Çevik işləyən mətbuat xidmətləri - SORĞU:Jurnalistlər məmnun deyillər


  Sosial Tədqiqatlar Mərkəzi (STM) son dövrlər dövlət qurumlarının mətbuat xidmətlərinin fəaliyyəti ilə bağlı media mənsubları arasında artan müzakirələrdən və onların təşəbbüsündən irəli gələrək, mətbuat xidmətlərinin fəaliyyəti ilə bağlı media mənsubları arasında rəy sorğusu keçirib.
  STM-dən "Sherg.az"a bildirilib ki, mətbuat nümayəndələri daim qurumların kommunikasiya siyasətində çatışmayan tərəfləri qeyd ediblər. Eyni zamanda onları qane edən ünsiyyət meyarları da KİV nümayəndələri tərəfindən qeyd olunub. Ümumilikdə, son illər jurnalistlər üçün media qurumları ilə işləmək xeyli rahatlaşıb. Sorğuda iştirak edən jurnalistlər də qeyd edir ki, təxminən 10 il əvvəl ilə müqayisədə informasiyaları dəqiqləşdirmək, məlumat almaq, mövqe öyrənmək xeyli asanlaşıb. KİV işçiləri düşünür ki, əslində mətbuat xidməti rəhbərliklə mətbuat arasında vasitəçi rolunu oynamalıdır. Mətbuat katibləri bəzən çalışırlar ki, işlədikləri qurum barədə mənfi xəbərlər yayılmasın. Jurnalistin baş verən hadisəyə çevik yanaşması həm də məsələnin birbaşa bağlı olduğu dövlət qurumundan asılıdır. Mətbuat katibinin sorğulara operativ cavab verməsi həmin qurumla bağlı dezinformasiyaların yaranmasına imkan vermir. Sosial Tədqiqatlar Mərkəzi sadalanan məsələləri nəzərə alaraq 26 may – 06 iyun 2023-cü il tarixləri arasında 384 nəfər jurnalist arasında telefon üsulu ilə rəy sorğusu keçirib. Sorğuda iştirak edən media mənsublarına ünvanlanan ilk sual mətbuat xidmətlərinin fəaliyyətinə məmnunluq yanaşmasını ortaya çıxarıb.
  “Azərbaycanda dövlət qurumlarının mətbuat xidmətlərinin fəaliyyətindən razısınızmı” sualına 78.1 faiz “qismən razıyam”, 12.8 faiz “tam razıyam”, 8.6 faiz “heç razı deyiləm” cavabını verib. 0.5 faiz respondent suala cavab verməkdə çətinlik çəkib. Jurnalistlər bəzi qurumların media fəaliyyətini bəyənsələr də, digər qurumların bu sahədəki fəaliyyətindən narazılıq ifadə edib. Nəticədə “qismən razıyam” cavabı verənlər üstünlük təşkil edib.
  Sorğuda iştirak edənlərə “Mətbuat xidmətlərinin fəaliyyətində hansı meyarları vacib hesab edirsiniz” sualı ünvanlanıb və bir neçə cavab variantı seçmək imkanı verilib. Media nümayəndələrinin əsas hissəsi, 69.8 faizi hadisələrə operativ reaksiya vermək ənənəsi, 51.0 faizi jurnalistlərə qarşı ayrı-seçkilik edilməməsi və 46.1 faizi jurnalistlərlə fəal ünsiyyət bacarığı meyarlarını vurğulayıb.
  KİV mənsublarını narazı salan məqamları aydınlaşdırmaq üçün onlara bu istiqamətdə sual ünvanlanıb. “Mətbuat xidmətlərinin fəaliyyətində sizi narazı salan əsas nüanslar hansılardır” sualına verilən cavablara əsasən, medianın sorğularına gec reaksiya verilməsi məsələsi, rəhbərliyin təsdiqini gözləmək əsası ilə sorğuların cavablandırılmaması, jurnalistlər arasında ayrı-seçkilik edilməsi məsələləri sorğuda önə çıxan əsas problemlər kimi müəyyən olunub.
  Jurnalistlərə həmçinin qurumların mətbuat xidmətlərinin böhranlı situasiyadakı işləri ilə bağlı sual ünvanlanıb. Qeyd edək ki, böhran menecmenti klassik idarəetmə yanaşmasından fərqli bir sıra unikal xüsusiyyətlərə malikdir. Böhran menecmentinin əsas məqsədi böhranları qabaqlaya biləcək, onların növlərini fərqləndirən, böhrana qarşı tədbirlər görə bilən, eyni zamanda keçmişdə olmuş böhranlardan yeni şeylər öyrənən və ən sürətli şəkildə özünü toparlaya bilən təşkilatlar yaratmaqdır. “Qurumların mətbuat xidmətləri fors-major hallara və böhranlı vəziyyətlərə dair böhran kommunikasiyasında uğurlu fəaliyyət göstərirmi” sualına sorğuda iştirak edənlərin 56 faizi “xeyr”, 34.4 faizi “bəli” cavabını verib. Respondentlərin 9.6 faizi bu suala cavab verməkdə çətinlik çəkib.
  Sorğu nəticələrindən aydın olur ki, ümumi mənada qurumların böhran kommunikasiyası siyasəti KİV nümayəndələri tərəfindən bəyənilmir. Lakin bu sahədə kifayət qədər çevik və fəal işləyən mətbuat xidmətləri də mövcuddur.
  Sözügedən sorğuda iştirak edən, “Axar.az” saytının müxbiri Turanə Məmmədli “Sherg.az"a açıqlamasında deyib: Mən rəsmi qurumlarla işləmirəm – müxbirlərimiz sorğu göndərir. Cavab ala bilmədiyimiz qurumlar Baş Prokurorluq, Nazirlər Kabineti, Səhiyyə Nazirliyidir: 
  “Ən böyük narahatlığım isə bəzi mətbuat katiblərinin media üzərində "ağalıq" etmə istəyi ilə bağlıdır. Unudurlar ki, mətbuat katibi də elə jurnalist fəaliyyəti ilə məşğul olmalıdır. Hansı “səlahiyyətlə” onlar zəng edib “bunu belə yazın, onu belə edin, bu xəbəri silin” deyə əmr edə bilirlər!? Bu “haqqı”onlara kim verib bilmirəm.  Media ilə necə danışmaq lazımdır, onu öyrənsələr, daha yaxşı olar. Narazılığım olan bir məqam isə mətbuat katiblərinin öz işini şəxsi dostluq münasibətləri fonunda qurmasıdır.  Hansısa bir qurumun mətbuat xidməti əməkdaşlarının jurnalistlərlə dostluq etməsində qəbahət görmürəm, lakin bu dostluq onların işdən kənar həyatında əks olunmalıdır. Bəzən dövlət qurumlarının mətbuat xidmətinə sorğu göndəririk, üstündən bir müddət keçdikdən sonra sorğunun cavabını başqa bir saytda görürük.  Bu isə peşə etikasına və vəzifə səlahiyyətlərinə zidd olan bir şeydir.  Sevindirici halisə odur ki, yaxşı mətbuat katiblərimizin sayı kifayət qədər çoxdur.


