Nəcməddin Sadıkov mühakimə olunmalıdır


Fazil Mustafa: "Günahsız ölən əsgər və zabitlərimizin haqqı qaytarılmalıdır"
  "Tez-tez bir ifadə işlənilir ki, gedənin dalınca danışmazlar. Amma bizdə gedənin daha çox tumarlanması, qorunması prosesi baş verir. O gedən də yüzlərlə insanı gedər-gəlməzə göndərib". Bunu Milli Məclisin dünənki iclasında deputat Fazil Mustafa deyib. Parlament üzvü bildirib ki, bu günlərdə Azərbaycan müdafiə nazirinin sabiq müavini, Müdafiə Nazirliyinin Baş Əməliyyat İdarəsinin sabiq rəisi general-mayor Elbrus Orucov müsahibə verib: "O, Azərbaycan Ordusunda kifayət qədər başqa ölkələrin, xüsusilə Rusiya xüsusi xidmət orqanlarının agenturasının mövcud olduğunu bildirib. Hətta birbaşa keçmiş Baş qərargah rəisi Nəcməddin Sadıkovu suçladı. Əməliyyat planlarının satılması, müxtəlif əməliyyat proseslərinin pozulması istiqamətində açıqlama verdi. Hüquq-mühafizə orqanları açıq-aşkar Nəcməddin Sadıkovu mühakimə etməlidirlər. Onun mühakiməsi ona görə vacibdir ki, günahsız ölən əsgər və zabitlərimizin ölümündən sonra haqqını qaytara bilək. Bu proseslərə məsuliyyətli yanaşmalıyıq".
  Deputat qeyd edib ki, ötən gün Türkiyənin Prezident kitabxanasında keçirilən sərgidə xatırladıldı ki, Prezident İlham Əliyev Şuşanın azad olunması ilə bağlı təqdim olunan planı geri çevirib və başqa planla Şuşanı azad edib: “Bəlkə də aprel döyüşlərində də bəzi planlardan xəbəri olsaydı, bunu geri çevirərdi, bu qədər əsgər və zabitimiz günahsız həyatını itirməzdi”.