Tarix adam XATİRƏLƏRDƏ...


Yeriniz həmişə görünəcək, Kərəm müəllim!
Siz türk kimliyini özündə daşıyan, təbliğ edən, qoruyan, onu millətin yaddaşına yazan ziyalı idiniz

Ölüm sevinməsin qoy, ömrünü vermir bada
El qədrini canından daha əziz bilənlər.
Şirin bir xatirətək qalacaqdır dünyada
Sevərək yaşayanlar, sevilərək ölənlər...
Üzeyir Hacıbəylinin dəfn edildiyi gün  yaxın dostu, xalq şairi Səməd Vurğun ürək ağrısını, üzüntüsünü bu misralarla dilə gətirmişdi.
  O gündən sonra “Eşq olsun sənətkara!”  adlı bu şeir el-oba, dövlət- millət içində hörmət və izzət sahibi olan insanlar üçün oxunmağa başladı. Necə ki bəzi insanlar var dünyasını dəyişəndə ailəsinə başsağlığı verirsən, bəzi insanlar isə dünyasını dəyişəndə, sadəcə, "Vətən, başın sağ olsun" deyirsən.
  Bu günlərdə haqq dünyasına qovuşan görkəmli alim Kərəm  Məmmədov da məhz  evdən yox, eldən gedən şəxsiyyətlərdən idi.  Kərəm müəllim ədalətli müəllim, vicdanlı insan, etibarlı dost, ən əsası isə istedadlı  alim  obrazı ilə  ictimaiyyətin xüsusi sevgisini, rəğbətini qazanmış dəyərli aydınlarımızdan biri idi. Tələbələri, həmkarları, dostları onu sadəliyin zirvəsi, insanlığın simvolu, şərəfin və ləyaqətin güzgüsü kimi görür, ədalət mücəssəməsi kimi tanıyırdı.
  Qeyd edək ki, BDU-nun Tarix fakültəsinin  Arxeologiya və etnoqrafiya kafedrasının müdiri, dosent Kərəm Məmmədov 58 yaşında qəflətən ürəktutmasından vəfat edib. Kərəm müəllimin  vaxtsız ölümü cəmiyyətin bütün təbəqələri üçün sarsıdıcı bir xəbər oldu. Alim ölümü  bütün dövlətlərdə böyük fəlakət hesab edilir. “Alim öldü, aləm öldü” deyiminin kökü də bundan qaynaqlanır. Türk tarixi və onun bir hissəsi olan Azərbaycan tarixinin öyrənilməsində əvəzsiz xidmətləri olan Kərəm Məmmədli simasında tariximizin tək-tək sayılan aydınlarının biri idi. 
  Qeyd edək ki, Kərəm Məmmədli Gürcüstanın Gəyliyən kəndində, 1965-ci il 22 fevralda anadan olub. 1982-ci ildə həmin kənddə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Tarix fakültəsinə qəbul olunub.
  1983–1985-ci illərdə Əfqanıstanda hərbi xidmət keçib, əsgərlikdən qayıtdıqdan sonra təhsilini davam etdirib. 1987-ci ildə Təhsil Nazirliyi tərəfindən təhsilini davam etdirmək üçün Leninqrad Dövlət Universitetinin Tarix fakültəsinə (indiki Sankt-Peterburq Universiteti) göndərilib. 1990-cı ildə Leninqrad Dövlət Universitetində Tarix fakültəsinin antropologiya və etnoqrafiya ixtisasını fərqlənmə diplomu ilə bitirib.
  1991–1993-cü illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində baş laborant kimi işə başlayıb, eyni zamanda əyani aspiranturada təhsil alıb. 1995-ci ildən Bakı Dövlət Universitetinin Tarix fakültəsində çalışırdı, Azərbaycan və rus bölmələrində "Antropologiya", "Qafqaz xalqlarının antropologiyası", "Qafqaz xalqlarının etnoqrafiyası", "Etnoqrafiya", "Ermənilərin tarixi", "Gürcüstan tarixi", "Antropometriya" fənlərini tədris edirdi.
  "Antropologiyanın əsasları" və "Qafqaz xalqlarının etnoqrafiyası" dərsliklərinin müəllifidir. 1996-cı ildə "İslamaqədərki Azərbaycanda dini inanclar" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. Elmi və pedaqoji fəaliyyəti 100-ə qədər elmi əsərdə öz əksini tapıb.
  1996-cı ildə Yunanıstanın Afina və İonina şəhərlərində elmi məzuniyyətdə olub, 1998-ci ilin fevral ayında Beynəlxalq Altayşünaslıq konfransında "Altay xalqlarında şamançılıq" mövzusunda elmi məruzə ilə çıxış edib. 2004-cü ilin iyul ayında Bakı Dövlət Universitetinin "Arxeologiya ve Etnoqrafiya" kafedrasının dosenti vəzifəsinə seçilib.
  2009-cu ilin fevralında nümayiş etdirilən "Borçalı" filminin ssenari həmmüəlliflərindən biridir. 2019-cu ilin aprelində Bakı Dövlət Universitetinin Tarix fakültəsinin Arxeologiya və etnoqrafiya kafedrasının müdiri vəzifəsinə seçilmişdi.
  Azərbaycan, türk və rus dillərini sərbəst, ərəb, alman və gürcü dillərini isə orta səviyyədə bilirdi. 3 övladı var.
  Alimin ölümündən sarsılan dostları onunla bağlı öz xatirələrini təəssüratlarını paylaşıblar. 






