Azərbaycanda 5 və ya 6 mərtəbəli binaların tikilməsi real deyil

Deputatın təklifini azad olunmuş ərazilərdə, respublikanın digər böyük şəhərlərində reallaşdırmaq olar

  “5 və maksimum 6 mərtəbədən yüksək binaların tikilməsini qadağan etmək lazımdır”. Bunu Milli Məclisin dünən keçirilən iclasında deputat Naqif Həmzəyev deyib. Deputatın sözlərinə görə,  binalar seymsik izalyatorlar əsasında tikilməli, mövcud binalara bu avadanlıqlar yerləşdirilməlidir:

 “Əvvəllər çox ciddi nəzarət var idi.  Lakin indi bu sahədə özbaşınalıq var.  Təəssüflər olsun  ki, hətta Gəncə və ətraf ərazilərdə çoxmərtəbəli binalar tikilir. Binalar tikilir və vətəndaşların öhdəsinə verilir ki, evlərini təmir etsinlər. Təmir nəticəsində çoxlu qanun pozuntularına rast gəlinir. Lazımi sütunlar vətəndaşlar tərəfindən yararsız vəziyyətə salınır. Bina tikən şirkətlər tam təmirli formada binaları sakinlərə verməlidirlər. Bu məsələlərə nəzarət etməsək, Azərbaycan ərazisində, xüsusilə Gəncə ərazisində böyük fəlakətin olma ehtimalı var".
  Daşınmaz əmlak eksperti Elnur Fərzəliyev millət vəkilinin təklifini dəstəkləyir, amma bunun reallıqdan kənar olduğunu zənn edir: “Paytaxtda sökülməli olan yüzlərlə qəzalı və istismar müddətini bitirmiş binalar var.  Bu binaların söküntüsünü də özəl tikinti şirkətləri həyata keçirir. Bu şirkətlərin də maddi marağı olmasa, bu yükün altına girməzlər. 5 mərtəbəli binalar söküləndə  tikinti şirkətləri yeni bina tikilib təhvil verilənə qədər kirayə pulu verir, həm də tikdiyi binada onları təmirli bina ilə təmin edir. Çəkdikləri bu xərci çıxartmaq üçün ən azı 10-12 mərtəbəli bina tikməlidir ki, həmin mənzillərin satışından əldə etdikləri gəliri də özlərinə götürsünlər. Əgər qəzalı binalar dövlət xətti ilə sökülüb, yerində təzədən 5-6 mərtəbəli binalar  vətəndaşlara təqdim edilsə, bu çox gözəl varinat olar. Amma reallığı danışsaq, Bakıda  çoxmənzilli yaşayış  binaları üçün yararlı olan torpaq sahələrinin qiyməti  fantastik dərəcədə çox olur. Bu gün hansısa tikinti şirkəti torpaq sahəsini alıb 13 mərtəbəli yaşayış binası tikir və kvadratını 1500-2000 manatdan vətəndaşlara satır. Amma həmin MTK  üçün maksimum 5 mərtəbəli bina tələbi qoyulsa, o, baha qiymətə aldığı torpaq sahəsində tikdiyi binanın kvadratını 5000 manatdan satmalı olacaq ki, gəlir xərci kompensasiya edə bilsin”.
  Ekspertin sözlərinə görə, deputatın təklifini  azad olunmuş ərazilərdə, respublikanın digər böyük şəhərlərində reallaşdırmaq olar. Hansı ki o şəhərlərdə torpaq ərazisini nisbətən ucuz qiymətə əldə etmək mümkün olsun: “Əslində buna bənzər layihə Ağ Şəhərdə reallaşdırılıb. Dövlət  ərazini çirkabdan təmizləyib, tikinti şirkətlərinə  göstəriş verdi ki, konkret layihəyə uyğun binalar  tikib sata bilərsiniz. Şirkətlər də torpaq sahəsini dövlət tərəfindən pulsuz əldə etdiklərinə görə, 6-8 mərtəbəli binalar tikib satdılar. Amma paytaxtın digər ərazilərində bu cür layihələrin reallaşdırılması ehtimalı çox aşağıdır.  Yuxarıda da qeyd etdiyim kimi, paytaxt Bakı və ətrafında ümumi olaraq 11 min istismar müddəti bitmiş köhnə, çoxmənzilli yaşayış binaları var, hansı ki onlar iki, üç, dörd və beşmərtəbəli binalardır”.