Komissiya Gədəbəydəki narazılığı araşdırır

Söyüdlü kəndinə başqa şəxslərin girişi məhdudlaşdırılıb

“Vətəndaşların tələbi odur ki, bu zərərli maddələr gölə atılmasın. Əhali başqa bir şey tələb etmir”


 Gədəbəy rayonunun Söyüdlü kəndində bir qrup şəxs kənd ərazisində süni gölün tikintisinə etiraz olaraq iyunun 20-də aksiya keçirməyə cəhd göstərib. Aksiyanın qarşısı alınan zaman polislə sakinlər arasında insident baş verib. Polis əməkdaşlarının aksiya iştirakçılarına qarşı gözyaşardıcı qazdan istifadə etməsi birmənalı qarşılanmayıb.
  
Sakinlər gölün suyu zəhərli olduğu üçün təsərrüfata və əkin sahələrinə ziyan vurduğunu deyiblər. Həmçinin iddialara görə, qızıl çıxartma şirkətinin yaratdığı bu süni göl Söyüdlü kəndində xərçəng xəstəliyinin kütləvi yayılmasına, uşaqların əlil doğulmasına səbəb olub. Eləcə də ağacların meyvəsi quruyaraq yerə tökülür. Kənd camaatı gölün suyunun sızaraq yaxınlıqdan keçən çaylara axdığını, buxarlandıqca zərərli maddələrin havaya hopduğunu, beləcə atmosferi çirkləndirdiyini bildirirlər. Bütün bunlar azmış kimi, Söyüdlü kəndinin ərazisində qızıl mədənini istismar edən şirkət tərəfindən ikinci belə süni göl yaradılır. Sakinlərin dediyinə görə, bu göl kəndin örüş yerlərində, 48 hektarlıq ərazidə salınacaq.
 
 Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə Baş nazir Əli Əsədovun sərəncamı ilə komissiya yaradılıb.
Gədəbəy rayonunun Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün yaradılan komissiya süni gölün tikintisi aparılan ərazidə olub.
Komissiya üzvləri zavodun ərazisindəki tullantıxanaya - gölə baxış keçiriblər.
  
Ərazidə monitorinq aparmaq üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səyyar laborator maşını fəaliyyət göstərir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ərazidə monitorinq aparan qrupunun üzvləri komissiyanın sədri Muxtar Babayeva məlumat verib ki, gölün altı membranla örtülüdür, bu isə zərərli maddələrin torpağa təmas etməsinə imkan vermir. Gölə tökülən sianid isə peroksid ilə zərərsizləşdirilir.

Qeyd olunub ki, nümunələr gölə tökülən sudan texniki su kimi istehsalatda yenidən istifadə etməyin mümkün olduğunu göstərir. Komissiya üzvləri, həmçinin, ərazidə olan ehtiyat gölə də baxış keçiriblər.

Məlumat üçün bildirək ki, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi məqsədilə Gədəbəy rayonunun Söyüdlü kəndinə kənd sakinlərindən başqa şəxslərin girişi məhdudlaşdırılıb. Bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov bildirib.

Eyni zamanda Gədəbəy Rayon Məhkəməsi Söyüdlü kəndində süni gölün tikintisinə etiraz edən 5 nəfər barəsində qərar çıxarıb. 
Məhkəmə onları İnzibati Xətalar Məcəlləsinin 513.2-ci (toplantıların təşkili və keçirilməsi qaydasının pozulması) maddəsi ilə təqsirli bilib.

Etirazçılar İnzibati Xətalar Məcəlləsinin 513.2-ci (toplantıların təşkili və keçirilməsi qaydasının pozulması) maddəsi ilə təqsirli bilinib. Saxlanılanların hər biri barəsində inzibati qaydada 20 sutka həbs qərarı verilib.

 Kənd əhalisinin qızıl emalı zamanı ətraf mühitin çirklənməsi barədə narazılıqlarına toxunan millət vəkili Vahid Əhmədov "Bakupost.az"a açıqlamasında əhali ilə polis arasında bu cür münasibətin yolverilməz olduğunu deyib. 
  
Deputat deyib ki, zərərli maddələrin saxlanılması üçün xüsusi tələblərə riayət olunmalıdır: “Polislə əhali arasında olan xoşagəlməz görüntülər hamımızı məyus etdi. Bu cür toqquşmalara yol vermək olmaz. Bunu dinc yolla həll etmək olardı. Burda polisin üzərinə böyük məsuliyyət düşürdü. Polis öz səlahiyyətlərini qanun çərçivəsində yerinə yetirməlidir. Azərbaycan xanımına qarşı bu cür rəftar etmək olmaz. Daxili İşlər Nazirliyi bu işi araşdırıb, məsələyə hüquqi qiymət verməlidir. Vətəndaşların tələbi odur ki, bu zərərli maddələr gölə atılmasın. Əhali başqa bir şey tələb etmir. Kim olsa, bunu istəyər. O zəhərli maddələr sabahısı günü əhali üçün çox ciddi problemlər yarada bilər".
V.Əhmədov qeyd edib ki, zəhərli maddələrin saxlanılması üçün xüsusi tələblər var: "Həmin tullantıları dərinliyi hardasa 100 metr olan bir yerə basdırmaq lazımdır".

