Ermənilərin dəyişməyən xisləti: Türkə nifrət


Beynəlxalq təşkilatlar Ombudsmanın hesabatı əsasında Ermənistanla bağlı ölçü götürməlidir

  Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva tərəfindən Ermənistanın azərbaycanlılara qarşı yürütdüyü nifrət siyasətində uşaqlardan istifadə edilməsinə dair xüsusi hesabat hazırlanaraq aidiyyəti beynəlxalq təşkilatlara göndərilib.
Bu barədə “Sherg.az"a Ombudsman Aparatından məlumat verilib.  Qeyd edilib ki, 18 iyun tarixi dünyada Nifrət Nitqinə qarşı Beynəlxalq Mübarizə Günüdür və bu hesabatın hazırlanmasında da məqsəd Ermənistanın Azərbaycana qarşı apardığı nifrət siyasətində uşaqlardan istifadə olunmasına dair faktların dünya ictimaiyyətinin, eləcə də aidiyyəti beynəlxalq təşkilatların diqqətinə çatdırmaq və nifrət siyasətinin qarşısının alınması ilə əlaqədar təxirəsalınmaz tədbirlərin görülməsi ilə bağlı çağırış etməkdir.
  Azərbaycan və ingilis dillərində hazırlanmış hesabatda uzun illər Ermənistan tərəfindən Azərbaycana qarşı həyata keçirilən nifrət siyasətinə uşaqların alət edilməsi, münaqişə dövründə, o cümlədən İkinci Qarabağ müharibəsi zamanı uşaqların hərbi əməliyyatlara cəlb edilməsi ilə bağlı faktlardan, mediada bununla bağlı qeyd olunmuş məlumatlardan və digər mənbələrdən istifadə olunub.
  Qeyd etmək lazımdır ki, Ombudsman Aparatı tərəfindən bundan əvvəl də araşdırmalar nəticəsində əldə edilmiş faktoloji materiallar, sosial şəbəkələrdə və mətbuatda yayımlanan etibarlı mənbələrdən alınmış məlumatlar əsasında azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqinə dair hesabat hazırlanıb və müvafiq beynəlxalq insan hüquqları qurumlarına ünvanlanıb. Hesabatın tam mətni ilə buradan tanış ola bilərsiniz.
  Ombudsmanın  beynəlxalq təşkilatlara hesabat göndərməsini təqdirəlayiq hal kimi dəyərləndirən politoloq  İlyas Hüseynovun sözlərinə görə, uzun illərdir Ermənistanda cəmiyyətin bütün sferalarında, o cümlədən də orta məktəblərdə türkfobiya təbliğ edilir, bu, dərsliklərə salınır və erməni uşaqlara xüsusi öyrədilir.
  Erməni uşaqlarına türk düşmənçiliyinin bu şəkildə öyrədilməsinin beynəlxalq hüquqa zidd olduğunu vurğulayan politoloq  hesab edir ki, bu, Ermənistanın uzun illərdir yürütdüyü antitürk, antiazərbaycanlı siyasətinin əyani təzahürüdür: “44 günlük Vətən müharibəsindən sonra Ermənistan cəmiyyətində ciddi ruh düşkünlüyü yaranıb. “Böyük Ermənistan” haqqında miflər dağıldığı üçün yetkin yaşda olan ermənilər ideyaya inanmırlar. Bunu anlayan erməni lobbi təşkilatları yetkin nəslə təsir göstərə bilməyəcəklərini başa düşdükləri üçün azyaşlı nəsli təsir altına salmağa çalışırlar. Heç kəsə sirr deyil ki,  Ermənistanda anti-türk siyasəti həyata keçirilir və bu turkfobiya geniş mahiyyət və məzmun daşıyır. Ermənilər öz övladlarını Türkiyə və Azərbaycana nifrət ruhunda tərbiyə edirlər. Belə olan təqdirdə bölgədə sülhü, təhlükəsizliyi, sabitliyi qorumaq çox müşkül məsələyə çevrilir. Hesab edirəm ki, beynəlxalq təşkilatlar Ombudsmanın hesabatı əsasında Ermənistanla bağlı ölçü götürməlidir. Bunu nəzərə alaraq Ermənistan tərəfi də  öz davranışlarına və yürüdülən ideoloji xəttə korrektələr etməlidir. Azərbaycan tərəfi bölgədəki sülhün, təhlükəsizliyin və sabitliyin qorunmasının tərəfdarı kimi çıxış edir. Bizim əsas istəyimiz bölgədəki sülhün dayanıqlılığının artırılması, təhlükəsizlik arxitekturasının möhkəmləndirilməsindən ibarətdir. Lakin bölgədə sülhün bərqarar olması üçün  Ermənistan  tərəfi düşmənçilik ritorikasını, nifrət nitqini kənara qoymalıdır. Əks təqdirdə, Ermənistan bu siyasi xətti davam etdirəcəksə, sülh müqaviləsinin imzalanmasından sonra da bölgədə problemlər qalıcı xarakter daşıyacaq”.