İnsanların şənbə, bazar, hətta bayram günləri gedib pul dəyişmələrinə şərait yaradılmalıdır
"Əgər Azərbaycanda turizmi inkişaf etdirmək istəyiriksə, təhlükəsizliyi təmin edilməklə 24 saat işləyən valyutadəyişmə məntəqələri olmalıdır"
"Azərbaycanda şənbə-bazar və bayram günlərində banklar işləmir. Başa düşürəm ki, istirahət edirlər. Bəs vətəndaşlar, xüsusi ilə turistlər pulunu necə dəyişsinlər?".
Bunu Milli Məclisin plenar iclasında deputat Rüfət Quliyev deyib: "Qanuni lisenziya ilə işləyən 3-5 min valyutadəyişmə məntəqəsi ləğv edildi və bu səlahiyyət banklara verildi. Zəhmət olmasa, yenə də bu məsələyə baxılsın, insanlar əziyət çəkməsin".
İqtisadçı-ekspert Əyyub Kərimli “Şərq”ə açıqlamasında bu məsələni bir neçə dəfə qaldırdığını deyib: “Azərbaycanda xarici valyuta almaq istəyən vətəndaşlar ciddi problemlərlə üzləşirlər. Övladları xaricdə oxuyan, xaricə turist səfərinə getmək istəyən vətəndaşlar xüsusilə çətinlik çəkirlər. Bizdə bayram günlərinin çox olması və şənbə-bazar günləri bank sektorunun işləməməsi sadəcə valyutadəyişmə yox, idxal-ixrac və digər daxili əməliyyatlar üçün də problem yaradır”.
“Exchange”lərin yenidən açılmasına zərurət olduğunu deyən iqtisadçının sözlərinə görə, valyutadəyişmə məntəqələrinin yenidən fəaliyyəti imkan verəcək ki, insanlar asan, sərbəst şəkildə - şənbə, bazar, bayram günlərinə baxmadan gedib pullarını dəyişə bilsinlər: “Ölkədə valyuta mübadiləsi fəaliyyəti göstərmək üçün müəyyən edilmiş qaydalar var. Onsuz da valyutadəyişmə əməliyyatları üçün 20 min manat limit qoyulub.
Turizmin inkişafı baxımından da valyutadəyişmə məntəqələrinin açılmasını müsbət hesab edirəm. Əgər Azərbaycanda turizmi inkişaf etdirmək istəyiriksə, təhlükəsizliyi təmin edilməklə 24 saat işləyən valyutadəyişmə məntəqələri olmalıdır. Əgər biz turizmi inkişaf etdiririksə, hansısa xarici vətəndaş Azərbaycana valyuta gətirirsə, bunlar üçün münbit şərait yaratmalıyıq ki, gəlsin, dünyanın hər yerində olduğu kimi pasportunu versin və pulunu dəyişib getsin”.