Millət vəkili qeyd edib ki, bu məsələ ciddi araşdırılmalı və günahkarlar məsuliyyətə cəlb olunmalıdır: “Ekologiya Nazirliyi bununla bağlı araşdırma aparmalıdır ki, niyə bu cür problem baş verib? Gədəbəy Rayon İcra Hakimiyyəti bu məsələni elə həll etməli idi ki, bu cür insident yaranmasın. Digər tərəfdən, yayılan videolarda icra başçısının xanımla dialoqu düzgün deyildi. Deyir ki, əgər burda zəhərli qaz olsaydı, 78 yaş yaşamazdın. Bu, ümumiyyətlə, gülməli bir frazadır. Bu cür sözləri deyəndə bir balaca fikirləşmək lazımdır. Dağ adamları uzunömürlü olurlar. Xanıma da Allah uzun ömür versin. Burda ekologiyadan söhbət gedir. İnanmıram ki, başqa bir məsələ olsun”.

Vahid Əhmədov həmçinin Ermənistanın Naxçıvanla sərhəddə -Arazdəyən kəndində iri metallrgiya zavodu inşa etməsinə də münasibət bildirib: "Ermənilərin sərhəddə metallurgiya zavodu açması çox ciddi bir problemdir. Mən bu haqda öz mövqeyimi bildirmişəm. Deyirlər, guya, zavodu Amerika şirkəti açıb. Ordan Amerika bayrağı asıblar. Kimin açmağından asılı olmayaraq, bu, yolverilməzdir. Metallurgiya kombinatının açılması ilə çaylara kifayət qədər zərərli maddələr atılacaq. Bu da bölgə üçün ekoloji cəhətdən böyük problemə çevrilə bilər. Əlbəttə, bunun qarşısını almaq lazımdır. Xarici İşlər Nazirliyi və Ekologiya Nazirliyi bu haqda hökumət səviyyəsində öz etirazını bildirməlidir. Artıq qeyri-hökumət təşkilatları bu məsələ ilə bağlı mövqelərini bildiriblər”.

Ekoaktivist Zülfü Fərəcli isə sosial media hesabında sözügedən sianidin zərərlərindən danışıb. Onun sözlərinə görə, sianid turşusu hidrogen sianidin (HCN) suda məhluludur, çox zəhərlidir, uçucudur, acı badam qoxusu verir:

 “Sianid təbii halda az miqdarda (<0.05 qr/l) suda və bəzi bitki toxumlarında rast gəlinən maddədir. Ona görə alma, armud, gilas kimi meyvələrin toxumlarını yemək tövsiyə olunmur. Sizi zəhərləyəcək dozada sianid qəbul etmək üçün ən azı 150 ədəd alma toxumunu bir dəfəyə yeməlisniz. Sianid istehlak olunarkən bədəndəki hidrogenlə qarışaraq Sianid Turşusu (Hidrogen Sionid, HCN) əmələ gətirir. Onun ölümcül olması üçün 1-3 mq/kq (bədən çəkisi) qədər istehlakı lazımdır. Ümumdünya Səhiyyə Təşkilatına görə, sianid buxar formasında tənəffüs edildikdə daha təhlükəlidir. Tənəffüs edilən sianid miqdarı 120–150 mq/m3 çatsa 20-60 dəq, 300 mq/m3-a çatdıqda isə dərhal ölüm baş verir. Qızıl mədənlərindəki göllərdən yayda sianidin buxarlanaraq havaya qarışması qaçılmazdır, çünki sianid turşusunun qaynama temperaturu 25,60 °C-dir.  Sianidin insan bədənində ən çox neqativ təsir etdiyi orqan beyindir. 

Əlavə olaraq ürək-damar, qaraciyər, ağciyər, tiroid toksikliyi kimi xəstəlikləri də yaradır. Həmçinin bəzi mənbələr cinsi sağlamlığa da mənfi təsir edə biləcəyini qeyd edir. Qızıl mədənlərində qlobal təcrübədə 0.01-0.05 faiz diapozununda Natrium Sianid (Sianid duzu) məhlulundan istifadə olunur, hansı ki, bu insan üçün olduqca təhlükəlidir! Hətta bu maddənin istifadəsini azaltmağı öhdəsinə götürmüş mədənlərin könüllü qoşulduğu “International Cyanide Management Code”- da var. Kənar təsirləri nəzərə alaraq bəzi yerlərdə isə ümumiyyətlə qızıl mədənində sianid göllərinin istifadəsinə qadağa da qoyub: Almaniya, Çexiya, Slovakiya, Macarıstan, Argentinanın bəzi bölgələri və ABŞ-nin Montana ştatı. Bu qərar 2000-ci ildəki qəzadan sonra verilib”.