İlham Əliyev xarizmatik liderdir


Cümşüd Nuriyev: “Əmin olun, hazırda seçki keçirilsə, İlham Əliyevin səs faizi 95 olacaq”
  24 dekabr Azərbaycan Prezidenti İlham Əliyevin doğum günüdür. Xalqımıza 200 illik böyük bir aradan sonra qalıb xalq sevincini yaşadan böyük sərkərdənin, Ali Baş Komandanın 61 yaşı tamam olur. Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi ilk dövrlərdən bu günə qədər həyata keçirdiyi islahatlar Azərbaycanın dayanaqlı inkişafının səbəbidir. İqtisadi böhranlara, beynəlxalq təzyiqlərə və pandemiyanın yaratdığı çətinliklərə rəğmən dövlət başçısının nümayiş etdirdiyi yüksək peşəkarlıq və xalqa arxalanma siyasəti Azərbaycanda yaşanan ümumxalq birliyinin səbəbidir. Sonuncu prezident və parlament seçkilərindən sonra ölkəmizdə başlanan islahatlar yeni mərhələyə qədəm qoydu və bu gün də bu mütərəqqi proses Prezident İlham Əliyevin rəhbərliyi altında əzmlə davam etdirilir. Sürətlə dəyişən reallıq və müəyyən olunan yeni obyektiv amillər islahatların davamlı aparılmasını vacib vəzifə kimi müəyyən edir. Şübhəsizdir ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası yaxın gələcəkdə inkişafda olan ölkələr sırasından çıxaraq inkişaf etmiş ölkələr arasına daxil olacaq. Prezident İlham Əliyevin tez-tez dünyanın ən nüfuzlu liderlərindən biri elan olunması onun qlobal fəaliyyətinin məntiqi nəticəsidir. Nüfuzlu beynəlxalq təşkilatların hesabat və sorğularında daim Azərbaycan Prezidenti liderlər sırasına düşür. Dövlət başçısı bir neçə dəfə beynəlxalq təşkilatlar tərəfindən “İlin adamı” elan olunub. Ona müxtəlif ölkələrin ali mükafatları təqdim olunub. Bütün bunlar təbii ki, İlham Əliyevin həm ölkədə həyata keçirdiyi siyasətə, həm də beynəlxalq fəaliyyətinə görə verilib. Son illər Azərbaycanda müşahidə olunan siyasi, iqtisadi və digər proseslər ölkəmizdə bütün sahələr üzrə sürətli inkişafın, milli maraqların, bəşəri ideyaların və demokratik prinsiplərin əksər dövlətlər üçün bir nümunə ola biləcəyini deməyə əsas verir. İqtisadi, siyasi, demokratik islahatlar sahəsində qazanılmış uğurlar, ölkəmizin liderlik zirvəsini qoruması bunu təsdiqləyən başlıca amildir. Prezident İlham Əliyev dünya səviyyəsində Azərbaycanın söz sahibi olduğunu, həmçinin XXI əsrdə dövlətlərin böyüklüyünün, yaxud kiçikliyinin fərq etmədiyini, dövlətin müstəqil siyasət yeridə bilməsinin əsas olduğunu ortaya qoydu. Ölkə rəhbərinin 19 illik siyasətinin kulminasiyası isə 2020-ci ildə baş verən 2-ci Qarabağ müharibəsində qazanılmış möhtəşəm qələbə və Qarabağın düşmən işğalından azad edilməsidir. Ali Baş Komandan böyük peşəkarlıq və əzmlə Azərbaycan Ordusunun başında dayandı, xalqımızın ən böyük arzusunu və Ulu Öndərin vəsiyyətini yerinə yetirdi. 30 il işğal altında qalan torpaqlarımız düşməndən azad edildi. Bu Qələbə sayəsində regionda yeni reallıqlar yarandı. Siyasi, iqtisadi imkanlarının genişləndirilməsi Azərbaycanın beynəlxalq arenadakı mövqelərini möhkəmləndirib. Bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı, onun milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir. Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan bu gün dünyada bir çox transmilli layihələrin təşəbbüskarı və uğurlu icraçısı, etibarlı tərəfdaş kimi tanınır.
  Siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev "Şərq"ə açıqlamasında dövlət başçısı İlham Əliyevin qlobal miqyasda böyük nüfuz sahibi, güclü bir lider olduğunu deyib. Professor Azərbaycana uzaqgörən, hər şeyi ölçüb-biçən, vaxtında düzgün qərar qəbul edən, dünyanın və regionun problemlərini dərindən bilən bir insanın rəhbərlik etməsindən fəxr duyduğunu söyləyib: "İlham Əliyev peşəkar diplomat olmaqla yanaşı, bir çox sahələri, iqtisadiyyatı da çox gözəl bilir. Hər şeyi gələcəyə hesablanmış şəkildə həyata keçirir. 19 il ərzində dövlətə rəhbərlik etməsi və seçkilərdə 80 faizdən çox səs toplaması göstərir ki, xalqımızın ona inamı, etimadı böyükdür. Əmin olun, hazırda seçki keçirilsə, İlham Əliyevin səs faizi 95 olacaq. Prezidentimiz həddindən artıq xarizmatik liderdir. Eyni zamanda dövlətə, xalqa durmadan, fasiləsiz xidmət göstərən liderdir. Ümummilli Lider xilaskar statusunda idisə, İlham Əliyev bayraqdar və xidmətkar statusundadır. Dövlət başçımızın Azərbaycanın üçrəngli bayrağını Qarabağdan asması 216 illik işğal siyasətinə son qoyması demək idi. Ölkə rəhbəri 44 günlük müharibədə sadəcə xalqımızın milli heysiyyətini, qürurunu, şərəfini özünə qaytarmadı, həm də xalqın inamsızlığını aradan qaldırdı. İlham Əliyev dünya siyasətinə müasir müharibənin aparılması taktikasını göstərdi. Daha az itki ilə daha böyük və gözlənilməyən nailiyyətin əldə oluna biləcəyini hamıya sübut etdi. Şuşanın alınması çoxları üçün gözlənilməz idi. Dövlət başçısı eyni zamanda "Böyük Qayıdış" üçün 12 yol xəritəsi hazırlatdırıb".
  C.Nuriyev qeyd edib ki, İlham Əliyev paralel islahatlar modeli həyata keçirir: "Dövlət başçısı həm siyasi, həm iqtisadi, həm də hüquqi islahatları eyni anda reallaşdırır. Gənclərin önə çəkilməsi, onlara etimad göstərilməsi də gələcəyə hesablanmış, insan kapitalının formalaşmasına yönəlmiş mühüm addımlardandır. Prezident Cənubi Qafqazda yeni siyasi paradiqma gündəmə gətirdi. Bu, Azərbaycanın simasında bütöv bir bölgədə sabitliyi, stabilliyi təmin etmək və dayanıqlı inkişafa nail olmaqdan ibarətdir. Həmçinin uzun müddət dünyada gedən proseslərdən təcrid olunmuş türk ölkələrini bir araya gətirdi. İlham Əliyev Türk Dövlətləri Təşkilatının həmmüəlliflərindəndir. Bu təşkilatın güclənməsində, təşkilatlanmasında ölkə rəhbərinin müstəsna xidmətləri var. Ölkə başçısı heç kimin dilə gətirmədiyi Cənubi Azərbaycandakı soydaşlarımızın məsələsini ən sərt və açıq formada gündəmə gətirməklə bütün dünya azərbaycanlılarının lideri olduğunu növbəti dəfə sübut etdi".