Tiktok istifadəçiləri böyük enerjidir

Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi

Bizim üzərimizə düşən bu enerjini müsbət istiqamətə yönəltməkdir

“Bu platformaya birmənalı zərərli demək olmaz. Belə demək doğrudur ki, tiktokda uşaqlar üçün zərərli ola biləcək informasiyaların xüsusi çəkisi hədsiz çoxdur”


 İyunun 16-da Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə tiktok platformasında fəal olan media təmsilçilərinin bir qrupu ilə görüş keçirilib.
 Toplantını giriş sözü ilə açan MŞ sədri Rəşad Məcid son illər tiktokun ölkəmizdə populyarlaşdığına diqqət çəkib və bildirib ki, mövcud amil ona həm də informasiyanın yayılması arealı kimi yanaşmanı aktuallaşdırmaqdadır. Bu prosesdə isə jurnalistlərin daha aktiv iştirakı günün tələbidir. “Mayın 30-da tiktok platformasının Şərqi Avropa regionunda dövlət qurumları ilə iş üzrə direktoru Sergey Sokolov, dövlət qurumları ilə iş üzrə meneceri Dmitri Pylev, platforma üzərindəki canlı yayımların Orta Asiya və Şərqi Avropa üzrə direktoru Veqa Sonq, həmçinin tiktokun Azərbaycan üzrə əlaqələndiricisi Emin Axundov Mətbuat Şurasında olub. Bundan əvvəl, mayın 12-də isə tiktokun Azərbaycan üzrə əlaqələndiricisi Emin Axundovla görüşmüşdük. Ümumən, tiktok maraqlıdır ki, platformada kontent səviyyəli olsun. Buna görə ölkəmizdəki müxtəlif qurumlarla əməkdaşlığa səy göstərir”, - deyə R.Məcid vurğulayıb.

MŞ sədri onu da bildirib ki, Azərbaycan jurnalistlərinin tiktok müstəvisində səviyyəli kontentin formalaşmasında iştirak imkanları yüksəkdir. O, bu iştirakçılığın xoşagəlməz halların qarşısının alınmasında, informasiya müstəvisində manipulyasiyaların aradan qaldırılmasındakı önəmindən söz açıb.
“Biz nə edə bilərik? Hesab edirik ki, tiktok nümayəndələri Azərbaycan jurnalistləri üçün təlimlər keçirə bilərlər. Mövcud istiqamətdə dəstəyimizi göstərə biləcəyimizi vurğuladıq. Xüsusən də gənc jurnalistləri bu platformaya həvəsləndirmək vacibdir”, - deyən R.Məcid Mətbuat Şurasının aktiv sosial şəbəkələrdəki aktiv media təmsilçiləri ilə təmaslara üstünlük verdiyini də diqqətə çatdırıb. O, ötən il onlarla keçirilmiş görüşdə Şuranın etik prinsiplərə riayət edilməsinin vacibliyinin vurğulandığı müraciətinin yayıldığını vurğulayıb.

Görüşdə iştirak edən tiktokda fəal olan jurnalistlər mövcud platformadakı informasiya yayıcılığı ilə bağlı müxtəlif məqamlara toxundular. Onlar bildirdilər ki, məsələyə önəm verilməsi həm də ölkənin informasiya təhlükəsizliyi baxımından vacibdir. Görüşdə bu baxımdan ayrı-ayrı misallar üzərində dayanıldı. Jurnalistlər, həmçinin özlərinin səhifələrinin əsassız yerə silinməsi kimi halların mövcudluğunu qabartdılar. Eyni zamanda ilk mənbə rolunda çıxış edən dövlət qurumlarının mediaya informasiya verilməsinə məsul əməkdaşlarının da tiktokda fəallıqlarına ehtiyacın duyulduğunu bildirib, bunun yanlış informasiyaların qarşısının alınması nöqteyi-nəzərdən əhəmiyyətinə toxundular.
  
Görüşdə qaldırılan məsələlər qruplaşdırıldı və bildirildi ki, bütün bunlar gələcəkdə tiktok rəhbərliyinin Azərbaycan jurnalistləri ilə təmasları zamanı da müzakirəyə çıxarıla bilər.
  
