Qazaxın yeddi kəndinin aqibəti necə olacaq?

Bakının qətiyyəti və iradəsi ortadadır
Qazaxın yeddi kəndinin Azərbaycana qaytarılması delimitasiya və demarkasiya prosesində öz həllini tapacaq
   Qazax rayonunun Aşağı Əskipara kəndinin işğalından 31 il keçir.
  Qazax rayonunun Aşağı Əskipara kəndi 14 iyun 1992-ci ildən Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. Aşağı Əskipara yaşayış məntəqəsi Coğaz çayının sahilində, Qazançı dağın ətəyindədir. Kəndin tarixinin Albaniya dövlətinin yaranma tarixi ilə üst-üstə düşdüyü təxmin edilir. Yəni eramızdan əvvəl 3-cü minilliyi əhatə edir. Bunu kənddə yerləşən alban kilsəsi də sübut edir.
  Kənddə XVI əsrə aid dəyirman və VI-VII əsrə aid alban kilsəsi vardı.
Aşağı Əskipara kəndinin əhalisi 1317 nəfərdir. Əhali kənd işğal olunmamışdan əvvəl, əsasən, maldarlıq və əkinçiliklə məşğul olurdular. İşğaldan sonra isə Qazax rayonunun müxtəlif hissələrində məskunlaşıblar.
  Qeyd edək ki, Qazax rayonunun düşmənlə sərhəddə yerləşən Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara və Aşağı Əskipara kimi 7 kəndi hələ də düşmən tapdağı altındadır.
  Politoloq Azər Rəşidoğlu isə “Sherg.az"a açıqlamasında deyib ki, media bu məsələni daima gündəmdə saxlamalıdır: “10 noyabr anlaşmasından sonra Qazaxın yeddi kəndinin azad ediləcəyi fikri hakim idi. Çox təəssüflər olsun ki, bu məsələ 10 Noyabr bəyannaməsində göstərilmədi. Bəyanatda olmasa da, bu məsələ də şifahi razılaşmada müzakirə edilib. Biz bu məsələdə qətiyyət göstərməsək, İrəvan 7 kənd məsələsini Azərbaycanın xeyrinə həll etməyəcək. Bu mövzu daim diqqətdə saxlanılmalıdır. Burada Naxçıvanın Kərki kəndinin azad edilməsini də unutmalı deyilik. Qazaxın 7 kəndində mülki əhali qalmayıb və Bakı istənilən yolla həmin ərazini azad edə bilər. Bu prosesin nə qədər çəkəcəyini söyləmək çətindir. Bəzi texniki məsələlər var ki, həll olunması lazımdır. Yəqin ki, bir müddət proses davam edəcək. Lakin Ermənistanın da başqa çıxış yolu yoxdur. Bu proses həm də regionda yeni nəqliyyat-kommunikasiya marşrutlarının yaradılmasının tərkib hissəsidir, buna görə də Qazax-İcevan dəmir yolunun açılması da sonrakı gedişatlarda müzakirə oluna bilər”.
  Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, politoloq Tural İsmayılov da “Sherg.az"a deyib ki, Qazaxın yeddi kəndinin Azərbaycana qaytarılması delimitasiya və demarkasiya prosesində öz həllini tapacaq: “Buna heç bir şübhə ola bilməz. Bu anklavlar Ermənistan tərəfindən qanunsuz şəkildə işğal edilib. Nikol Paşinyan da öz açıqlamalarında bu kəndlərin Azərbaycana qaytarılacağını etiraf edib. Delimitasiya komissiyaları ilə bağlı İşçi qrupunun növbəti iclaslarında Qazaxın 7 kəndi və Naxçıvanın Kərki kəndinin taleyinə birmənalı aydınlıq gətiriləcək. Azərbaycan bu məsələnin həllində öz qətiyyətini və iradəsini nümayiş etdirib”.