  



"Axar.az" saytının baş redaktoru Anar Niftəliyevin sözlərinə görə, Kərəm müəllim əsl Borçalı kişisi idi: üzünün bütün cizgiləri, qalın səsi, yerişi, boy-buxunu, ədaları, qüruru ilə...
  “Pafosdan, patetikadan kənar, “nə mutlu türküm deyənə” ifadəsini işlətmədən, sadəcə, türkün kimliyini varlığında daşıyan və öz timsalında türkə sevgini artıran, hüceyrələrinə qədər bu milləti təmsil edən kişi...
  Atsızdı, Bozqırsızdı, qılıncsızdı, ancaq onu görəndə at üstündə sanırdın, Bozqır alaçığından indicə çıxdığını düşünürdün, qılınclı təsəvvür edirdin. Çünki ruhu atlı idi; çünki səsi min illərin o tayından, Bozqırdan qopub gəlirdi; çünki sözü qılınc idi – tariximizə xor baxanların bağrına dərhal sancılırdı.
  Kim nə deyir-desin, türk tarixini və türk mədəniyyətini – tanrıçılığı, şamanizmi rus alimlərindən gözəl araşdıran olmayıb: Anoxindən, Bartolddan Qumilyova qədər. O ayrı məsələ ki, araşdırdıqlarının çoxu “özləri üçündür”, bizə təqdimatları fərqlidir.
  Rusiyanın elm-mədəniyyət ocağında təhsilini davam etdirmişdi - Sankt-Peterburqda. Bəlkə də ordan qaynaqlanırdı türk tarixi bilgiləri.
  Bu ölkədə antropologiyanı mükəmməl bilən nadir alimlərdən idi. İnsanın yaranması və inkişafında türklərin yerinin harda olduğunu onun qədər hiss edən ikinci alimə rast gəlmədim.
  Qəribə taleyimiz var bizim: tarix yaratmışıq, ancaq tarixi yazmamışıq, yaratdığımız tarix çox vaxt bizi sevməyənlərin qələmi ilə tarixləşib. İndi bizi sevməyənlərin qələmi ilə yazılan tarixə istinad etmək məcburiyyətindəyik.
  Kərəm müəllim canı, qanı ilə hiss etdiyi tarixin qaranlıq səhifəsində bəzən o “mənbələrdən” yan keçməyə məcbur olurdu, onlara qarşı çıxırdı, təhrifləri düzəltmək uğrunda çarpışırdı – bəzən fəhmlə, bəzən qan yaddaşı ilə türk tarixi sarayının kərpiclərini yerinə oturdurdu. Bu zaman “mənbələrlə işləyən” tarixçilərlə üz-üzə gəlməyə məcbur qalırdı. Əlbəttə ki, “tarix elmi” baxımından qarşısındakıların haqlı çıxdığı zaman da olurdu, ancaq onlar da Kərəm müəllimin “üstünə gedə” bilmirdilər. Çünki Kərəm Məmmədlinin hansı səviyyədə alim olduğunu gözəl bilirdilər. Əgər hiss etdiyini deyirsə, tarixi bəlgəsini də mütləq ortaya qoyacaq – “tərs yazılan” tarixin özünü düz oxumaqla...
