Bölgəni ekoloji fəlakət gözləyir

Ekologiya  və ətraf mühitin mühafizəsi

Ermənistan Naxçıvanla həmsərhəd bölgədə zavod inşa etməyə hazırlaşır

Bu, tək Azərbaycanı deyil, qonşu dövlətləri də - Türkiyəni, İranı, hətta Ermənistanın özünü də narahat etməlidir


Ermənistan Naxçıvanla həmsərhəd bölgədə - Arazdəyəndə iri metallurgiya zavodunu inşa etməyə hazırlaşır. Tikintiyə 70 milyon dollar ABŞ sərmayəsi yatırılacaq və zavodun hündürlüyü 30 metr, sahəsi 16500 kvadratmetr olacaq. Məsələ ondadır ki, bu metallurgiya zavodunun zəhərli kimyəvi tullantıları bölgədəki ekosistemə böyük zərbə vura bilər. Onun tullantılarının Araz çayına axıdılması riski həm çaydakı canlı aləm, həm də Arazın suyundan suvarma üçün istifadə edilən geniş təsərrüfatlar üçün həyəcan siqnalıdır. Ermənistanın dağ-mədən sənayesində heç bir beynəlxalq standartlara əməl edilməməsi həm Azərbaycan, həm də ümumilikdə bölgə üçün ciddi ekoloji təhdid yaradır. Bununla bağlı olaraq, iyunun 8-də Bakıda ekoloji yönümlü QHT-lər yeni ekoloji fəlakətə yol açacaq bu layihə əleyhinə birgə bəyanat səsləndiriblər. Azərbaycanlı ekoloqlar ABŞ dövlətinə və Ermənistan ekoloqlarına da çağırış ünvanlayıblar. Qeyd olunub ki, Azərbaycan tərəfi ilə razılaşdırmadan sərhəddə belə bir müəssisənin tikintisi "Transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" 1991-ci il Espo Konvensiyanın kobud şəkildə pozulmasıdır. Azərbaycan və Ermənistan həmin Konvensiyanın tərəfləridir və Espo Konvensiyasından irəli gələrək, bu zavodun ətraf mühitə təsirinin qiymətləndirilməsi işi aparılmalıdır. Həmçinin tikinti ilə əlaqədar qiymətləndirmə sənədinə qonşu dövlət olan Azərbaycanın müvafiq qurumları baxmalı, bölgəyə yaxın yaşayan azərbaycanlıların rəyi nəzərə alınmalıdır. Vurğulanıb ki, Ermənistanın bu tələblərə riayət etməməsi bir daha onu göstərir ki, Ermənistan regionda destruktiv siyasət aparır. Tərəf olduğu beynəlxalq sənədlərin müddəalarını, beynəlxalq öhdəliklərini kobud şəkildə pozur. 

Xatırladaq ki, Ermənistan tərəfindən Azərbaycana qarşı ekoloji terror və ekosid siyasətinin aparılması yenilik deyil. "Metsamor"un uzun illər regionun ətraf mühitinə təhdid kimi qalması, işğal dövründə Qarabağda törədilmiş genişmiqyaslı ekoloji faciələr, yüksək kimyəvi tərkibli istehsalat sularının təmizlənmədən Oxçuçaya axıdılması buna əyani misaldır. Ermənistan Oxçuçayı kəskin şəkildə çirkləndirib. Bu isə çayın Azərbaycan ərazisi boyu keçdiyi hissənin ekoloji sistemini bərpaolunmaz deqradasiyaya məruz qoyub. Alman şirkəti "Cronimet" bu ekoloji cinayətdə Ermənistanla birgə iştirak edib.

