Ermənistan ehtimal edilən sülh müqaviləsinin üstündən xətt çəkib: Hərbi əməliyyatlar başlaya bilər

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “Xəzər Bağlantı Konfransında” çıxışında  deyib ki, Ermənistanla normallaşma prosesi üçün perspektivlər açılıb.

Vətən müharibəsindən sonra Bakı ilə İrəvan arasında diplomatik təmaslar sürətlənib. Müxtəlif vasitəçilərin səyi ilə ikitərəfli və çoxtərəfli dialoq son vaxtlar daha da intensivləşib. 
 
Həm Qərb, həm də Rusiya öz maraqlarına müvafiq olaraq vasitəçilikdə israr edir. Müxtəlif səylər Azərbaycan üçün yeni perspektiv yaradır. Üstəgəl, Brüssel, Vaşinqton və Moskvanın İrəvana təzyiqləri də Bakının əlini gücləndirir. 
 
Təsadüfi deyil ki, son zamanlar Ermənistan rəsmiləri, o cümlədən baş nazir Nikol Paşinyan əvvəlkinə nisbətən daha loyal açıqlamalar verirlər. Bu, iki məqamdan xəbər verir. Birincisi, rəsmi İrəvan reallığı anlayır. İkincisi, Ermənistanın işi getdikcə çətinləşir və başqa yolunun olmadığın anlayır. 
 Hazırda sülhə mane olan əsas məsələ Paşinyanın lazımi siyasi iradə göstərməməsidir. O, konkret qərar vermək əvəzinə vaxtı mümkün qədər uzatmağa çalışır. Beləliklə, bütün tərəfləri- həm Rusiyanı, həm Qərbi, həm də daxildəki fəalları razı salmağa çalışır. Hökumət başçısı qəti addım atacağı təqdirdə “qələminin qırılacağından” qorxur. Baş nazir düşünür ki, sülh müqaviləsi imzalanmadıqca o, hakimiyyətdə qala biləcək. Elə buna görə də vaxtı uzatmağa çalışır. 

 Amma bu da Paşinyan üçün çıxış yolu deyil. Çünki düşdüyü çətin vəziyyət getdikcə daha da mürəkkəbləşir. Ermənistan hərbi-siyasi hakimiyyəti nəzərə almalıdır ki, Azərbaycanın səbri sonsuz deyil. Biz Paşinyanın “nazına”, o cümlədən davam edən təxribatlara əbədi olaraq humaninst yanaşa bilmərik. Rəsmi İrəvan başa düşməlidir ki, hər nəticəsiz diplomatik səy ehtimal edilən hərbi əməliyyatları daha da yaxınlaşdırır. 

 Əslində son təxribatlara qədər davam edən proses sülh müqaviləsinin yaxın gələcəkdə imzalanmasına dair ehtimalları artırmışdı. Amma provokasiyalar bu ehtimalın üstündən xətt çəkdi. Düşünürəm ki, sülh yaxın gələcək mümkün deyil. Sülh müqaviləsindən əvvəl genişmiqyaslı hərbi əməliyyatların başlanması ehtimalı daha çoxdur.