Qeyd edək ki, ölkəmizdə tiktokla bağlı yanaşmalar müxtəlifdir.  Bəzi ekspertlər də bu platformanın ictimai gündəmin formalaşmasında xüsusi rol oynamadığı qənaətindədir. Bu ekspertlərə görə, uşaqların təhlükəsizliyi baxımından zərərli olan bu platforma məhdudlaşdırılmalıdır.
  
Jurnalist Araşdırmaları Mərkəzinin sədri, “Yenisabah.az” saytının baş redaktoru Seymur Verdizadə isə “Sherg.az”a açıqlamasında Mətbuat Şurasının təşəbbüsü ilə tiktok platformasında fəal olan media təmsilçiləri ilə keçirilən görüşü alqışlayıb. Onun sözlərinə görə,  Mətbuat Şurası ictimai təşkilat olsa da, çoxşaxəli fəaliyyət göstərir və bütün sosial platformaları diqqətdə saxlayır. Bu baxımdan müzakirələrin keçirilməsi müsbət haldır: “Düzdür, Azərbaycan cəmiyyətində tiktok ciddi sosial platforma kimi qəbul olunmur. Təəssüf ki, bəzi qeyri-ciddi adamlar öz mənasız və lüzumsuz hərəkətləri ilə Azərbaycanda bu platformanı nüfuzdan salıblar. Amma bu bir faktdır ki, ölkəmizdə minlərlə tiktok istifadəçisi var. Bu, böyük enerjidir. Bizim üzərimizə düşən bu enerjini müsbət istiqamətə yönəltməkdir. Mətbuat Şurasında keçirilən görüş də bu məqsədə xidmət edir”.

Sözügedən görüşdə iştirak edən Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz  isə deyib ki, tiktok son dövrlərdə ən çox məşhurlaşan sosial media platformalarından biridir: “Bu sosial şəbəkə xüsusən uşaqlar və gənclər arasında daha çox populyardır. Digər sosial media resurslarına nisbətən tiktok daha tez populyarlaşan resurs kimi dünyada tanınıb. Tutaq ki, feysbuk, yutub, instaqram və digər sosial media resursları indiki auditoriyasına uzun illər ərzində çatıbsa, tiktok buna çox qısa bir müddətdə nail olub.

Bununla bağlı müəyyən narahatlıqlar var. tiktokda Azərbaycanda uşaqların zərərli informasiyalardan qorunması ilə bağlı qanunvericiliyə zidd xeyli sayda məlumatlar tapmaq olar. Qanun pozuntusu digər sosial şəbəkələrdə bu dərəcədə güclü deyil. İndi də bu fikirdəyəm ki, ölkəmizdə uşaqlar üçün tiktok məhdudlaşdırlmalıdır. Əslində, qanun da bunu tələb edir. Hesab edirəm ki, tiktoka hökumət tərəfindən rəsmi münasibət sərgilənməlidir. Uşaqların bu platformadan istifadəsi ilə bağlı müəyyən məhdudiyyətlərin qoyulması doğru olardı”. 

O.Gündüz deyir ki, hər bir platformanın bəlli əhəmiyyəti var: “Məsələn, Azərbaycanda feysbukun ictimai əhəmiyyəti daha böyükdür. Bu platformada ictimai müzakirələr, diskussiyalar gedir, ictimai nəzarət funksiyası həyata keçirilir. Yutubun əhəmiyyəti tam başqa yöndədir. Vətəndaşlar video formada olan informasiyaları daha effektiv qəbul edə bilir. Ola bilsin ki, tiktokun uşaq və yeniyetmələr arasında populyarlığı müəyyən biznes dairələrinə faydalı xidmətləri çatdırmaqda kömək edir. Bu da normaldır. Bu platformaya birmənalı zərərli demək olmaz. Belə demək doğrudur ki, tiktokda uşaqlar üçün zərərli ola biləcək informasiyaların xüsusi çəkisi hədsiz çoxdur. Amma o demək deyil ki, bu platformanın üzərinə xətt çəkilə bilər. İstifadəçi özünün hansısa faydalı məhsulunu sata bilər və yaxud bir anda bu şəbəkədə məşhurlaşa bilər. Bunu heç kim onun əlindən ala bilməz. Yeganə məqam ondan ibarətdir ki, azyaşlıları qoruya bilək, çünki bu şəbəkədə uşaqlar üçün təhlükə mövcuddur”.