Qara camaat əziyyət çəkir, AZAL isə qazanır

Karantin rejiminin müddəti oktyabrın 2-dək uzadılıb

  Azərbaycanda xüsusi karantin rejiminin müddəti iyulun 1-dən oktyabrın 2-dək uzadılıb. Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
  Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2023-cü il 2 oktyabr 06:00-dək uzadılıb.
  İctimaiyyət nümayəndələri isə hesab edir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 üçün pandemiya statusunu ləğv edib. Bundan sonra quru sərhədlərinin bağlı saxlanılması anlaşılan deyil.
Ekspertlər isə pandemiya səbəbindən qapadılan sərhədlərin açılmasını iqtisadiyyatın gücləndirilməsi üçün vacib addım hesab  edir.  

  Jurnalist Araşdırmalar Mərkəzinin sədri Seymur Verdizadə isə “Sherg.az"a açıqlamasında deyib ki, quru sərhədləri koronavirus epidemiyasına görə bağlanmışdı. Hazırda isə Azərbaycanda koronavirusun başa çatdığını əminliklə söyləmək olar. Bu gün ölkədə adi qripə yoluxanlar koronavirusa yoluxanlardan yüz dəfə çoxdur. Bu isə o deməkdir ki, artıq məlum təhlükə dəf edilib. Odur ki, sərhədlərin bağlı qalmasının da heç bir əhəmiyyəti qalmayıb. Şəxsən mən bir ölkə vətəndaşı və ictimaiyyət üzvü olaraq quru sərhədlərinin açılmasının tərəfdarıyam. Əgər dövlət sərhədlərin birdən açılmasına ehtiyat edirsə, bunu mərhələli şəkildə də etmək olar. Əvvəlcə Gürcüstanla quru sərhədimiz açılsın. Sonra isə Türkiyə ilə”.

S.Verdizadənin sözlərinə görə, sərhədlərin bağlı qalmasının əziyyətini qara camaat çəkir: “Bu prosesdən tək fayda görən AZAL və onun rəhbərliyidir. Gürcüstana, Türkiyəyə gedən insanlar balalarının boğazından kəsib Cahangir Əsgərovun cibini doldururlar. Karantin rejimi uzadılsa belə istisna hal kimi yuxarıda adlarını qeyd etdiyim iki ölkə ilə sərhədləri açmaq lazımdır”. 


  

İqtisadçı-ekspert Fuad İbrahimov “Sherg.az"a açıqlamasında quru sərhədlərin açılmasının indiki reallıqda çox böyük sosial sifariş olduğunu deyib. İqtisadçının sözlərinə görə, hazırda quru sərhədlərin bağlı saxlanması üçün ciddi arqumentlər yoxdur. Əgər sərhədlərin qapalı qalmasının bizim bilmədiyimiz bir səbəbi varsa, bu, mütləq açıqlanmalıdır: “Aydın məsələdir ki, səbəb pandemiya deyil. Quru sərhədlərin bağlı qalması Azərbaycan kimi ölkələrdə əhalinin həyat tərzinə, məişətinə ciddi problem yaradır. İnsanlar daha aşağı qiymətə daha keyfiyyətli mal və xidmətlərə çıxış əldə edirdilər. Bu imkanlar tamamilə əldən çıxıb. Quru sərhədlərinin bağlı olmasına görə üçüncü ildir ki, insanlar qazanc yerlərini itirib. Kasıb təbəqə doğmalarını görməyə gedə bilmir. Bu vəziyyət heç dövlətə, iqtisadiyyata da sərfəli deyil. Həm dövlətin, həm də vətəndaşların iqtisadi mənfəəti baxımından karantin rejiminin uzadılması zərərdirş.
  Azərbaycana gələn turistlərin böyük faizi quru sərhədlərimizin olduğu ölkələrin payına düşür. Yəni Azərbaycana gələn hər 10 turistin 7-sinin vətəndaşlığı olduğu ölkə ilə quru sərhədlərimiz var. Bu baxımdan, quru sərhədlərin açılması ölkəyə daha çox turistin gəlməsinə səbəb olmaqla real sektora dəstək ola bilər.
  Hava nəqliyyatı ilə turistik səfərlər quru yolla gediş-gəlişi heç vaxt kompensasiya edə bilməz. Qiymət, xərclər arasındakı fərq o qədər böyükdür ki, təyyarə reyslərinə üstünlük verilməsini düşünmək belə absurddur. Quru sərhədlər açılsa, sərhədyanı bölgələrdə də hərəkətlilik yaranacaq, iqtisadi vəziyyət normallaşacaq”.