Tələbələrimə sevgilərlə: Yolunuz açıq olsun! - Məzun gecəsindən REPORTAJ

İki gün əvvəl məzun günləri olan tələbələrimizin bir çoxuna uzun müddət əvvəl - onlara dərs dediyim zaman həmişə yanlarında olacağına söz vermişdim. Odur ki, onların universitetləri, müəllimləri ilə sağollaşacaqları tədbirdə iştirak etməyi, təlatümlü hisslərini şərik olmağı istəyirdim. Bu məqsədlə həm universitetin əməkdaşı, həm də media nümayəndəsi olaraq Milli Gimnastika Arenasında keçirilən mərasimə qatıldım.
 Məzun gününə həmkarımız Gülçin Cəmillə birlikdə getmişdim. İçəri girən- girməz daha iki kolleqamız- Qasım Xuluflu və Gülçin Cəmillə rastlaşdım. Bizim tələbəlik həyatımız eyni dövrə təsadüf edib.

 Qasımın geyindiyi mantiya məni təəccübləndirmir. Çünki bu il məzun olanlardan biri də odur. Qasım istedadlı, zəhmətkeş oğlandır. Onu 5 ildən çoxdur ki, tanıyıram. Qasım universitetə yeni qəbul olanda mən birinci kursda oxuyurdum. Tədricən dostlaşdıq. Bəzən sözümüz üst-üstə düşməsə də, ən kritik məqamlarda bir-birimizn yanında olmağı bacarırıq. 
Bu, dünən belə idi. Bu gün də belədir. Ümid edirəm və çox istəyirəm ki, sabah da belə olsun. Çünki Qasım kimi dost hər insana qismət olmur. Qasım indiyədək nəyə nail olubsa onun arxasında zəhmətkeşliyi, əzmi dayanır. Bunu çoxları kimi fakültəmizin müəllimləri də bilir. Təsadüfi deyil ki, arenadakı dekan müavinlərimiz, müəllimlərimiz Qasım görən kimi onunla xatirə fotosu çəkdirmək istədilər. Dostumun bu qədər çox sevilməsinin səbəbi məhz onun yüksək insani keyfiyyətləridir. 

 Onlarla tez-tez fakültədə görüşməyimə baxmayaraq, müəllimlərimlə- dekanım Vüqar Zifəroğlu, dekan müavinlərimiz Sevinc Əliyeva, Esmira Rövşənova, Samir Xalidoğlu və digərləri ilə burada qarşılaşmaqdan məmnun oluram. Tələbə statusunu artıq daşımamağıma baxmayaraq, adını çəkdiyim və çəkmədiyim bütün müəllimlərimin dəstəklərini indiyədək hiss etməkdəyəm. Fikrimcə, müəllimlik məhz budur. 
 Magistratura pilləsini bitirəndə olanda məzun günümüz məhz bu məkanda – Milli Gimnastika Arenasında olmuşdu. O zaman fərqlənən məzun kimi müəllimlərimizlə xatirə fotosu çəkmişdim. Onların əhatəsində qürurla dayanmışdım. İndi istər-istəməz həmin anları xatırladım. Və yenidən fərəhləndim. 
 Gözüm tələbələrimi axtarır. Onların biri ilə əlaqə saxlayıb harda olduqlarını soruşuram. Təxmini yerlərini öyrəndikdən sonra yanlarına gedirəm. Mühafizə işçisi jurnalist olduğumu əsaslandırıb deyir ki, yuxarı qalxa bilmərəm. Məcbur olub fakültənin əməkdaşı olduğumu təsdiqləyən vəsiqəni göstərir və tələbələrimlə foto çəkdirmək istədiyimi bildirirəm. Bundan sonra razı olur. 
 İlk qrupumun tələbələrini görüb sevinirəm. Üz ifadələrindən sevincli olduqları hiss edilir. Bir neçəsi ilə ayaqüstü foto çəkirik. 
 Xatırlayıram ki, İlk dəfə auditoriyaya girəndə demişdilər ki, əvvəlki həftələrdə iki müəllim bu fənni tədris etmək üçün gəlib və mən üçüncü pedaqoqam. Yaxın günlərdə mənim də əvəzimə başqa bir müəllimin göndəriləcəyini iddia etmişdilər. "Yox" demişdim. Doğrudan da, semestrin sonuna kimi dərslərimizi davam etdirdik- bir az əyani, bir az distant rejimdə. 
 Düşünürəm ki, əsl müəllim həmişə-bütün situasiyalarda tələbələrinin yanında olmağı bacarmalıdır. 