Təəssüflər olsun ki, bu günə qədər də Almaniya hökuməti bu istiqamətdə heç bir praktik addım atmayıb. Törətdiyi ekoloji cinayətlərlə Ermənistan BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin, xüsusilə də hər kəsin sağlamlığının təmin edilməsinə dair 3-cü, təmiz su və sanitariya ilə bağlı 6-cı, iqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizəyə dair 13-cü, torpaq ekosisteminin mühafizəsi üzrə 15-ci məqsədlərinin tamamilə əleyhinə gedir. Məlum olduğu kimi, 2022-ci ildə BMT təmiz, sağlam və davamlı ətraf mühiti insan hüququ kimi tanıyıb. Ermənistan ekologiyaya ciddi ziyan vurmaqla, Azərbaycan, o cümlədən region əhalisinin insan hüquqlarını kobud şəkildə pozur. Bundan başqa, müxtəlif beynəlxalq sənədlər, o cümlədən biznes və insan hüquqları üzrə rəhbər prinsiplərə görə iqtisadi fəaliyyət insan hüquqlarına ziyan vurulmadan həyata keçirilməlidir. Bu halda da Ermənistan məsuliyyətsiz davranır, təmiz, sağlam və davamlı ətraf mühit hüququna məhəl qoymur və sırf özünün iqtisadi maraqlarını önə çəkir. O baxımdan ekoloqlar müvafiq beynəlxalq təşkilatlara müraciət edərək, onları bu fakta reaksiya verməyə və Ermənistanın növbəti ekoloji terroruna son qoymağa çağırıb. Xüsusən Amerika Birləşmiş Ştatları hökumətinə müraciət edilib ki, Arazdəyəndə iri metallurgiya zavodu tikməyə hazırlaşan, ərazisində qeydiyyatda olan şirkəti məsuliyyətli davranışa dəvət etsin, onun qanunsuzluqlarına göz yummasın.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında ictimai şuranın sədr müavini, ekofəal Nərminə Qəribova da AZƏRTAC-a açıqlamasında deyib ki, Ermənistan Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd bölgəsində - yeni ekoloji fəaliyyətə yol açacaq Arazdəyəndə iri metallurgiya zavodunu inşa etməyə hazırlaşır. Həmin metallurgiya zavodunun zəhərli kimyəvi tullantıları bölgədəki ekosistemə böyük zərbə vura bilər. Onun tullantılarının Araz çayına axıdılması riski həm çaydakı canlı aləm, həm də Arazın suyundan suvarma üçün istifadə edilən geniş təsərrüfatlar üçün həyəcan siqnalıdır. Ermənistanın dağ-mədən sənayesində heç bir beynəlxalq standartlara əməl etməməsi həm Azərbaycan, həm də ümumilikdə bölgə üçün ciddi ekoloji təhdid yaradır.

N.Qəribovanın sözlərinə görə,  Azərbaycan tərəfi ilə razılaşdırmadan sərhəddə belə bir müəssisənin tikintisi “Transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” 1991-ci il Espo Konvensiyanın kobud şəkildə pozulmasıdır: “Azərbaycan və Ermənistan həmin Konvensiyanın tərəfləridir və Espo Konvensiyasından irəli gələrək, həmin zavodun ətraf mühitə təsirinin qiymətləndirilməsi işi aparılmalı, tikinti ilə əlaqədar qiymətləndirmə sənədinə qonşu dövlət olan Azərbaycanın müvafiq qurumları baxmalı, eyni zamanda bölgəyə yaxın yaşayan azərbaycanlıların rəyi nəzərə alınmalıdır. Ermənistanın həmin tələblərə riayət etməməsi bir daha onu göstərir ki, Ermənistan regionda destruktiv siyasət aparır, tərəf olduğu beynəlxalq sənədlərin müddəalarını, beynəlxalq öhdəliklərini kobud şəkildə pozur”. Ermənistan tərəfindən Azərbaycana qarşı ekoloji terror və ekosid siyasətinin aparılmasının yeni olmadığını bildirən ekofəal deyib: “Azərbaycanda fəaliyyət göstərən ekoloji yönümlü qeyri-hökumət təşkilatları olaraq biz, başda BMT-nin Ətraf Mühit Proqramı, Ümumdünya Səhiyyə Təşkilatı, BMT-nin ətraf mühit üzrə xüsusi məruzəçisi, BMT-nin zərərli maddələr və insan hüquqları üzrə xüsusi məruzəçisi olmaqla, müvafiq beynəlxalq təşkilatlara müraciət edərək, onları bu fakta reaksiya verməyə və Ermənistanın növbəti ekoloji terroruna son qoymağa çağırırıq”.

