Şagirdlərin yay tətilini səmərəli keçirməsi şərtdir

Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

Bu məsələ dövlət və cəmiyyət olaraq hər kəsin diqqətində olmalıdır


  İyun ayının 14-də  məktəblilərin yay tətili başlayır. Tətil uşaqlar üçün bitməyini istəmədikləri möcüzəli bayramdır. Valideynlər uşaqları üçün tətili düzgün təşkil etməyə çalışmalıdırlar. Yay tətili gəlib çatandan sonra uşağın 3 ayı necə keçirəcəyini planlaşdırmaq çox çətin olur. Belə olanda isə uşaq gününü ya küçədə, ya da kompüter qarşısında keçirməli olur.  Ekspertlərin fikrincə, tətilin maraqlı və səmərəli təşkili uşaqların yeni dərs ilində daha enerjili olmasına kömək edir. Belə ki, maraqlı, əyləncəli tətil keçirən, dincələn uşaqlar dərs ilinə həvəslə hazırlaşırlar.
  Yay fəsli uşaq orqanizminin inkişafı üçün çox əhəmiyyətlidir. Buna görə də uşaqlar yay tətilini həm sağlamlıqları, həm də inkişafları naminə səmərəli keçirməlidir.
  Psixoloqlar yay tətilini uşağın istirahət edərək keçirməsinin vacib olduğunu vurğulayıblar. Bununla yanaşı, dərslərdən tam mənasıyla soyumasına imkan verməyən tətil planı tutulmasının doğru olacağını söyləyirlər. Məktəb açıldığı zaman uşağın adaptasiya sıxıntısı yaşamaması üçün mövzunun təkrar edilməsinin faydalı olacağını ifadə edən psixoloqlar çoxlu kitab oxumağı məsləhət görürlər.
  Qeyd edək ki, sovet dönəmində digər respublikalar kimi Azərbaycanda da uşaqların dincəlməsi üçün pioner düşərgələri fəaliyyət göstərirdi. Ukraynada “Artek”, Rusiyada isə “Oqonyok” adlı məşhur pioner düşərgələri var idi. Orada dünyanın hər yerindən, eləcə də Azərbaycandan olan əlaçı şagirdlər dincələ bilirdilər...
  Ümumiyyətlə, 1992-ci ilədək Azərbaycanda şagirdlərin dincəlməsi üçün 50-dən çox yay istirahət düşərgəsi fəaliyyət göstərirdi - “Qağayı”, “Qırmızı Qərənfil”, “Məşəl” seçilmişlər sırasında idi.  Onların 16-sı Xəzər dənizi sahillərində, 5-i işğal olunmuş ərazilərimizdə, qalanı isə ölkənin digər səfalı rayonlarında idi. Amma illər keçdikcə bu sektorda vəziyyət pisliyə doğru dəyişib. Belə ki, SSRİ dağılandan sonra Azərbaycanda uşaqların yay istirahətinin təşkili sahəsində pərakəndəlik yarandı. Nəticədə, istirahət düşərgələrinin bir qismi dağıdıldı və qanunsuz olaraq özəlləşdirildi. Ümumilikdə, 50-yə yaxın uşaq istirahət düşərgəsi bağlandı.
Hazırda çox az sayda uşaq yay düşərgəsinə gedə bilir, həmin uşaqların da böyük əksəriyyəti demək olar ki, imkanlı şəxslərin uşaqları, özəl təhsil ocaqlarında oxuyan məktəblilərdir. Günümüzdə yay düşərgələri təşkil edən özəl şirkətlər olsa da, təklif edilən qiymətlər orta statistik ailələr üçün əlçatan deyil.






 