 Tədbirin aparıcı tanınmış şoumen Murad Arifdir. O, məzunlara uğurlar arzulayır. M. Arif tələbələrlə onların sevimli müəllimləri ilə arasında münasibətlərin bundan sonra da davam etməsini arzulayır. Bu, mühüm məsələdir. Şanslı adamam ki, müəllimlərimin bir çoxu ilə indi həm də dostam. Tələbələrimlə ünsiyyətimin də gələcəkdə belə olmasını arzulayıram. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səslənir. Ənənəvi olaraq hər kəs ayağa qalxır. Bundan sonra BDU- nun himni eşidilir.
 Aparıcının giriş nitqindən sonra rəsmi şəxslər səhnəyə dəvət olunurlar. Gənclər və idman naziri Fərid Qayıbov məzunlara öz tövsiyələrini verir, tələbəlik həyatının insan həyatındakı rolundan danışır. Millət vəkili Arzu Nağıyev bütün məzunlara uğurlar arzulayır. Universitetin rektoru Elçin Babayev bildirir ki, məzunlar tələbəlik illərində nəinki ixtisaslı kadr kimi yetişib lazımi bilikləri əldə edib, həm də dost qazanıblar. Elçin müəllimin bu fikirləri ilə ikiəlli razıyam. Elə mən də öz tələbəlik illərimdə çoxlu dost qazanmışam. Onlar biri- hazırda universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) sədri olan Hacıbaba Mustafeyev qəfil mənə yaxınlaşır. Salamlaşırıq. Xatirə fotosu çəkdiririk. Məlum olur ki, Hacıbaba tədbirin təşkilatçılarından biridir. O, həmişə verilən tapşırıqları layiqincə yerinə yetirib. Bu, hazırkı THİK sədrini fərqləndirən əsas xüsusiyyətlərdəndir. 
 M. Arif tədbirin rəsmi hissəsini davam etdirirlər. O danışıqca öz tələbəliyimi xatırlayıram. 