  70-dən artıq kitabı var: dərslik, araşdırma, tədqiqat... Kərəm müəllim nə zaman vaxt etmişdi bunlara? Axı, o, hər zaman hər kəsin yanında olmağa, hamının sualına həvəslə cavab verməyə, hətta tariximiz üçün verilişlər aparmağa da hazır idi və edirdi.
  “Əfqan” idi – 3 il Əfqanıstanda xidmət etmişdi, bir dəfə də olsun, onun “əfqan”lığından istifadə etdiyini və güzəşt istədiyini görən olmadı. Amma bu xidmət onun xarakterində iz buraxmışdı: axı, əsl əsgər döyüş yoldaşlarını heç vaxt tək qoymur!
  Kiminlə ünsiyyət qururdusa, qısa müddətdə onda dərin iz buraxırdı, sevgisini qazanırdı. Ancaq buna görə heç vaxt canfəşanlıq etmirdi, necə vardısa, eləcəydi; təsiri “olduğu kimi olması”nın nəticəsiydi.
  Bir neçə gün, bəlkə də həftə (zaman elə tez keçir ki) əvvəl zəng etmişdi. Salamlaşdı, tanımadığını hiss etdim, sadəcə, saytda gedən açıqlamasına iradını bildirdi, “sanki bir qəsd var mənə” deyə etiraz etdi.
  “Bu saytda kimsəyə qəsd olmaz, o ki qala böyük türk kişisi ola. Həm də, Kərəm müəllim, o qədər vəfasız deyiləm ki, “domino yoldaşımı” (“naparnik” dedim) unudum. Əlimiz də yaxşı tuturdu, necə məni unuda bilərsiniz?” – dedim.
  Telefonun o başında uğunub getdi: “Onda sən çoxdandı dövrədə deyilsən, yoxsa unutmazdım”.
  Hə, Kərəm müəllim, çoxdandır, lap çoxdandır dostlarla görüşə, xeyir-şərə gedə bilmirəm – bu da bir taledir, bu da qismətdir. Bunları sizə deyə bilmədim. Bax, Sizin ölüm xəbərinizi alanda da yas yerinə gələ bilmədim...
  ...Siz yaxşı insan, yaxşı dost, səmimi adam, millətini dəhşətli dərəcədə sevən alim idiniz, Kərəm müəllim!
  Siz türk kimliyini özündə daşıyan, təbliğ edən, qoruyan, onu millətin yaddaşına yazan ziyalı idiniz, Kərəm müəllim!
Böyük itki oldu, yeriniz heç zaman dolmaz.







 








