“Bir millət iki dövlət” fəlsəfəsi “bir yumruq”la möhkəmlənib”

"Azərbaycan və Türkiyə qardaşlığı həm də regionda marağı olan qüvvələrə qarşı güc göstəricisidir" 


  Azərbaycan Prezidenti cənab İlham Əliyevin dəvəti ilə qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana dövlət səfərinə gəlib. Bu, Ərdoğanın ölkəmizə prezident seçkilərindən sonra ilk səfəridir. Qardaş  ölkə prezidentinin ölkəmizə səfərini "Sherg.az"a şərh edən Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov deyib ki, Azərbaycan və Türkiyə münasibətlərində Prezident seçkilərindən sonra ilk qarşılıqlı səfərlərin edilməsi artıq ənənə halını alıb. 
  
Türkiyə-Azərbaycan münasibətlərinin yüksək  səviyyədə olduğunu vurğulayan  politoloqun sözlərinə görə, hər sahədə yüksək səviyyədə inkişaf edən əməkdaşlıq iki ölkənin, eləcə də regionun və dünyanın sabitliyinə, sülh və rifahına böyük töhfələr verir: “Azərbaycanla Türkiyə arasında münasibətlərin hazırkı yüksək səviyyəsindən danışarkən bir məqamı xüsusilə diqqətə çatdırmaq lazımdır. Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın dostluq və qardaşlıq münasibətləri kontekstində Türkiyə-Azərbaycan əlaqələrinin daha da güclənməsi, iki lider arasında səmimi münasibətlərin dövlətlərarası əlaqələrə böyük  töhfə verir.  İki ölkənin qardaşlıq nümunəsini ikinci Qarabağ müharibəsində, azad olunmuş torpaqlarımızda aparılan bərpa və yenidənqurma işlərində Türkiyənin ölkəmizə dəstəyində, eyni zamanda Azərbaycanın qardaş ölkədə baş vermiş meşə yanğınlarının söndürülməsi və zəlzələnin nəticələrinin aradan qaldırılması işlərində göstərilən "qardaş köməyi"ndə gördük. İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın liderlikləri ilə ölkələrimiz arasında formalaşan sıx münasibətlər digər türk dövlətləri arasındakı əlaqələrə də sirayət etməkdədir.
 
 44 günlük Vətən müharibəsində də, bu haqq savaşımıza uzun illər ərzində aparılan hazırlıq mərhələsində də Azərbaycanın daim yanında olan Türkiyə tarixi zəfərimizdən sonra bu gün azad yurdlarımızda başlanmış bərpa-quruculuq proseslərində yenə Azərbaycanla birgədir. 44 günlük Vətən müharibəsi zamanı Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək, Rəcəb Tayyib Ərdoğanın ölkəmizin haqlı mövqeyini beynəlxalq səviyyədə müdafiə etməsi Qarabağ Zəfərinə əvəzsiz töhfə oldu. 2021-ci il 15 iyun tarixində imzalanan Şuşa bəyannaməsi iki ölkə arasındaki birliyin daha yüksək səviyyəyə qalxması baxımından mühüm əhəmiyyət kəsb edən sənəddir. Bu sənəd Azərbaycanın müstəqilliyi dövründə iki qardaş ölkə arasında imzalanan, hərbi təhlükəsizlik məsələlərini, onun müxtəlif parametrlərini göstərən mühüm sənəddir. Məhz bu baxımdan Şuşa bəyannaməsi tarixi önəm daşıyaraq, regionda yeni geosiyasi və geoiqtisadi münasibətlərin başlanğıcını qoydu”.

Politoloq deyib ki, gərgin seçkilərdən sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ilk səfərini məhz Azərbaycana etməsi də ikitərəfli əlaqələrin hazırkı yüksək səviyyəsinin məntiqi nəticəsidir: 

“Bu səfər  Azərbaycan və Türkiyə arasındakı qardaşlıq və dostluq münasibətilərinin daha da dərinləşməsinin göstəricisidir. Bu həm də regionda marağı olan qüvvələrə qarşı  güc göstəricisidir. “Bir millət iki dövlət” fəlsəfəsi artıq “bir yumruq”la möhkəmlənib. Bildiyiniz kimi, ölkələr arasında həyata keçirilən səfərlərin təsnifatında, ilk sırada ali səviyyə xarakteri daşıyan dövlət səfərləri dayanır. Ondan sonra rəsmi səfərlər, rəsmi işgüzar səfərlər, işgüzar səfərlər, qonaq səfərləri və şəxsi səfərlər gəlir. Dövlət səfərləri məhz xüsusi protokol qaydaları ilə, diplomatik mərasimlərlə müşayiət olunur. Burada əsas məqsəd dövlətlərarası münasibətlərin ən yüksək həddini, ölkələrarası dostluq və əməkdaşlığın ən ali səviyyəsini nümayiş etdirmək və bir daha da təsbit etməkdir. Ərdoğanın ilk səfərinin  də məhz dost , qardaş ölkəyə etməsinin təməlində  tarixi köklərə bağlılıq,  dünyada baş verən hadisələrə  eyni mövqedən yanaşma, türk birliyinin maraqlarının ifadəsi kimi mühüm amillər dayanır. Dünya siyasətinə təsir imkanları getdikcə artan bu dostluq regionda sabitliyin, iqtisadi inkişafın təminatına da etibarlı qarantdır. Azərbaycana səfər çərçivəsində iki qardaş ölkə arasında münasibətlərin yeni dövrdə daha da yaxşılaşacağı və digər əməkdaşlıq imkanları ilə yanaşı, cari beynəlxalq əlaqələrə dair qarşılıqlı fikir mübadiləsinin aparılacağı gözlənilir.  Səfər əsnasında təhlükəsizliyin gücləndirilməsinə dair müzakirələr aparılacaq  və nəticəsi ictimaiyyətə açıqlanacaq”. 

 İ.Hüseynov son olaraq qeyd edib ki, Ərdoğanın dostluq jestini  ölkə rəhbərliyi çox yüksək səviyyədə qiymətləndirəcək.