Fuad Nəcəfli ziyalı bir nəslin nümayəndəsidir


O, bütün gücünü səfərbər edib öz işinin öhdəsindən layiqincə gələcək
  "Azərbaycan Respublikasının hər yerində, həm mərkəzi icra orqanlarında, həm də yerli icra hakimiyyətlərində idarəetmə mexanizminin optimallaşdırılması prosesi gedir". Bunu "Şərq"ə açıqlamasında "Səs" Media Qrupunun rəhbəri Bəhruz Quliyev deyib. Baş redaktor bildirib ki, aparılan islahatlar çevikliyi təmin etmək və vətəndaş məmnunluğunu artırmağa xidmət edir: "İslahatların, təyinatların əsas məqsədi şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə aparılmasıdır. Naxçıvanda gedən proseslər, islahatlarla bağlı atılan addımlar, verilən sərəncamlar, o cümlədən bölgəyə səlahiyyətli nümayəndənin təyin olunması idarəçilik mexanizmində optimallaşmanın təzahürüdür. Əminəm ki, Naxçıvana səlahiyyətli nümayəndə təyin olunan Fuad Nəcəfli ona həvalə olunan vəzifənin öhdəsindən gəlməyə, etimadı doğrultmağa çalışacaq. Bu, həqiqətən də cənab Prezident tərəfindən çox yüksək etimaddır. Heç bir ictimai-siyasi proseslərdə adı hallanmayan şəxsin yüksək vəzifəyə təyin olunması müəyyən müzakirələrə səbəb olur ki, görəsən, həmin şəxs tapşırıqların öhdəsindən gələ biləcək, ya yox. Dövlət başçısının əsas tapşırığı, tövsiyəsi odur ki, şəffaf və ədalətli idarəetmə olsun, korrupsiyaya qarşı mübarizə aparılsın və vətəndaşların məmnunluğu təmin olunsun. Fuad Nəcəfli dəyərli, mədəni bir ailənin üzvüdür, tanınan, ziyalı bir nəslin nümayəndəsidir. Hesab edirəm ki, F.Nəcəfli öz işinin öhdəsindən layiqincə gələcək. Bütün gücünü, imkanlarını səfərbər edərək dövlət başçısının zəruri tapşırıqlarını icra edəcək. Əminəm ki, bu sərəncam uğurlu olacaq".