"Biz Şərqdə ilk demokratik dövləti quran millətik"

Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

Nəsiman Yaqublu: "Bir dövlət qurmaq həm də yüksək siyasi savadın bir nəticəsidir"


  Hər il 28 May günü  ölkəmizdə  xüsusi əhval-ruhiyyə, böyük sevinc və qürur hissi ilə qeyd olunur. Məhz bu tarixdə -1928-ci il 28 mayında Şərqdə və müsəlman aləmində ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək, xalqımızın müstəqillik əzmini nümayiş etdirib. Düz 105 il bundan əvvəl Azərbaycanın müstəqilliyini bəyan edən İstiqlal Bəyannaməsi qəbul edilib. 
  Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti təkcə Azərbaycanda deyil, ümumən Şərqdə mütərəqqi dövlətçilik ənənələri formalaşdırıb. 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərib. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılıb, dövlət atributları təsis olunub, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilib, Cümhuriyyətin beynəlxalq münasibətlər sistemində tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılıb. Yeni fəaliyyətə başlamış parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, habelə demokratik prinsiplərin təsbit edilməsində əsaslı rol oynayıb.
  Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini özündə birləşdirən Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın milli və siyasi şüurunun, yüksək mədəniyyətinin nəticəsi idi. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti xalqın milli mənlik şüurunu özünə qaytarıb, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirib.
  Azərbaycanın bu gün dünya birliyində müstəqil dövlət kimi bərqərar olmasının, demokratik ənənələrin, insan hüquq və azadlıqlarının qorunmasının, söz və mətbuat azadlığına geniş meydan verilməsinin əsası Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulub. Müsəlman Şərqində ilk parlament respublikası xalqımızın qədim dövlətçilik ənənələrini yaşadaraq, müasir dövrə xas dövlət təsisatlarının formalaşdırılmasına nail olub. Əsrlər boyu müstəqillik arzusu ilə yaşayan xalqımız, nəhayət ki, öz müstəqil dövlətinə sahib olub.
  Dünya birliyi tərəfindən tanınan Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində ölkəmizin beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprel ayında bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını alıb. 
Qeyd edək ki, Cümhuriyyət dövründə milli dövlətçiliyin əsaslarının gücləndirilməsi istiqamətində strateji əhəmiyyətli addımlar atılıb. Parlament milli dövlətçiliyin gücləndirilməsi baxımından böyük əhəmiyyət daşıyan - xalq maarifinin inkişafına çox mühüm təkan verən vəzifələrdən birini reallaşdırıb. 1918-ci ilin 27 iyununda Azərbaycan xalqının son 400 illik tarixi ərzində ilk dəfə olaraq Azərbaycan dilinə dövlət dili statusu verilib və digər dövlət təsisatları ilə yanaşı, məhkəmə sisteminin də Azərbaycan dilində fəaliyyət göstərməsi haqqında qərar qəbul edilib. Azərbaycan dinc, mədəni, çoxmillətli və çoxmədəniyyətli bir cəmiyyət kimi Cümhuriyyət dövründə də multikultural dəyərləri qoruyub, qanunla dəstəkləyib. 1919-cu il iyulun 21-də Azərbaycan Parlamenti "Azərbaycan Respublikasının Müəssislər Məclisinə Seçkilər Haqqında Əsasnamə"ni təsdiq edib. Əsasnamə 4 fəsildən, 116 bənddən ibarət idi. Əsasnaməyə əsasən, Müəssislər Məclisinə seçkilərdə dinindən, cinsindən, milliyyətindən asılı olmayaraq 20 yaşına çatmış bütün Azərbaycan vətəndaşları iştirak edə bilərdilər. Hökumətin qərarına əsasən? Azərbaycan qadını dövlət idarəçiliyinə cəlb olundu. Türk dünyasında və müsəlman aləmində ilk dəfə qadınlara seçmək və seçilmək hüququ verən ölkə də məhz Azərbaycan oldu. Bu, dünya tarixi üçün mühüm hadisə idi.


  Dövlətçilik tariximizin şanlı səhifəsi ilə bağlı Sherg.az-a danışan  tarixçi-alim Nəsiman Yaqublu bildirib ki, AXC-nin yaradılması ilə çox böyük bir hadisə baş verdi: 

“Biz Şərqdə ilk demokratik dövləti quran millətik. Bu, bizim üçün böyük nailiyyətdir. 28 May bizim bir xalq olaraq dövlət qurduğumuz gündür. Tarixdə çoxlu xalq və millət var. Amma dövlət olaraq mövcud olmaq çox çətindir. Bir dövlət qurmaq həm də yüksək siyasi savadın bir nəticəsidir. Bu mənada AXC-nin yaradılmasının çox böyük tarixi əhəmiyyəti var. Bu dövləti quran şəxsiyyətlər olub. Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Fətəli Xan Xoyski, Nəsib bəy Yusifbəyli, Xosrov bəy Sultan və digər şəxsiyyətlərimiz Cümhuriyyətimizi qurmağı bacardılar”.
  Tarixçinin sözlərinə görə, Cümhuriyyətimizin 23 aylıq mövcudluğu dövründə xronoloji cəhətdən bir neçə hadisəni qruplaşdırmaq mümkündür: “Birincisi, hər şeydən əvvəl Bakı və Bakıətrafı bölgələr azad edildi. 1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusunun böyük fədakarlığı ilə Nuru paşanın rəhbərliyi altında Bakı və yaxın bölgələr erməni və ruslardan xilas olundu. 28 May olmasaydı, 15 sentyabr olmazdı.
İkinci böyük hadisə 1918-ci il dekabrın 7-də parlamentin yaradılması oldu.
  Azərbaycan parlamentari mədəniyyətinin əsasını qoydu. O zamana qədər Çar Rusiyasının tərkibində yaşamışdıq və Rusiya Avropa ölkələri içərisində ən geridə qalmış bir dövlət idi. Yalnız şəxsi parlamentimizi yaratdıq. Parlament 17 aylıq dövründə 270-ə qədər qanunu müzakirəyə çıxartdı, 230-a qədər qanun qəbul edildi. Bu qanunlar insanlarımızın həyatında mühüm rol oynadı.
  Üçüncü hadisə Azərbaycanın milli ordusunun yaradılması oldu. Ərazi bütövlüyümüz bərpa edildi. Zəngəzur, Qarabağ və digər bölgələrin hamısı Azərbaycan əraziləri idi.
  Ən böyük hadisələrdən biri 1920-ci il yanvarın 11-də Azərbaycanın dünya dövlətləri tərəfindən tanınması oldu. Azərbaycan xalqının yaratdığı dövləti və Cümhuriyyəti aparıcı dövlətlər tanıyır və qəbul edirdilər.
  Cümhuriyyət dövründə təhsildə və mədəniyyətimizdə də böyük hadisələr baş verib. Cümhuriyyətimizi quran şəxslərin hər birinin adı tariximizə qızıl hərflərlə yazılıb. Dövlət olmaq tariximiz 1918-ci ilin 28 Mayından başlayır!”.