  “Bakı vaxtı.az” saytının müxbiri Xəyalə Rza isə deyib ki, Bakı Nəqliyyat Agentliyi, Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyi, Mədəniyyət Nazirliyi ilə əlaqə saxlayanda qısa vaxt ərzində suallarımızı cavablandırıblar. 
  STM-nin sorğusunda iştirak edən digər jurnalist Nigar Məhərrəmin sözlərinə görə, bəzi mətbuat katiblərinin fəaliyyəti formal xarakterlidir. Əksəriyyəti jurnalistlərin suallarına şablon cavablar verirlər: “Olur ki, hansısa hadisə ilə bağlı sorğu göndərib detallı məlumat istəyirsən, lakin cavab ya çox qısa, ya da ki “bizdə belə bir məlumat yoxdur” olur. Xüsusən də statistik rəqəmlər lazım olduqda cavab almaqda çox çətinlik çəkirik. Sözsüz ki, işini məsuliyyətlə yerinə yetirən mətbaut katibləri də yox deyil. Energetika Nazirliyinə göndərdiyim sorğuların cavabı kifayət qədər əhatəli olur. “Azərgold”un mətbuat xidmətinin fəaliyyətindən də razıyam. “Azəravtoyol”, Statistika Komitəsindən də məlumat ala bilirik”.
  “Metbuat.az” saytının müxbiri Gülər Seymurqızı isə deyib ki, dövlət qurumlarının mətbuat xidmətlərinin jurnalistlərlə daim əlaqədə olması çox vacibdir. Bəzən elə olur ki, məsələ ilə bağlı aidiyyəti quruma sorğu göndərilir, sorğuya mətbuat xidməti tərəfindən cavab verilənədək (bu vaxt 14 gün çərçivəsində dəyişir) artıq məsələ ya gecikir, ya da həll olunmuş olur:



“Sevindirici haldır ki, Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi,  Xarici İşlər Nazirliyi daim sorğularımıza cavab verir. Yəni fəaliyyətlərindən ən çox razı qaldığım mətbuat katibi məhz bu qurumların əməkdaşlarıdır. Digər qurumlar da mesajlara cavab verir, ancaq məlumat olmur, ya da istədiyimiz cavabı  ala bilmirik”.