  Təhsil eksperti Kamran Əsədovun sözlərinə görə,  əvvəllər uşaqlar üçün tədris ilinin sonunda pioner düşərgələri fəaliyyət göstərirdi. İndi bu düşərgələr yox vəziyyətindədir. Ekspert bildirir ki, indi məktəbliləri düşərgələrə yönləndirmək də çox çətindir. Çünki hazırda Azərbaycanda 1,6 milyon şagird təhsil alır. Ümumilikdə, bu düşərgələr 9 aylıq təhsildən sonra tətil adlandırılsa da, əslində tətil, istirahət deyil, öyrəndiklərinin təcrübəsini keçmək olmalıdır. Şagirdlər 3 aylıq tətil dövründə oxumaq, yazmaq vərdişlərini yadırğamamalıdır.
  Mütəxəssis bildirir ki, hazırda uşaqlar üçün təşkil edilən yay düşərgələrinin səmərəsi yoxdur: “Çünki yay düşərgələrində əslində maarifləndirici tədbirlər, kino nümayişləri, görkəmli şəxslərlə görüşlərin keçirilməsi, ölkə təbiətinin öyrədilməsi, ekoloji biliklərin aşılanması yox səviyyəsindədir. Sadəcə uşaqları toplayıb, gəzdirir, şəkil çəkdirir və hesabat verərək işlərini bitmiş hesab edirlər. İndiki yay düşərgələri plan yerinə yetirmə və görüntü xarakteri daşıyır. Sovetlər dönəmində yay düşərgələri tamam fərqli idi”.
  Əsədov qeyd edir ki, Azərbaycan 1992-ci ildən BMT-nin uşaq hüquqları Konvensiyasına qoşulub. Bu konvensiyada göstərilib ki, uşaqların istirahət hüququ təmin edilməlidir: “Bu gün uşaqlarımız yay tətilində valideynləri ilə dənizə çimməyə və yaxud meşələrə, çaylara gedirlər. Bu səfərlər zamanı uşaqlar yaşlarına uyğun olmayan mənzərə ilə qarşılaşırlar. Uşağın tətil vaxtı gördüyü mənzərə dəniz kənarında baş verənlər və valideynlərinin meşələrdə kabab çəkərək içki məclisi qurma mənzərələridir. Şagirdlər 9 aylıq təhsildən sonra minimum 21 gün istirahət etməsə, təbiət qoynunda olmasa, onlar yeni tədris ilinə həvəssiz başlayacaqlar. Təəssüf ki, bizdə istirahət dedikdə dənizə girmək, meşəyə getmək, yatmaq başa düşülür. Əslində isə bu, dünyada istirahətin ən son meyarlarıdır”. Əsədov hesab edir ki, düşərgələrin qiymətləri, adambaşına düşən maliyyə xərcləri reallığa uyğun olmalıdır. Adambaşına hazırda düşən düşərgə qiyməti real qiymət deyil. Adambaşına 21 gün üçün maksimum 50-70 manatdan artıq ola bilməz: “Təhsil Nazirliyinin məktəbdənkənar fəaliyyəti çox aşağı səviyyədədir. Bütün bunların hamısı Təhsil Nazirliyi, rayon təhsil şöbələri, şəhər təhsil Şöbələri tərəfindən həyata keçirilməlidir. Və hətta ilin əvvəlində şagirdlərə “təlimdə yüksək göstəricilər göstərən şagirdlər olimpiadaların, yarışların, buraxılış imtahanlarını yüksək səviyyədə keçmiş uşaqlar ilin sonunda düşərgələrə göndəriləcək” xəbərdarlığı edilməlidir. Uşaqlar üçün yüksək səviyyəli yay düşərgələri yaradılmalıdır. Bu həm də əlavə iş yeri deməkdir.   Azərbaycanda hazırda 160 min tələbə var. Demək olar ki, onların hamısı işsizdir. Onların 70 faizi regionlardan gələnlərdir. Yaxşı olardı ki, 3 ay ərzində həmin tələbələr boş qalmasın deyə, əlavə gəlir əldə etsinlər deyə, aidiyyəti qurumlar layihələr hazırlasın. Yaxşı olardı ki, Təhsil Nazirliyi, təhsil şöbələri, məktəb direktorları bu sahədə çalışsınlar. Bu, Azərbaycan təhsilində inqilabi bir addım olar”.







 










 Təhsil eksperti Elşən Qafarovun “Şərq”ə açıqlamasına görə, şagirdlərin yay tətillərinin səmərəli keçməsi, dövlət və cəmiyyət olaraq hər birimizin diqqətində olmalıdır: “Yay istirayət düşərgələri sovet təhsil sistemi və bu sistemdə xüsusi çəkiyə malik “pioner institutu”   dağıldıqdan sonra diqqətsizlik və sahibsizlik ucbatından dağıldı . Keçən onilliklərdə təhsilin infrastrukturunun yenidən qurulmasına baxmayaraq, YİD-lər nədənsə, heç kimin yadına düşmür.
Yay istirahət düşərgələrinin olması  lazımdırmı? 
  Təhsili inkişaf etmiş ölkələrin  əksəriyyətində  yay tətili 1,5 aydan artıq olmur. Bu da şagirdlərin uzun müddət tədrisdən aralı düşməsinin qarşısını alır. Əvəzində payız, qış və yaz tətillərinin müddəti bizdəki müddətdən daha artıq olur.
  Yaddaşlarda qalan “Artek“, “Oqonyok“, Azərbaycanda “Qağayı“ və sair adlarla pioner düşərgələri şagirdlərin yay tətilində asudə vaxtlarını səmərəli keçirməsi ilə yanaşı, onlar arasında dostluq əlaqələrinin yaranması, onların sosiallaşmasına müsbət təsir göstərirdi.
Bazar iqtisadiyyatı dövründə şagirdlərin vətənpərvərlik rühunda tərbiyə olunmasında, məktəblilər arasında dostluq münasibətlərinin qurulmasında, ölkəmizin ayrı-ayrı səfalı bölgələrinin tanınmasında YİD-lərin əvəzsiz xidmətləri ola bilər”.
  E.Qafarovun sözlərinə görə, imkanlı valideynlər 1000-1500 avroya başa gələn xaricdəki düşərgələrə və yay məktəblərinə göndərirlərsə, digər bir qism valideynlər isə övladlarını qısa müddətə özləri ilə rayona aparmaqla kifayətlənirlər. Halbuki psixoloqlar uşaqların valideynlərlə birgə istirahətinin əleyhinədirlər.