 Jurnalist Cavid ismayıl isə K.Məmmədlini 1991-ci ildən tanıdığını xatırladıb:  “Bakı Dövlət Universitetinin Tarix liseyində bizim qrupa dərs deməsə də, digər qrupun uşaqlarından barəsində eşitməyə başlamışdıq. Standartlardan kənar və daha çox çərçivələri dağıdan müəllim kimi diqqətimizi çəkmişdi. Dərsi bitəndən sonra tənəffüslərdə də şagirdlərinin başına toplaşması sayəsində biz də onu dinləmək şansı əldə etmişdik.  Adam təpədən-dırnağa qədər türkçü idi. 1930-cu illərin sovet dövründə yaşasaydı, yəqin ki, pantürkist damğası ilə repressiya olunardı. Sonradan yolumuz bir neçə dəfə kəsişdi. Tale elə gətirdi ki, çalışdığım APA TV-də türk tarixinə dair müəllif proqramı ilə çıxış etməyə başladı. Verilişlərin baxış sayı onun çərçivələri aşan elmi baxışları sayəsində yüksək olurdu. İndi fotosuna baxıram və görürəm ki, Kərəm müəllim tanıdığım 32 ildə nə xaraktercə, nə də zahirən heç dəyişməyibmiş. Allah rəhmət eləsin, müəllim!









Politoloq Turab Rzayev isə deyib ki, Kərəm Məmmədli  Qafqazın mübahisəsiz ən böyük etnoqrafı idi. “Belə böyük alim, təəssüf ki, öz ata-baba yurduna gedə bilmirdi. Tarix ilə bağlı araşdırmalarına görə Gürcüstan hökuməti tərəfindən ölkəyə daxil olmasına qadağa qoyulmuşdu. Rəsmi olaraq da, heç bir açıqlama verilmirdi.
  Bu gün görkəmli alim öz doğulduğu torpaqlarda deyil, Bakıda dəfn edildi. Borçalıların, Gürcüstan azərbaycanlılarının taleyi necə də Macarıstan yəhudilərinin taleyinə bənzəyir”.





















Jurnalist Elşad Paşasoy:
- Hələ çoxumuz bu itkinin böyüklüyünün fərqində deyilik. Borçalıdan başlayan, Türk coğrafiyasını dolaşan yol, missiya Bakıda, ömrün 58-ində, qəfildən yarıda qırıldı. Çox təəssüf! Heç vaxt şəxsən görüşmədiyim, efirlərdən, mətbuatdan izlədiyim böyük tarix müəlliminin, araşdırmaçısının vəfatına çox üzüldüm. Nədənsə, mənə həmişə elə gəlirdi ki, Kərəm müəllimin gözlərinin dərinliklərində ağır bir dərd-kədər var, milli faciələrimizin, tikə-parça olunmağımızın əlamətiydi bəlkə də... Allah ruhunu şad, məkanını cənnət eləsin!
  Son olaraq isə Kərəm müəllimlə bağlı sosial mediada və dost məclislərində xatırlanan bir epizodu qeyd etmək istərdik ki,  Azərbaycan elminin necə bir tarixçi itirdiyini hər kəs anlaya bilsin:
  Tarix üzrə fəlsəfə doktoru Kərəm Məmmədov Rusiyada beynəlxalq elmi konfransa dəvət alır. Zala daxil olanda bir xanım gətirib qulaqcıq verir, amma o imtina edib deyir:
- Xanım, mənim buna ehtiyacım yoxdur.
- Müəllim xarici dillərdə çıxışlar olacaq, bu qulaqcıqla tərcümə ötürüləcək sizə, məsələn, İrandan fars tarixçiləri var.
- Qızım, mən farsca çox yaxşı bilirəm, hərbi qulluğum da Əfqanıstanda olub.
- Müəllim, ərəb tarixçiləri də gələcək.
- Mən ərəbcə elmi iş yazmışam.
- Bəs gürcü?
- Borçalıda doğulub, orta məktəbi gürcü məktəbində oxumuşam.
- Deməyin ki, almanca da bilirəm...
- Orta məktəbdə xarici dil almanca idi, təmiz bilməsəm də, orta səviyyədə.
- Bax, amma əminəm, ermənicə bilmirsiz, onların da tarixçiləri çıxış edəcək.
- Problem deyil, cünki onlar çıxıb rusca danışacaq. Qul sahibinin yanında ana dilindən istifadə etməz...
P.S. “Şərq” qəzerti kollektivi olaraq biz də  Kərəm müəllimə Allahdan rəhmət diləyirik! Ruhu şad, məkanı cənnət olsun!