 Müəllimlərimi, tələbələrimi müşahidə edirəm. Ola bilsin, bu, peşənin aşıladığı xüsusiyyətdir. 
 Bir məzun bizə yaxınlaşır, salam verir. Ona dərs deməmişəm, amma ilk dialoqumuzu xatırlayıram. Mənim müəllim olduğuma inanmamışdı. Yalnız digər tələbələrin müdaxiləsindən sonra, həqiqətən, fakültədə dərs dediyimdən əmin olmuşdu. Bunu özünə də xatırlatdım. Gülərək "Yadımdadır, ay müəllim" dedi. 
 Ötən semestr "KİV- in hüquqi tənzimlənməsi" fənnindən dərs dediyim bir qrup tələbə uzaqdan əl sallayır. Onlara yaxınlaşır, hər birini təbrik edir, "Yolunuz açıq olsun" deyirəm. 
 Əlbəttə, hər tələbənin müəllimə münasibəti eyni olmur. Əminəm ki, mənim dərs metodumu bəyənməyənlər də var. Bu, tamamilə normaldır. Ola bilsin, nə vaxtsa hansınınsa xətrinə dəymişəm. Yəqin, bunu da bağışlamaq olar. Bütün ehtimal olunan incikliklərə rəğmən, tam səmimiyyətlə deyə bilərəm ki, mənim üçün onların hər biri əzizdir. Çünki müəllimi müəllim edən məhz tələbədir.
 Məzun gecəsinin qeyri- rəsmi hissəsində ifaçılar səhnəyə dəvət olunurlar. Onların arasında gənclərin çox sevdikləri sənətçilər də var. Tələbə- müəllim heyəti rəqs edir, əylənirlər.
 Bir neçə tələbəm bu tədbirdə həm də jurnalist kimi iştirak edir. Belə ki, onlar artıq indidən istehsalatda çalışırlar. Həmkar- məzunlarımız reportajlar hazırlayır, təşkilatçılardan, müəllimlərdən və tələbələrdən müsahibə alırlar. Onlarla qürur duyuram. 
 İndiki kolleqalarımı və keçmiş tələbələrimi diqqətlə izlədiyimi görən bir həmkarımız qulağıma pıçıldayır:
- Deyəsən, müdaxilə etmək, nəsə demək istəyirsən...
Cavab verirəm ki, yox, buna ehtiyac yoxdur, onlar öz işlərini çoxlarından yaxşı bilirlər.
Bayaqdan bəri axtardığım, amma gözümə dəyməyən tələbələrimdən birinə mesaj yazır, harda olduğunu soruşuram. Cavab verir ki, işdən bir az gec çıxıb və gecikir.
 Tədbir təşkilatçıları bizə yaxınlaşır, bir problemin olub- olmadığını soruşurlar. Hər şeyin qaydasında olduğunu deyirik. Su, şirniyyat təklif edirlər. 
 Çalışdığım media qurumundan mənimlə birlikdə gələn yoldaşımız lazımi materialları hazırlayır. Mən isə vaxtımın büyük hissəsini tələbələrimə ayırmağa çalışıram. Bir də onları harda görəcəm ki? Hərçənd jurnalistika fakültəsinin yazılmamış qanunu var: (bu, bəziləri üçün hətta təsəllidir) jurnalistika fakültəsinin müəllim və tələbələri adətən bir- birilərindən ayırılmırlar. Çünki onlar gələcəkdə yenə - bu dəfə həmkar kimi görüşürlər. 
Bu düşüncələrdən məni telefonuma gələn zəng ayırır. Bayaq mesaj yazdığım tələbədir. Artıq çatdığını, arenada olduğunu bildirir. Elə ayağa qalxıb oturacaqlara göz gəzdirmək istəyirəm ki, məndən bir az sağda, yuxarı mertebeden təbəssümlə əl salladığını görürəm. Görüşürük. Onu da təbrik edirəm. Özünün nizam- intizamı, çalışqanlığı ilə fərqlənən tələbəl dostumuzun istehsal təcrübəsinin rəhbəri olmuşam. Təxminən bir aylıq müddət ərzində onun əzmkarlığına şahidlik etmişəm. Bu, gənc jurnalist nadir xarakterə sahibdir. Əminəm ki, gələcəkdə çox istedadlı jurnalist ola bilər. İşartılar indidən özünü göstərməkdədir. 
 Qəfil ağlıma gəlir ki, bu günlə bağlı bir reportaj yazım. Ona görə də telefonumla fotolar çəkirəm. Ümumiyyətlə, indi elə vəziyyət yaranıb ki, reportyor normal keyfiyyətli bir smartfonla çox işi yerinə yetirə bilər. Əvvəl isə belə imkan yox idi: gərək özünlə bloknot, qələm, diktafon, fotoaparat gəzdirəydin...Sözsüz ki, texnologiyanın ən çox təsir etdiyi sahələrdən biri məhz jurnalistikadır. 
 Tədbir öz axarı ilə davam edir. Təxminən onun yarısında arenadan çıxıram. Qapıdan çölə çıxıb yenicə bir neçə addım atıram ki, bir tələbəmiz mesaj yazır: "Müəllim, hardasız? Gəlin, şəkil çəkək". Cavab yazıram: "İnşallah, həmkar kimi çəkərik".  
 Onların- dərs dediyim tələbələrin bir çoxu ilə gələcəkdə həmkar kimi görüşəcəyimə şübhəm yoxdur. Hələlik isə, yolunuz açıq olsun, əziz dostlar. Görüşənədək...
Kənan Novruzov