Ermənistanın Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd bölgəsində - Arazdəyəndə iri metallurgiya zavodunu inşa etmək niyyətinə münasibət bildirən  “Biosfer” İctimai Birliyinin sədri Qorxmaz İbrahimli  isə deyib ki, Ermənistan hər zaman olduğu kimi qonşu dövlətlərin ekoloji vəziyyətini nəzərə almadan hərəkət edir. Mənfur qonşularımız başqa güclərlə birlikdə torpaqlarımızın 20 faizini işğalda saxlayarkən də təbiətə qarşı vandal münasibət sərgiləmişdi. Hazırda dövran tamam dəyişib və Azərbaycan regionun ən qüdrətli dövlətlərindən biridir. Ermənistan bunu bilir və bununla da hesablaşmalıdır: “Burada hər hansı bir fabrik, zavodun inşa olunması və ətrafa vuracağı zərəri nəzərə alaraq Azərbaycanla məsləhətləşmələr edilməli idi. Sülh sazişi imzalanmadan bizim sərhədimizdə və ya sərhədimizə yaxın bölgədə ətraf mühitə zərər vermək ehtimalı yüksək olan zavodun tikilməsi, əlbəttə ki, Azərbaycanı və ölkənin ekoloji təşkilatlarını narahat etməyə bilməz. Buna görə də birlikdə bəyanat səsləndirdik, ABŞ dövlətinə və Ermənistan ekoloqlarına çağırış etdik. Ermənistan Azərbaycanla, Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd ərazisində - Arazdəyən kəndində inşa edəcəyi iri metallurgiya zavodunun illik istehsal gücünü 180 min ton göstərir. Lakin Cənubi Qafqazda təbii ehtiyatların təxmini həcmini bilirik. O qədər istehsal gücü olan zavodu tikmək populistlikdən başqa bir şey deyil. Zavodun istehsal gücünün yüksək göstərilməsi o deməkdir ki, orada metalla bağlı bütün proseslər ətraf mühitə böyük zərər vura bilər. Təbii ki, bizim mütəxəssislərimiz, ekspertlərimiz yaxın vaxtlarda illik istehsal gücü 180 min ton olan zavodun ətraf mühitə nə qədər ziyan vura biləcəyini dəqiq hesablayacaqlar. Görünən odur ki, zavoddan xaric olunacaq çirkab sular, atılacaq kimyəvi maddələr Araz çayına axıdılacaq. Şübhəsiz ki, bu, tək Azərbaycanı deyil, qonşu dövlətləri də - Türkiyəni, İranı, hətta Ermənistanın özünü də narahat etməlidir. Xüsusilə daha çox İranı hərəkətə gətirməlidir. Təəssüf ki, İran hələ də susur və buna münasibət bildirmir. Ümid edirəm ki, ətraf mühit üzrə beynəlxalq təşkilatlar müraciətimizə münasibət bildirəcək, ABŞ-nin ekoloji təşkilatları səsimizə səs verəcəklər. Əgər Ermənistan yaxın vaxtlarda belə bir zavod tikmək istəyirsə, Zəngəzur koridorunun açılmasını da nəzərə almalıdır. Əslində Azərbaycanla məsləhətləşərək belə bir addım ata bilsə idi, onlar üçün daha faydalı olardı. Bu mənada hesab edirəm ki, Azərbaycan illərdir blokada şəraitində qalan Naxçıvan Muxtar Respublikasının ərazisinə ermənilərin ekoloji cəhətdən də ziyan vurmağa çalışmasına imkan verməyəcək”.