hüseynzadə isə “Şərq”ə açıqlamasında deyib ki, xaricdəki soydaşlarımızın milli birliyi, həmrəyliyi və mütəşəkkilliyi məsələsi hər zaman prioritetdir. Onun sözlərinə görə, Azərbaycan dövlətinin bu istiqamətdə apardığı siyasətin mahiyyəti dünya azərbaycanlılarının potensial imkanlarını səfərbər etməkdir: “Bu gün dünya azərbaycanlılarının həmrəyliyini daha da gücləndirmək və birliyini möhkəmləndirmək məqsədilə hazırda həm dövlət səviyyəsində, həm də ictimai və elmi təşkilatlar səviyyəsində xeyli iş görülüb və görülməkdədir. Bu məqsədlə keçirilən əməli tədbirlərin sayəsində xarici ölkələrdə yaşayan soydaşlarımızın xalqımızın, millətimizin ümumi mənafeyi naminə həmrəyliyi güclənib. Biz dünya azərbaycanlılarının həmrəyliyi və birliyi deyəndə İrandakı soydaşlarımızı da nəzərdə tuturuq. Orada yaşayan 40 milyondan artıq soydaşımızın hər hansı problemi, çətinliyi daimi diqqətdə olmalıdır. Çünki onlar da xalqımızın dili və dini bizdən olan nümayəndələridir. Bu günlərdə Prezident İlham Əliyev çıxışında İranda yaşayan azərbaycanlıların müdafiəsi üçün Azərbaycanın əlindən gələni edəcəyini deyib. Cənab Prezident İranda yaşayan azərbaycanlıların ana dilində təhsil almasının vacibliyini də diqqət mərkəzinə gətirib. İrandakı azərbaycanlılar uzun illərdir ki, öz ana dillərində təhsil almaq və dövlət idarələrində Azərbaycan dilinin işlədilməsi uğrunda mübarizə aparırlar. Elə buna görə də rəsmi Tehran azərbaycanlılara qarşı təzyiq siyasətini gücləndirir, Azərbaycan dilində çıxan nəşrləri qadağan edir. Milli hüquq uğrunda mübarizə aparan gəncləri həbsə alır və onları işgəncəyə məruz qoyur. Fikrimizcə, diasporumuz buna qarşı öz reaksiyasını bildirməlidir. Bu baxımdan diasporumuzun İrandakı soydaşlarımızın Azərbaycan dilində tədris məsələsinə dəstək verməsi mümkündür. Bununla bağlı virtual layihələr keçirmək olar. Ümumiyyətlə, indiki məqamda İrandakı azərbaycanlılara diaspor təşkilatları virtual, eləcə də mənəvi dəstək verə bilər. Məsələn, bu günlərdə diaspor üzvlərindən biri İranda geniş vüsət alan etirazlar fonunda Güney Azərbaycanla bağlı marş yazıb. Bu kimi təşəbbüslər İrandakı soydaşlarımız üçün əhəmiyyətli stimul, mənəvi dəstəkdir”.