1500 manat məsələsi yanlış məlumatdır

Nəqliyyat eksperti deyib ki, avtomobillərin utilizasiyası ilə bağlı açıqlanan rəqəmlər real deyil

“Hələlik utilizasiya edilmiş avtomobillər üçün ödəniləcək məbləğlər tam dəqiqləşməyib. Yəqin ki, məbləğlər bazar qiyməti əsasında formalaşdırılacaq”


Yaşı 10 ildən artıq olan avtomobillərin utilizasiyası zamanı nəqliyyat vasitələrinin qiymətləndirilməsi məsələsi müəyyən müzakirələrə səbəb olub. Məlumatlara görə, bu zaman vətəndaşa ödəniləcək məbləğ 1500 manatdan başlayacaq. Artıq Azərbaycana idxal olunan köhnə avtomobillərdən alınacaq ilkin utilizasiya rüsumunun məbləği də açıqlanıb. Azərbaycana idxal ediləcək köhnə avtomobillər üçün 400-700 manat utilizasiya haqqı nəzərdə tutulur. Prosedurlar 2024-cü il fevralın 1-dən tətbiq olunacaq.
  
Mövzu ilə bağlı "Bakupost.az"a danışan nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirib ki, açıqlananlar ilkin rəqəmlərdir. Onun sözlərinə görə, sürücülərə avtomobilin saz vəziyyətdə saxlanılması, yaxud utilizasiya üçün təqdim olunması ilə bağlı şərt qoyulacaq:

"Avtomobil parkının yenilənməsi üçün bu addım atılmalıdır. Qəzalar baş verir, ölümlər artır. Bütün bunlarda istismar müddətini başa vurmuş avtomobillərin payı çoxdur". Ekspert əlavə edib ki, bu məsələ barədə hələ ki, yekun qərar verilməyib, müzakirələr davam edir: “Nəqliyyat vasitəsinin utilizasiyasını müəyyən tələblərə cavab verən və reyestrdə qeydə alınmış utilizator həyata keçirəcək. Bu utilizasiyada əldə olunmuş yararlı mal-material isə təkrar istifadəyə yönəldiləcək. Bununla da utilizasiya köhnə avtomobillərin xammal kimi təkrar istehsal edilərək dövriyyəyə buraxılmasına, beləcə tullantıların idarə olunmasına öz töhfəsini verəcək”.

  Nəqliyyat eksperti Ərşad Hüseynov isə “Sherg.az”a açıqlamasında avtomobillərin utilizasiyası ilə bağlı açıqlanan rəqəmlərin real olmadığını deyib. Onun sözlərinə görə, yaşı 10 ildən artıq olan avtomobillərin utilizasiyası zamanı vətəndaşa ödəniləcək məbləğin 1500 manatdan başlaması da yanlış məlumatdır: “Hələlik utilizasiya edilmiş avtomobillər üçün ödəniləcək məbləğlər tam dəqiqləşməyib. Yəqin ki, məbləğlər bazar qiyməti əsasında formalaşdırılacaq. Utilizasiya üçün əsas faktor avtomobilin istehsal ili deyil. Burada söhbət  metalloma çevrilmiş, zərər verən nəqliyyat vasitələrindən gedir. Azərbaycanda əsas şərt belə qoyulub ki, utilizasiya texniki təhlükəsizlik cəhətdən, eyni zamanda ekoloji cəhətdən yararsız olan avtomobillərə şamil olunacaq. Dünyanın bütün ölkələrində bu təcrübə tətbiq edilir. Ola bilər ki, avtomobilin 40 yaşı var, amma hələ də istifadə üçün yararlı vəziyyətdədir. Elə avtomobil də var ki, 5 il əvvəl istehsal olunub, amma çox pis vəziyyətdə sürülüb deyə, hər yeri dəlik-deşib edilib. Yəni utilizasiya edilən avtomobilin köhnəlməsi deyil, yararsızlığı əsas rol oynayır”. 
  Ə.Hüseynovun sözlərinə görə, Azərbaycanda məsələ ilə bağlı ortaya çıxan layihə problemin həlli üçün hələ kifayət deyil: “Utilizasiya ilə bağlı ayrıca proqram da olmalıdır. Onda məsələnin mahiyyəti tam aydın olacaq. Tam aydın olandan sonra utilizasiya istiqamətində addımların köhnə avtomobil sahibləri üçün nə dərəcədə stimullaşdırıcı olub-olmadığı aydınlaşacaq. Dünyanın yüksək avtomobilləşmiş ölkələrində heç bir həvəsləndirmə tədbirləri həyata keçirilmir. Sadəcə olaraq, sürücülər utilizasiya fonduna pul köçürür. Avtomobil istifadəyə yararsız olanda isə onu təhvil verirlər. Azərbaycan kimi avtomobilləşmə prosesi yeni başlayan ölkələrdə utilizasiyadan, yəni insanları köhnə avtomobilləri təhvil verməyə həvəsləndirmək üçün müəyyən həvəsləndirmə tədbirləri görürlər. Məsələ ondadır ki, bizim kimi ölkələrdə insanların ekoloji və təhlükəsizliklə bağlı dünyagörüşümüz hələ lazımi səviyyədə inkişaf etməyib. Ona görə də mövcud şəraitdə həvəsləndirmə tədbirlərinə üstünlük verilir. Bu əsasda da utilizasiya fondlarının yaradılması nəzərdə tutulur”.
 
Utilizasiya proqramının kifayət qədər əhəmiyyətli bir addım olduğunu vurğulayan ekspert deyib ki, dünyada avtomobillərin sayı artdıqca, istismar müddəti bitmiş avtomobillərin utilizasiyası da qlobal problemə çevrilib: “Avtomobilin də bəlli bir istifadə müddəti var və bu müddət keçəndən sonra o, istismara yararsız vəziyyətə düşür və onu təmir etmək, əvvəlki vəziyyətinə gətirmək olmur. Çünki ekoloji və təhlükəsizliklə bağlı standartlar da düz gəlmir. Ona görə də yararsız hala düşən avtomobillər ləğv olunmalıdır. Lakin avtomobil də elə bir şeydir ki, köhnə ayaqqabı və ya hansısa bir ev əşyası kimi zibilliyə atıb yenisini almaq olmur. Avtomobilinisə mürəkkəb quruluşu, tərkibində müxtəlif detalları var deyə atmaq yox, emala göndərmək lazımdır.  Utilizasiya olmasa, dünya avtomobil qəbiristanlığına çevrilər”.